Məhkəmə qərarları › İş №2(001)-4673/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4673/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4673/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 19 iyul 2023-cü il tarixdə nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk öncə qeyd edirəm ki, iddia ərizəsi tərtib olunan zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunmamışdır. Belə ki, iddia ərizəsində Cavabdeh qismində göstərilsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmiş, iddia ərizəsinə buna dair hər hansı sübut qoşma edilməmişdir. “Elektron məhkəmə” informasiya portalı vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Digər tərəfdən, iddia ərizəsində cavabdehin yaşayış ünvanı Bakı şəhəri, Nərimanov rayonu... kimi göstərilmişdir. Belə olan halda, iddiaçının hansı əsasla bu iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etməsi müəyyən edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. O da qeyd olunur ki, həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Hazırki halda iddiaçı öz ərizəsinə nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut, nə də əgər belə hal mövcuddursa, dövlət rüsumu ödəməkdən azad edilməsini təsdiq edən sübut qoşma etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar