Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4647/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh xx xxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxx 2020-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşağın onun yanında saxlanması və bunun üçün cavabdehdən hər ay aylıq gəlirinin (başqa qazancının) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, dözülməz həddə çatmışdır. xx xxxxxx 2020-ci il tarixdən cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Hazırda nikahları formal xarakter daşıyır. Birgə nikahlarından doğulmuş uşaqları onun himayəsindədir və cavabdeh uşağın körpə olmasını nəzərə almayıb onun maddi təminatlarının ödənilməsində iştirak etmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin aylıq gəliri barədə rəsmi sübutu olmasa da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində əşya xidmət rəisi işləməklə maddi gəliri kifayət qədər yaxşıdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağın anasının himayəsində qalmasına və uşağın saxlanması üçün aylıq 170 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1 və 20.2 maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması, ailənin saxlanması qeyri-mümkün olduğundan və iddiaçı nikahın pozulmasında israrlı olduğundan İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. - 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yetkinlik yaşına çatmayan uşağın körpə olmasını, maraqlarını, mənafeyini, habelə bu barədə cavabdehin razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1. və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafelərini, fiziki cəhətdən inkişafı ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etdiyinə görə, məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 26 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahından olan uşaqları - xx xxxxx 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx xxxxx 2020-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4647/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4647/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver