Məhkəmə qərarları › İş №2(001)-464/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-464/2022

03.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-464/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh1, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının naturada və ya dəyərinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının naturada və ya dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya toy hədiyyəsi olaraq 4700 manata alınmış üzük, sırğa kolye və qolbağdan ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsasdırmışdır ki, o, cavabdehlərin oğlu X6İu ilə 21 yanvar 2019-cu ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olub. Evləndikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, dönga 4, ev 16-ya gəlin köçərək orada yaşayıb. Lakin tərəflər arasında faktiki olaraq ər-arvad münasibətləri pozulduğundan cavabdehlərin oğlu iddiaçıya qarşı "nikahın pozulması" tələbinə dair Cəbrayil Rayon Məhkəməsində iddia qaldırmşıdır. Gəlin köçərkən ona toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əmləklarını da həmin mənzilə aparmişdir. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Qaynanası yəni Cavabdeh1 və qaynatası onu oğlu Canla atasıgilə qonaq getmək və bir neçə gün qalmaq üçün göndərmişlər. O, uşağa bir-iki paltar götürərək aralarında hər hansı bir narazılıq olmadan getmişdir. O, evə qaytmaq istəsə də hər hansı bir səbəb göstərilmədən onun qayıtmağına razı olmamışlar və həyat yoldaşı ayrılmaq üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cehiz əşyalarını va qızıllarını tələb etməyə əmisi arvadını göndərsədə, qaynanası cavabında bildirmişdir ki, qızılları satıb özünü müalicə etdirib, qalan pulu da öz dərdinə-sərinə verib". İddiaçı qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin məhkəmə iclasında izahat verən Cavabdeh1 bildirmişdir ki, iddiaçıya toy hədiyyəsi olaraq verdikləri 4700 manata alınmış üzük, sırğa, kolye və qolbağdan ibarət qızıl dəstini o həyat yoldaşı ilə birlikdə gəlini Asiman evdən gedəndən sonra gəlininə və oğluna demədən 3700 manata satmış, həmin pulu Asimanın müalicəsi üçün aldıqları borcun qaytarılmasına sərf etmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 02.11.2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya toy hədiyyəsi olaraq alınmış üzük, sırğa kolye və qolbağdan ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyərinin 8000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03.03.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə poçt vasitəsilə ayrı-ayrılıqda ərizə ünvanlayaraq, mübahisə predmeti olan 4700 manat dəyərində qızıl-zinət əşyalarını 3700 manata sataraq, iddiaçının müalicəsi üçün götürülmüş borcun ödənilməsinə sərf etdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarını o, heç kəsə demədən tanımadığı şəxsə 3700 manata sataraq, iddiaçı Asimanın əməliyyatına görə yaranmış borcu qaytarmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da iddia tələbi qəbul etməyək bildirdi ki, həmin vaxt qızıl-zinət əşyalarının satılmasından xəbəri olmayıb, sonradan iddiaçının əməliyyatı üçün götürülən borcun ödənilməsi üçün satıldığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(001)-4153/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı iddia cehiz əşyaları və dəyəri 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, dəyəri 500 manat olan papatiya klonlu qızıl sep, dəyəri 500 manat olan qızıl sırğa, icra olunan vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri X3 alınaraq İddiaçı verilməsi hissəsində qismən təmin edilsə də, iddiaçının 4700 manata olan üzük, bir cüt sırğa, kolye və qolbağdan ibarət qızıl dəstinə münasibətdə təmin edilməmişdir. Belə ki, həmin hissədə iddiaçıya məxsus qızıl dəstin cavabdeh tərəfindən deyil, onun valideynləri tərəfindən satılması müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsində və həmin məhkəmə iclas protokollarında cavabdehlər iddiaçıya toy hədiyyəsi olaraq verdikləri 4700 manat dəyərində olan üzük, sırğa, kolye və qolbağdan ibarət qızıl dəstini Asiman evdən getdikdən sonra ona demədən 3700 manata sataraq, həmin pulu Asimanın müalicəsi üçün aldıqları borcun qaytarılmasına sərf etdiklərini etiraf etmişlər. - Məhkəmə Ekspertiza Mərkəzinin 13.01.2022-ci il tarixli, 9/8602 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində sadalanan və ümumi çəkisi 52 qram olan üzük, sırğa, kolye, klon və qolbağının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4680 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızılzinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların qanunsuz olaraq iddiaçıdan götürülüb-götürülməməsidir, yəni qızıl-zinyət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Qeyd edilən mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinyət əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (qızıl-zinyət əşyalarının iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. Həmçinin cavabdehlər digər məhkəmə işlərində və hazırkı iş üzrə məhkəmə iclasında mübahisə predmeti olan qızıl-zinət əşyalarının onlarda olduğunu və satdıqlarını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə cavabdehlərin etiraflarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mübahisə predmeti olan əşyalar satıldığdan və naturada mövcud olmadığından, onların dəyəri 4680 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4680 (dörd min altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada İddiaçı 50 (əlli) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğundan 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar