Məhkəmə qərarları › İş №2(001)-4753/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4753/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4753/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X4rşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4rşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından doğulmuş Çağlar Ömər X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, iddiaçının xeyrinə hər ay 1000(min manat) sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 24 dekabr 2013-cü ildə rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından 18 noyabr 2013-cü il təvəllüdlü Çağlar X3 adlı övladları anadan olmuşdur. Aralarındakı nikah Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikahın pozulmasından sonra övladının onun yanında saxlanılması qərara alınmışdır. Məhkəmə nikahın pozulması ilə bağlı hazırki cavabdehin iddiasına baxarkən aliment tələbinə dair müraciət olunmadığını əsas gətirərək, alimentin tutulmasına münasibət bildirməmiş, halbuki, Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməkdir. Ailə münasibətlərinin pozulduğu vaxtdan cavabdeh övladı ilə maraqlanmır, onun maddi ehtiyaclarını qarşılamır. Cavabdeh tərəf övladının saxlanması üçün əvvəllər cuzi ödənişlər etmişdir ki, onunla da hazırki zamanda uşağın saxlanması qeyri-mümkündür. Cavabdeh inşaat sektorunda fəaliyyət göstərir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur.Kifayət qədər qazanc əldə edir. Nikahda olduqları müddətdə hər ay təxmini 3000-3500 manat gəliri olmuşdur. Alimentin cavabdeh tərəfindən könüllü ödənilməsi üçün məhkəmədən əvvəl tədbirlər görülməsinə baxmayaraq cavabdeh aliment ödəməkdən imtina etmişdir. Bu səbəblə də, aliment tələbləri məhkəməyə müraciət olunduğu gündən deyil, məhz məhkəmədən əvvəl rəsmi müraciətlərinə edildiyi dövrdən tutulmasını xahiş etmişlər. 06 sentyabr 2022-ci il tarixdə cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin hal-hazırda heç bir yerdə işləmədiyini və hər hansı bir yerdən maddi gəlir əldə etmədiyini, bu səbəbdən də tərəflərin birgə nikahlarından doğulmuş X11 Hasan Hüseyinin saxlanılması üçün cavabdeh tərəfindən hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat aliment ödənilə biləcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 282892 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 noyabr 2013-cü il təvəllüdlü X11 Hasan Hüseyinin atası X10, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(001)-641/2022 saylı qətnaməsinin surətindən görünür ki, X10 ilə Çağlar (Cəlalova)Nuranə Tahir qızı arasında xx.xx.2013-cü il tarixdə 1095 №-li akt qeyd ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 Hüseyinin anası Çağlar (Cəlalova) Nuranə Tahir qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 21 may 2022-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil1 və X7 nümayəndəsi Vəkil2 iştirak etmiş və ilkin mediasiya sessiyasiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, cavabdehin ayda 1000 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarının tələbləri nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh X6 uşağa görə hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi “31 may 2022-ci il tarixdən hesablanması” hissəsində təmin edilməməlidir. Çünki, iş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə - əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qeyd olunan maddələrin tələblərinə əsasən aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulmalıdır. Yalnız, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması müəyyən edilərsə - əvvəlki dövr üçün aliment 3 illik müddət həddində tutula bilər.Bu halda isə qeyd olunan halların mövcudluğu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən sübut olunmalıdır. Belə olan halda məhkəmə araşdırması zamanı iddiaçı tərəf Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulan halları, yəni “iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsini və aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmamasını” sübuta yetirməmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının uşağı ilə birlikdə ayrı yaşaması isə bu halların təsdiqi kimi qəbul edilə bilməz. Çünki, Qanunvericiliyin tələblərinə görə aliment alınması barədə müraciət etmək - yanında uşağı olan iddiaçıya məxsus subyektiv hüquqdur ki, həmin hüquqdan istifadə etmədən – qarşı tərəfi aliment öhdəliyi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlı təqsirli hesab etmək olmaz. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu 13 iyul 2022-ci il tarixdən başlayaraq, cavabdeh X6 İddiaçı xeyrinə 18 noyabr 2013-cü il təvəllüdlü X11 Hasan Hüseyinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, cavabdeh X6 dövlət nəfinə 43,16 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X6 İddiaçı xeyrinə 18 noyabr 2013-cü il təvəllüdlü X11 Hasan Hüseyinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X6 dövlət nəfinə 43,16 (qırx üç manat 16 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar