Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4477/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-nin Gədəbəy rayon şöbəsinə qarşı (maraqlı şəxs qismində Dövlət Sığorta Şirkəti cəlb edilməklə) iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-nin Gədəbəy rayon şöbəsinə qarşı (maraqlı şəxs qismində Dövlət Sığorta Şirkəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq sığorta idarəsi tərəfindən onun evinin təmir olunmasına kömək göstərilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırki mülki iş üzrə iddia ərizəsində iddiaçı tərəfindən tələb aydın ifadə edilməmiş və tələbin əsaslandırıldığı hallar qeyd edilməmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən (AZ EMİS) müəyyən edilir ki, “xxxxxxxxxxxx” ASC-nin hüquqi ünvanı ünvan 1 üstəlik iddiaçı “xxxxxxxxxxxx” ASC-nin Gədəbəy rayon şöbəsinə qarşı iddia qaldırmışdır. Bir sözlə, iddiaçının iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə ünvanlanmasının səbəbi müəyyən edilmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni üçüncü şəxslər prosesdə tərəf hesab edilmirlər və məhkəmənin ərazi aidiyyəti məsələsi iş üzrə tərəflərə görə müəyyən edilir. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-nin Gədəbəy rayon şöbəsinə qarşı (maraqlı şəxs qismində Dövlət Sığorta Şirkəti cəlb edilməklə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4477/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4477/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver