Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4579/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyasının, əmlakın geri qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın və birgə nikah dövründəki borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyasının, əmlakın geri qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın və birgə nikah dövründəki borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qiyməti 450 manat olan ağ qızıldan nişan üzüyün, qiyməti 400 manat olan “Xiomi Redmi 8” markalı mobil telefonun və qiyməti 30 manat olan ayı oyuncağının, qiyməti 25 manat olan ütü feninin, qiyməti 25 manat olan hava feninin, qiyməti 10 manat olan İnqrid firmasının tonal kreminin, qiyməti 20 manat olan “X9” ətrinin alınaraq ona verilməsi, həmçinin dəyəri 70 manat olan “Panasonic” markalı ev telefonu üzərində bərabər payının müəyyən edilərək bölünməsi, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 1.284 manat borc məbləğinin 642 manatının və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 22 iyul 2019-cu ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 23 mart 2020-ci il tarixdə Rüqəyyə adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(001)-2317/2021 nömrəli qətnaməsi ilə cavabdehlə arasında olan nikahın pozulması qət edilmişdir. O, vaxtilə evdən çıxarkən bütün cehiz əşyaları, qiyməti 450 manat olan ağ qızıldan nişan üzüyü, 400 manat dəyərində “Xiaomi Redmi 8” markalı mobil telefonu və 30 manat dəyərində olan ayı oyuncağı, 25 manat dəyərində ütü feni ilə 25 manat dəyərində hava feni, 10 manat dəyərində tonal krem-İnqrid və 20 manat dəyərində “X9” markalı ətri evdə qalmışdır. Bir müddət əvvəl cavabdehin evinə gedib, cehiz əmlakının çox hissəsini götürmüşdür. Lakin, yuxarıda qeyd edilən əşyaları götürə bilməmişdir. Həmçinin, birgə nikah dövründə dəyəri 70 manat olan “Panasonic” markalı ev telefonu da almışlar. Hesab edir ki, həmin telefon da cavabdehlə aralarında bölünməlidir. Onu da qeyd edir ki, birgə nikah dövründə cavabdeh onun adına 27 avqust 2019-cu ildə "xxxx" ASC-dən “Birkart” kredit kartı götürmüş və bu günə qədər həmin kartdan istifadə edərək bu günə 1.284 manat borc yaranmışdır. 13 noyabr 2020-ci il tarixdə banka müraciət edib, həmin kredit xəttini bloklamışdır. Lakin, buna baxmayaraq 1284 manat borc qalmaqdadır. Hətta övladları üçün dövlət tərəfindən verilən 200 manat uşaq pulu da həmin karta olan borca görə çıxılmışdır. Həmçinin hər ay uşaq üçün ödənilən müavinətlər də, həmin borca görə faizə çıxılır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi şəkillərdə üzərində başqa qızıllar da var. Lakin, o, başqa qızılları istəmir. Yalnız özünə məxsus qızılları tələb edir. Cavabdeh birgə nikah dövründə ona “Xiaomi Redmi 8” markalı mobil telefon və ayı oyuncağı hədiyyə etsə də, ayrıldıqlarında onları da onun əlindən almışdır. O, birkartı cavabdehə vermişdir, cavabdeh istifadə edib, lakin borcu ödəməyib. O, 70 manat dəyərində olan “Panasonic” markalı telefonun dəyərinin yarısının cavabdeh tərəfindən ona ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçının tələb etdiyi qızıl üzük birgə nikah dövründə satılaraq evin ehtiyaclarına sərf edilmişdir. Belə ki, respublikada yayılmış koronovirus infeksiyasına görə tətbiq edilmiş sərt karantin rejimi əlaqədar heç biri işləməmiş, maddi qazancları olmamışdır. Bu səbəbdən də, onlar üzüyü satmış və satışdan əldə olunan pulu da ailələrinin xərclərinə görə sərf etmişlər. Digər tələb etdiyi əşyaların hamısı isə iddiaçı tərəfindən aparılmışdır. Belə ki, tonal krem, qadın ətri və digər əşyalar onun istifadə edəcəyi əşyalar deyil. Həmin əşyalar evdə qalsa idi, o məmnuniyyətlə qaytarardı. Lakin, bir daha vurğulayır ki, onda iddiaçıya məxsus heç bir əşya qalmamışdır. Daha sonra, iddiaçının payının müəyyən edilməsini xahiş etdiyi “Panasonic” markalı ev telefonu həqiqətən də birgə nikah dövründə 70 manata alınmışdır. Hazırda həmin telefonun dəyərinin yarısı olan 35 manatı iddiaçıya ödəməyə etiraz etmir. Bir kart isə iddiaçı özü öz ehtiyacları üçün sərf etmiş, həmin kartdan o , ümumiyyətlə istifadə etməmişdir. Bunlarla yanaşı bildirmək istəyir ki, iddiaçı birgə nikah dövründə işləyib gəlir əldə etsə də, lakin o, evin ehtiyacları üçün pul vəsaiti sərf etməmişdir. Belə ki, iddiaçı özünə kreditlə “Xiomi Redmi 8” markalı mobil telefon alsa da kreditin ödənişləri məhz onun tərəfindən həyata keçirilmişdir. Buna baxmayaraq, o, iddiaçıdan heç nə tələb etmir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(001)-2317/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 iyul 2019-cu il tarixdə 1 saylı “Bakı Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1937 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 23 mart 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 23 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 23 mart 2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək İddiaçı analıq məzuniyyətində olduğu müddət ərzində, Cavabdeh hər ay 30 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli “kredit kartı”na dair müqavilədən görünür ki, bank müştəriyə “birkart” verir, habelə həmin “birkart”a bağlı bütün istisnalar nəzərə alınmaqla, təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır, müştəri isə kredit xətti borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) banka ödəməyi öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş kartı üzrə çıxarışının surətindən görünür ki, X4 birkartı üzrə 01 dekabr 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixə mövcud borc 1.077,03 manatdır. Dövr üzrə son məxaric 02 fevral 2021-ci il tarixdə -7,97 manat, son mədaxil isə +239,7 manat məbləğində olmuşdur. Həmçinin hesabdan çıxarışlardan görünür ki, pul vəsaitləri həm birbaşa məxaric edilmiş, həm də “Araz” market, “Bravo” market, "xxxx" MMC, aptek və digər yerlərdə istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, bir ədəd hava feni, bir ədəd ayı oyuncağı və bir ədəd qutuda telefon mövcuddur. Digər 2 fotoşəkil toy məclisində çəkilmiş şəkildir. Bir fotoşəkildə isə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya üzük taxılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 22 iyul 2019-cu il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir övladları - 23 mart 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onlar arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə tərəflərin birgə nikahından olan uşaqları ananın, hazırki iş üzrə iddiaçının yanında qalmış və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Hazırda isə iddiaçı iddia ərizəsində göstərdiyi şəxsi əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını, ərizədə göstərilən birgə nikah dövründə alınmış “Panasonic” markalı telefonun cavabdehlə arasında bərabər qaydada bölünməsini, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 1.284 manat borc məbləğinin 642 manatının cavabdehdən onun xeyrinə alınmasını xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək birgə nikah dövründə əldə edilmiş “Panasonic” markalı telefonun dəyərinin yarısını, 35 manatını iddiaçıya ödəməsinə etiraz etmir, iddia tələblərini digər hissələrdə isə qəbul etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak,habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iddiaçının birgə nikah dövründə əldə edilmiş 1 ədəd dəyəri 70 manat olan “Panasonic” markalı telefonun üzərində cavabdehlə onun bərabər payların müəyyən edilməsi və bölünməsi tələbi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddia bu hissədə qəbul edilmiş, həmin əşyanın birgə nikahları müddətində əldə olunduğu bildirilmişdir. Ona görə də məhkəmə həmin əşyanın məhz tərəflərin birgə nikahları müddətində əldə olunmasını işin mübahisəsiz halı kimi qiymətləndirir və eyni zamanda diqqətə çatdırır ki, həmin əşya məişətdə istifadə olunan daşınar əşyadır və təbii haldır ki, onun üzərində tərəflərin 1/2 hissədə pay hüququnun müəyyən olunması və faktiki olaraq bölünməsi mümkün deyildir. Həmin əşya yalnız tərəflərin qarşılıqlı istək və razılığına uyğun olaraq ümumi dəyəri bərabər qaydada bölünməklə tərəflərdən birinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsində də təsbit olunmuşdur ki, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Hazırki məhkəmə iclasında hər iki tərəf mübahisəsiz qaydada birgə nikah dövründə əldə edilmiş “Panasonic” markalı telefonun dəyərinin 70 manat olmasını bildirərək, həmin əşyanın dəyərinin, yəni 70 manatın bölgüsünə razı olduqlarını bildirdilər. Beləliklə, qeyd olunan qaydada bölgünün hər iki tərəfin mənafeyinə uyğun və mübahisənin ədalətli həlli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə olunmuş dəyəri 70 manat olan “Panasonic” markalı telefon cavabdehdə saxlanılmaqla, cavabdehdən 35 manat məbləğində kompensasiya tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin “qiyməti 450 manat olan ağ qızıldan nişan üzüyün, qiyməti 400 manat olan “Xiomi Red Mİ 8” markalı mobil telefonun və qiyməti 30 manat olan ayı oyuncağının, qiyməti 25 manat olan ütü feninin, qiyməti 25 manat olan hava feninin, qiyməti 10 manat olan İnqrid firmasının tonal kreminin, qiyməti 20 manat olan “X9” ətrinin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd olunan iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən dəyərdə olan əşyaların israrla cavabdehdə olduğunu bildirsə də, lakin onların cavabdehdə olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı cavabdehdən nişan üzüyünü tələb etdikdə, cavabdeh həmin üzüyün birgə nikah dövründə satıldığını və satışdan əldə edilmiş vəsaitin ailə ehtiyacları üçün sərf edildiyini bildirmişdir. Cavabdehin qeyd olunan izahatına isə iddiaçı hər hansı bir etirazını bildirməmişdir. Ona görə məhkəmə sərbəst daxili inamını rəhbər tutmaqla belə nəticəyə gəlir ki, iddia tələbi bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 1.284 manat borc məbləğinin 642 manatının cavabdehdən tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı birkartı birgə nikah dövründə, yəni 27 avqust 2019-cu il tarixdə əldə etmişdir. Həmçinin o da müəyyən edildi ki, birkart üzrə 01 dekabr 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixə mövcud borc 1.077,03 manatdır. Dövr üzrə son məxaric 02 fevral 2021-ci il tarixdə (iddiaçının nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyi vaxt) -7,97 manat məbləğində olmuşdur. Məhkəmə iclasında cavabdeh, birkartın yalnız iddiaçıya məxsus olduğunu, həmin kartdakı pul vəsaitlərini iddiaçının öz ehtiyacları üçün sərf etdiyini, həmin kartdan onun ümumiyyətlə istifadə etmədiyini bildirsə də, məhkəmə cavabdehin qeyd etdiyi arqumentləri inandırıcı hesab etmir. Belə ki, hesabdan çıxarışlardan müşahidə olunur ki, birkartdan istifadə edilmiş pul vəsaitləri həm birbaşa məxaric edilmiş, həm də “Araz” market, “Bravo” market, "xxxx" MMC, aptek və digər yerlərdə istifadə edilmişdir. Belə olan halda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yaranmış 1.077,03 manat məbləğində borcun ailə ehtiyacları üçün sərf edilməsi kifayət qədər ağlabatan və inandırıcıdır. Buna görə də məhkəmə hesab edir ki, 1.077,03 manat məbləğində borc tərəflərin ümumi borclarıdır. Lakin, bunlarla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərinə görə ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1 və 500.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1 və 500.2-ci maddələrinin tələbləri nəzərə alındıqda isə müəyyən olunur ki, ər-arvad həmin öhdəliklər üzrə birgə borclulardır. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Göründüyü kimi, ailə və mülki qanunvericilikdə ər-arvadın ümumi öhdəliyini icra edən ərin və ya arvadın digər tərəfə qarşı ona məxsus pay həddində tələb irəli sürmək hüququ birbaşa nəzərdə tutulmamışdır. Lakin, qeyd olunan maddələrdən həm də müəyyən olunur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, onlar birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia “banka olan 1.284 manat borc məbləğinin 642 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bank qarşsında öhdəliyini icra etdikdən sonra ödədiyi pul vəsaitindən öz payını çıxmaqla qalan məbləğin reqres qaydasında keçmiş ərindən tələb hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən tələb edilən 20 manat məbləğində dövlət rüsumunun 5 manatı cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri 70 manat dəyərində olan 1 ədəd “Panasonic” markalı telefon Cavabdeh saxlanmaqla, həmin əşyanın dəyərinin yarısı, 35 (otuz beş) manat Cavabdeh alınaraq iddiaçı X3 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən tələb edilən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4579/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4579/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver