Məhkəmə qərarları › İş №2(001)-4744/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4744/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4744/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki,tərəflər arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə pozulmuş və birgə nikahdna olan uşaq iddiaçının himayəsində saxlanılmışdır. Cavabdeh uzun müddətdir ki, qızı ilə maraqlanmır, ona heç bir maddi yardım göstərmir. İddiaçının təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il tarxidə X3 anadna olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-144/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 493 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası X2 yanında saxlanılması qət edilmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2020-cui il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-cu il tarixdən tutulmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar