Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4630/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 11 dekabr 2019-cu il tarixdən 20 fevral 2020-ci il tarixədək ödənilməmiş əmək haqqının əvəzi olaraq 961 manat məbləğində pulun, son haqq-hesaba görə (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər ödəmələr) 55 manat məbləğində pulun və hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun işlədiyi 09.01.2020-ci il tarixdən 20.02.2020-ci il tarixədək müddət üçün əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh “X1 ” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alıb, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 09.01.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı hər ay 250 manat əmək haqqı ödənilməklə həmin tarixdə xadimə vəzifəsinə işə qəbul edilmişdir. 20.02.2020-ci il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırda Cavabdeh MMC tərəfindən onun işlədiyi 09.01.2020-ci il tarixdən 20.02.2020-ci il tarixədək müddət üçün əmək haqqının və son haqq hesabın ödənilmədiyini iddia edir və həmin müddət üçün əmək haqqının və son haqq hesabın ona ödənilməsini tələb edir. Qeyd edilən dövr üçün iddiaçıya əmək haqqının ödənildiyi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə xadimə vəzifəsinə işə qəbul edilmiş və 09.01.2020-ci il - 20.02.2020-ci il tarixlərində həmin vəzifəni yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vəzifəsinə uyğun olaraq ona əmək haqqının müəyyən edilməsinə baxmayaraq, ona hər hansı məbləğdə əmək haqqı ödənilməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab aparılmamışdır. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının işlədiyi müddətə (09.01.2020-ci il 20.02.2020-ci il tarixləri) uyğun olaraq cavabdeh tərəfindən ona son haqq hesab, o cümlədən əmək haqqı ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC-də xadimə vəzifəsində işlədiyi 09.01.2020-ci il – 20.02.2020-ci il tarixlər üçün son haqq hesabın, o cümlədən əmək haqqının İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-də xadimə vəzifəsində işlədiyi 09.01.2020-ci il – 20.02.2020ci il tarixlər üçün son haqq hesabın, o cümlədən əmək haqqının İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət mədaxilinə alınsın. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4630/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4630/2021
22.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver