Məhkəmə qərarları › İş №2(001)-476/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-476/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-476/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, kitabların, sənədlərin, 1800 manat pulun və dövlət tərəfindən ödənilmiş müavinətin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, kitabların, sənədlərin, 1800 manat pulun və dövlət tərəfindən ödənilmiş müavinətin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı əmlak bölgüsü və s. tələblərə bağlı məhkəmə prosesinə getmişdir. Prosesdən çıxdıqdan sonra o, uşaqları ilə birlikdə yaşadığı evə getməzdən öncə atasıgilin məcburi köçkün kimi yaşadığı yataqxanaya getmişdir. Axşam vaxtı atası iddiaçı ilə qızını yaşadıqları evə gətirdi və onlar qapıya yaxınlaşanda iddiaçının açarı qapını açmadı. İddiaçı əvvəl elə bildi ki, qapı xarab olub, ancaq binanın mühafizəçisi onlara yaxınlaşaraq Cavabdeh bir polis əməkdaşı ilə evə gələrək qapının kilidini dəyişdirdiyini və əgər evə girsəniz ona xəbər verilməli olmasını bildirdi. İddiaçı dərhal 102 xidmətinə zəng edərək polislərin gəlməsini və qapının açılaraq evdə olan külli miqdarda əmlakının yerində olub-olmamasının araşdırılmasının və qapını sındırmağa görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmədi və iddiaçı ailəsi ilə birlikdə polis bölməsinə gedərək ərizə verdi. Polis əməkdaşları bütün bu cinayətlərə ər-arvad arasinda olan mübahisə deyib cinayət işinin başlanmasını rədd edərək mülki qaydada əmlaklarını tələb etmək hüququnu iddiaçıya izah etdilər. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda onun tələbi ona məxsus qızıl-zinət əşyalarının, evdə olan və cavabdeh tərəfindən götürülən 1800 manat məbləğində pulun, bacısına məxsus kitabların, ona və övladlarına məxsus doğum haqqında şəhadətnamələrin, ona məxsus orta məktəbi bitirməsi barədə şəhadətnamənin və cavabdeh tərəfindən mənimsənmiş 2040 manat müavinətin Cavabdeh alınaraq ona verilməsi ilə bağlıdır və məhkəmədən hüquqlarının bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddiaçının tələblərinin heç bir hüquqi əsası yoxdur. Qızıl-zinət əşyalarını özü gedəndə götürüb aparıb. Cavabdeh iddiaçının nə qızıllarını, nə də ki, pullarını harada saxlamasından məlumatsız idi. O, uzun müddət idi ki, iddiaçıdan ayrı yaşayırdı. Kitablar və sənədlərə qaldıqda isə onlar cavabdehə lazım deyil, harada və hansı formada saxlanılmasından məlumatı yoxdur və iddiaçı tərəfindən götürülməsinə heç vaxt maneə törətməyib. Müavinət tələbinə münasibətdə isə iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən cavabdehin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: - iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir; - mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; - mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu üç komponentin hamısının mövcudluğu öz təsdiqini tapır. Belə ki, iddiaçı tələb olunan əşyalardan 750 əyarlı, 38,6 qr çəkidə ağ qızıl dəstin (kolye, sırğa, bilərzik, üzük), 750 əyarlı, 36 qr çəkidə ağ qızıl dəsti (kolye, sırğa, bilərzik, üzük), 4,8 qr çəkidə bəxt üzüyü və 585 əyarlı, 11 qr çəkidə boyunbağının mövcudluğunu sübut etmiş, cavabdeh də həmin qızıl-zinət əşyalarının mövcudluğunu inkar etməmişdir. Göründüyü kimi, həmin əşyaların mövcud olması və onların iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Eyni zamanda bu kimi mübahisələrdə “evin tərk edildiyi şərait” sübut əhəmiyyətinə malikdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı evdən bir daha geri qayıtmamaq məqsədilə çıxmamış, məhkəmə iclasına getmiş, qayıdanda da qapının kilidinin dəyişdirildiyini aşkar etmiş və evə bundan sonra daxil ola bilməmişdir. Bu xüsusatlar iş materiallarında olan İddiaçı müraciəti əsasında Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində toplanmış materiallarla ilə öz təsdiqini tapır. Cavabdeh Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində verdiyi izahatda aşağıdakılar göstərilmişdir: “ ... ilkin olaraq qapının kilidini onlar dəyişmişdi çünki mən evə gələndə qapını aça bilmədim anladım ki, qapının kilidini dəyişiblər, məndə qapının kilidini sındırıb kilidi dəyişdim ki, evimə daxil ola bilim, paltarları da yığıb evin komendantının otaqına qoymuşdum ki, gəlib aparsınlar. Lakir gəlib aparmayıblar. Mən qızıl-zinət əşyalarını götürməmişəm. Cəmalə gedərkən qızıl-zinət əşyalarını özü ilə aparıb, amma ... 1700 manatı götürmüşəm çünki həmin 1700 manat mənə məxsusdur. O, yaşadığımız müddətdə mənim cibimdən götürdüyü və yardım kartından yığılan pullardır. ... qızıl-zinət əşyalarını götürməmişəm. Belədə ki, qızıl mənimdir, niyə götürməliyəm ki. Ümumiyyətlə evdən çıxıb valideynlərigilə gedəndə qızılları özü ilə aparırdı”. İzahatdan göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən tələb edilən 1800 manatın 1700 manatını etiraf etmiş və həmin pul ona məxsus olduğundan götürdüyünü göstərmişdir. Məhkəmə iclaslarında cavabdeh tərəfindən həmin pulun cavabdehə məxsus olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin uzun müddət ərzində mübahisəli şəkildə iddiaçıdan ayrı yaşamasının işin mübahisələndirilməyən halı olması nəzərə alınsa, cavabdehin özünə məxsus hər hansı pul məbləğini iddiaçının sahibliyində saxlaması əsaslı şübhə doğurur. Qızıl-zinət əşyalarına gəldikdə, cavabdeh qeyd etmişdir ki, iddiaçı hər dəfə valideynlərigilə gedəndə qızıl-zinət əşyalarını özü ilə aparırdı. Tələb olunan qızıl-zinət əşyalarının ümumi çəkisi və sayını nəzərə alaraq məhkəmə bunu inandırıcı hesab etmir. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, onlar məcburi köçkün ailəsi olduğuna görə, dövlət onlara hər ailə üzvünə 60 manat olmaqla müavinət verir, həmin pul ailə başçısı kimi cavabdehə məxsus olan hesaba oturur. Tərəflər arasındakı münasibətlər pisləşəndən sonra cavabdeh, həmin müddətdə qızı iddiaçının yanında yaşasa da, 2019-cu ilin may ayından 17 ay ona və qızına aid müavinətdən onları məhrum etmiş və həmin pulu onlara verməmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil tərəflərin 2019-cu ilin may ayından ayrı yaşadıqlarını təsdiqləmişdir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddia ərizəsinin iddiaçı tərəfindən bacısına məxsus olan kitabların tələb edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının bacısına məxsus olan hər hansı əmlak götürüldüyü halda, iddaçının bacısının cavabdehə qarşı iddia irəli sürmək hüququ var. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumi dəyəri 3474 manat olan 750 əyarlı, 38,6 qr çəkidə ağ qızıl dəstin (kolye, sırğa, bilərzik, üzük), ümumi dəyəri 3240 manat olan 750 əyarlı, 36 qr çəkidə ağ qızıl dəsti (kolye, sırğa, bilərzik, üzük), 4,8 qr çəkidə bəxt üzüyü və dəyəri 770 manat olan 585 əyarlı, 11 qr çəkidə boyunbağı və ya onlar olmadığı təqdirdə dəyəri; 1700 manat pul; 2040 manat 17 ay ərzində alınmış müavinətin əvəzi; iddiaçıya və övladlarına məxsus doğum haqqında şəhadətnamələr, iddiaçıya məxsus olan orta məktəbi bitirməsi barədə şəhadətnamə alınaraq İddiaçı verilməlidir Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 3474 (üç min dörd yüz yetmiş dörd) manat olan 750 əyarlı, 38,6 qr çəkidə ağ qızıl dəst (kolye, sırğa, bilərzik, üzük), dəyəri 3240 (üç min iki yüz qırx) manat olan 750 əyarlı, 36 qr çəkidə ağ qızıl dəst (kolye, sırğa, bilərzik, üzük), 4,8 qr çəkidə "bəxt" üzüyü və dəyəri 770 (yeddi yüz yetmiş) manat olan 585 əyarlı, 11 qr çəkidə boyunbağı və ya onlar olmadığı təqdirdə dəyəri; 1700 (min yeddi yüz) manat məbləğində pul; 2040 (iki min qırx) manat on yeddi ay ərzində alınmış müavinətin əvəzi; iddiaçıya və övladlarına məxsus doğum haqqında şəhadətnamələr, iddiaçıya məxsus olan orta məktəbi bitirməsi barədə şəhadətnamə alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar