Məhkəmə qərarları › İş №2(001)-458/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-458/2025

29.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-458/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə aylıq əmək haqqı 669.71 manat olmaqla, “dizayner” vəzifəsi üzrə Cavabdeh MMC ilə 5E15AER4000402 saylı müddətli əmək müqaviləsi bağlamışdır. Həmin əmək müqaviləsi elektron sistemə əlavə edilmişdir. Baş verən hadisələrin faktiki hallarına əsasən, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “dizayner” vəzifəsi üzrə çalışmağa başlamışdır. Lakin cavabdeh 1 aylıq müddət ərzində onun əməyini əsassız sərf etmiş, onunla əmək müqaviləsi bağlamamışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən, iş saatlarının saat 09:00-dan 18:00a kimi müəyyən olunmasına baxmayaraq, cavabdeh müstəsna hallar olmadan işlədiyi müddət ərzində onu iş vaxtından əlavə işə cəlb etmiş, lakin buna müvafiq hər hansı bir ödəniş etməmişdir. Beləliklə, cavabdeh onun əməyinin əsassız sərf olunmasına və hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci bəndinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. O, öz növbəsində daim öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işinə məsuliyyətlə yanaşmışdır. Buna baxmayaraq, cavabdeh onun çalışdığı müddət ərzində sonuncu ödəməni xx.xx.2024-cü il tarixdə icra etmiş, eyni zamanda, ödənişləri gecikdirmiş, son haqq-hesabı ödəməmişdir. O, ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır. Cavabdehin bu qanunsuz və hüquqazidd hərəkəti bilavasitə onun Konstitusion hüququnu pozur. Həmçinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək əmək haqqını tanıyır və təmin edir. Eyni zamanda, X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Lakin işin cari hallarından da aşkar olduğu kimi, cavabdeh qeyd olunan normaların tələblərini kobud surətdə pozmuş, onu ödənişli əsaslar olmadan iş vaxtından əlavə əməyə cəlb etmiş, xx.xx.2024-cü il tarixdən etibarən aylıq əmək haqqını və 18 günlük məzuniyyət haqqını ödəməmiş, ödənişləri gecikdirmişdir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Belə olan halda yaranmış mübahisə nəticəsində, o, əmək müqaviləsinə xitam verilməsi və işdən öz təşəbbüsü ilə ayrılmaq qərarına gəlmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış xxxxxxx000402 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin cavabdeh indiyədək öz öhdəliklərini həyata keçirməmiş, sözügedən ödənişləri icra etməmişdir. Belə olan təqdirdə cavabdehin bu qanunazidd hərəkətləri onun pozulmuş Konstitusion hüquqlarının müdafiəsini şərtləndirir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Lakin cavabdeh bu şərti əsassız olaraq pozmuşdur. Ümumiyyətlə, şəxs öz əmək haqqısını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Ancaq o, bu imkandan qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhz bu səbəbdən cavabdehin qanunazidd hərəkətinə görə məsuliyyət nəzərdə tutulmalıdır. O, hesab edir ki, ona əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməsi qanunauyğundur. Buna müvafiq olaraq, gecikdirilmiş əmək haqqının hesablanma qaydası aşağıdakı kimidir: Gecikdirilmiş əmək haqqının hesablanması düsturu: Gecikdirilmiş əmək haqqı = Əsas əmək haqqı + (Əsas əmək haqqı x Gecikmə faizi x gecikmə günlərinin sayı/365) 1-ci ay üçün (8 fevral - 8 mart) gecikdirilmiş əmək haqqı = 669.71+ (669.71 x 1 x 70/365) = 798.29 manat, 2-ci ay üçün (8 mart - 8 aprel) üçün gecikdirilmiş əmək haqqı = 669.71 + (669.71 x 1 x 42/365)= 746.76 manat; 1 günlük əmək haqqının hesablanma düsturu belədir: 1 günlük əmək haqqı = aylıq əmək haqqı/ayda olan günlərin sayı; 1 günlük əmək haqqı = 69.71/30 = 22.30 manat; 10 günlük əmək haqqı (8 aprel - 18 aprel) = 223 manat; Bundan başqa, 1 günlük məzuniyyət haqqının hesablanma düsturu belədir: 1 günlük məzuniyyət haqqı = aylıq əmək haqqı/ayda olan günlərin sayı; 1 günlük məzuniyyət haqqı = 669.71/30= 22.30 manat; 18 günlük məzuniyyət haqqı = 401.40 manat; Cəmi: 798.29 manat + 746.76 manat + 223 manat + 401.40 manat = 2169.45 manat. Beləliklə, o, ödənilməmiş və gecikdirilmiş əmək haqqına və 18 günlük məzuniyyət haqqına görə ümumilikdə, 2169.45 manat məbləğində pul vəsatinin verilməsini məqsədəuyğun hesab edir. Sözügedən əmək mübahisəsini cavabdehlə məhkəmədənkənar həll elməyə çalışsa da, bunun bir nəticəsi olmamış, müraciətinə laqeyd münasibət göstərilmişdir. Bu səbəbdən tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən ona təqdim olunmuş sözügedən məktubda tərəfindən təqdim edilən əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona xx.xx.2024-cü il tarixdən etibarən aylıq əmək haqqının ödənilmədiyi, ödənişlərin gecikdirildiyi, son haqq-hesaba dair əməliyyatların aparılmadığı və müvafiq olaraq ödənişlərin edilmədiyi faktı bir daha öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən də, işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, tərəfindən qeyd edilən ödəmələrin 10 gün müddətində ödənilməsi və nəticəsi barədə həmin İdarəyə məlumat verilməsinə dair cavabdehə məktub ünvanlandığı da bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilməsi üçün mediasiya prosesinin tətbiq edilməsi barədə tərəfindən təklif göndərilsə də, cavabdeh X2 iştirak etməmişdir. Buna dair Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00867 saylı X2 iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, mübahisə məhz cavabdehin laqeydliyindən, etinasızlığından dolayı öz həllini tapmamışdır. Yuxarıda qeyd olunan tədbirlərin görülməsinə, inzibati cərimənin tətbiq edilməsinə baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq onun Konstitusion hüquqlarını pozmağa davam edir, tələblərə məhəl qoymur. Bütün bunlar onun əhəmiyyətli dərəcə stress, gərginlik, əsaslı sarsıntı keçirməsinə səbəb olur. O, hüquqlarının müdafiə edilməsi üçün davamlı olaraq müxtəlif orqanlara müraciət edərək, pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır, nəticədə isə, həm vaxt itirir, həm də kifayət qədər xərc çəkməli olur. Halbuki, cavabdeh qanunun tələblərinə riayət edərək qeyd olunan ödənişləri vaxtında icra etsə idi, onun da Konstitusion hüquqları pozulmazdı. Belə olan halda o, cavabdehin bilavasitə hüquqazidd hərəkətləri nəticəsində keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiyanın müəyyən edilməsini və həmin məbləğin 5000 manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edir. O, hesab edir ki, işçisahibkar-dövlət arasındakı qarşılıqlı əlaqə məhz layiqli həyatın möhkəm özülünü təşkil edir. Bu səbəbdən də, əməyin və işgüzarlıq keyfiyyətlərinin artımı, işçilərin hüquqlarının pozulmasının qarşısının alınması məhz ona münasibətdə layiqli həyat səviyyəsinin təmin edilməsinə əsas verəcəkdir. Bununla yanaşı, o, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi,mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Belə olan təqdirdə o, sözügedən prinsipləri əsas götürərək əmək hüquq münasibətlərinin tənzimlənməsi sferasında onun pozulmuş hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafıq hesab edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən onun hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sözügedən hallar və faktlar tərəfindən təqdim edilmiş dəlillərlə bilavasitə aşkar olunur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixdən Cavabdeh MMC ilə aralarında bağlanmış xxxxxxx000402 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək 1768.05 manat məbləğində gecikdirilmiş əmək haqqının, 18 gün əmək məzuniyyətinin əvəzi olaraq 401.4 manat məbləğində pul vəsaitinin, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtibatına görə ödənilmiş 50 manat məbləğində vəkil xidmət haqqı olmaqla, ümumilikdə 7219.45 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin mənəvi ziyan hissəsini azaldaraq 150 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00867 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00da keçirilmiş X2 İddiaçı iştirak etmişdir. Lakin Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, X2 nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 may 2024-cü il tarixli məktubdan görünür ki, idarə tərəfindən İddiaçı müraciətinə baxılmış və ona bildirilmişdir ki, müraciəti ilə əlaqədar araşdırmaya tərəflərindən müvafiq qaydada izahat və əmək haqqı bank hesabından çıxarış təqdim olunmuşdur. Həmçinin müraciətdə qeyd etdiyi məsələlərin araşdırılması məqsədilə tərəflərindən Cavabdeh MMC-nin Bakı şəhəri, Ağ şəhər Biznes mərkəzi, 5-ci mərtəbədə yerləşən ünvanına 3-17-5/2-K- 24933/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, lakin tələb olunan sənədlər müəssisə tərəfindən təqdim olunmadığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bundan başqa, təqdim etdikləri əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona xx.xx.2023-cü il tarixdə 798.83 manat, xx.xx.2024-cü il tarixdə 903 manat, xx.xx.2024-cü il tarixdə isə 597 manat ödəmələrin olduğu müəyyən edilmişdir. Lakin təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona sonuncu ödəmənin xx.xx.2024-cü il tarixdə ödənildiyi, eyni zamanda ödəmələrin gecikdirilərək ödənildiyi və son haqq hesabın ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh MMC tərəfindən sənədlər Xidmətin Bakı şəhər idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Eyni zamanda bildirilmişdir ki, tərəflərindən Cavabdeh MMC-nin vəzifəli şəxsinə qeyd olunan ödəmələrin 10 gün müddətində ödənilməsi və nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməsi məqsədi ilə 3-17- 5/229533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olması hazırki iş üzrə iddiaçıya izah olunmuşdur. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus 510307******5553 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 798.83 manat, xx.xx.2024-cü il tarixdə 903 manat, xx.xx.2024-cü il tarixdə isə 597 manat məbləğində ödəmələrin həyata keçirildiyi müəyyən edilmişdir. İş materiallarında olan mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı Vəkil bürosunun hesabına 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işçinin əsas hüquqlarının arasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ təsbit olunmuşdur. (9-cu maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Əmək haqqının verilməsi müddətlərini müəyyən edən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdən “dizayner” vəzifəsinə işə qəbul edilmiş, İddiaçı ərizəsi əsasında Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildikdən sonra Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. Həmin fakt, Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 may 2024cü il tarixli məktubla da, öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubdan görünür ki, idarə tərəfindən İddiaçı müraciətinə baxılmış və ona bildirilmişdir ki, müraciəti ilə əlaqədar araşdırmaya tərəflərindən müvafiq qaydada izahat və əmək haqqı bank hesabından çıxarış təqdim olunmuşdur. Həmçinin müraciətdə qeyd etdiyi məsələlərin araşdırılması məqsədilə tərəflərindən Cavabdeh MMC-nin Bakı şəhəri, Ağ şəhər Biznes mərkəzi, 5-ci mərtəbədə yerləşən ünvanına 3-17-5/2-K-24933/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, lakin tələb olunan sənədlər müəssisə tərəfindən təqdim olunmadığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bundan başqa, təqdim etdikləri əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona xx.xx.2023-cü il tarixdə 798.83 manat, xx.xx.2024-cü il tarixdə 903 manat, xx.xx.2024-cü il tarixdə isə 597 manat ödəmələrin olduğu müəyyən edilmişdir. Lakin təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona sonuncu ödəmənin xx.xx.2024-cü il tarixdə ödənildiyi, eyni zamanda ödəmələrin gecikdirilərək ödənildiyi və son haqq hesabın ödənilmədiyi müəyyən edilmişdir. Bununla da, bir daha təsdiq edilmişdir ki, əmək haqqının verilməsinin gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli xxxxxxx000402 saylı əmək müqaviləsi üzrə ödənilməmiş və gecikdirilmiş əmək haqqının əvəzi və istifadə olunmamış əmək məzuniyyətinin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulması təsdiq edildiyindən, onun mənəvi zərərə də məruz qalması ağlabatandır. Məhkəmə belə qənaətə gəlir ki, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi hissəsində də təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş və gecikdirilmiş əmək haqqının əvəzi olaraq 1768.05 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə nəzərdə tutulmuş 18 təqvim günü üçün 401.40 manat, mənəvi zərərə görə 150 manat və ödənilmiş hüquqi yardıma görə 50 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh MMC qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar