Məhkəmə qərarları › İş №2(001)-4781/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4781/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4781/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 193 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki ailə quraraq evlənmişdir. Birgə nikahdan 10 oktyabr 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh lazımi səviyyədə uşağa baxmır, onun maddi tələbatını ödəmir. Uşağı tək saxlayıb böyütmək ona çətinlik törədir. Hətta cavabdeh başqa şəxslə faktiki olaraq evlənmişdir. O, hal-hazırda işləmir və yetkinlik yaşına çatmayan uşağın böyüməsi ilə məşğuldur. Maddi köməkliyə ehtiyacı var, lakin buna baxmayaraq cavabdeh qanunvericiliyiə uyğun olaraq ona maddi cəhətdən köməklik göstərmir. Cavabdeh iddiaya etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ailəsinin müdaxiləsinə görə ailəsi dağılmış və Laçın Rayon Məhkəməsi onun qaldırdığı iddiaya görə uşağı ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək görməyi üçün icazə verib. O, uşağına görə hər həftənin hər iki son günləri Mərdəkan qəsəbəsindən Məmmədli kəndinə gedib övladını götürüb onun üçün paltar alır, əyləncə mərkəzlərində gəzdirir, öz əlləri ilə yemək yedizdirir. Ananın laqeydliyindən və biganəliyindən uşaq özü yemək yeyə bilmir. Saat 17:00-da uşağı aparıb təhvil verir. Bunlardan başqa həftənin ara günləri iddiaçının anasına, bacısına pul verir, bayramlarda isə əlavə bazarlıqlarını edir. 4 yaşında olan uşaq indiyədək qorxu və sarsıntı içində olduğuna görə bu günə qədər danışa bilmir. Onlar bir ailədə bir evin içində 10 nəfərə yaxın qalır, səs-küydən, baxımsızlıqdan övladının üzündə heç bir təbəssüm görmür. Uşaq sanki taleyin ümidinə tərk edilmiş bir uşaq kimidir. Övladını hər dəfə götürəndə onun üzündə və bədənində göyərmə izləri aşkar etmişdir. Bu barədə icraçıya məlumat vermiş və o isə öz növbəsində onlara öz xəbərdarlığını etməyinə baxmayaraq iddiaçı tərəf bunlara heç bir məhəl qoymur və uşağın gözləri qarşısında onun üstünə hücum çəkirlər. Uşağa aldığı oyuncaqları iddiaçının anası uşağın və onun gözünün önündə qıraraq “mənə pul lazımdır, pul ver” deyir, bu da onlara uşağın yox, pulun marağında olduqlarını göstərir. Çünki 10 nəfərə yaxın ailədə heç kim işləmir. Uşağın onunla necə xoşbəxt olduğu, üzü güldüyü şəkillər onda var və uşağın iddiaçının bacısı tərəfindən necə döyüldüyünün uşağın dilindən video görüntüsü var. Onun aylıq ümümi maaşı 340 manatdır, əgər o, 193 manat alimenti onlara versə, onlar ailədə 10 nəfərə yaxındılar, həmin aliment pulunu özlərinə xərcləyəcəklər, övladı isə daha da baxımsız qalacaq və o, övladını görəndə hədiyyələr alıb gəzdirə bilməyəcək. Ən yaxşı halda hər ay 100 manat aliment verə bilər. Xahiş edir Qəyyumluq və Himayəçilik şöbəsi övladının orada qalmaq şəraitini yoxlasın, qız uşağının elə bir mühitdə böyüməsi düzgün deyil. Aliment pulunu o, ancaq uşağının anasına verə bilər, çünki indiyə qədər 2 ilə yaxındır ki, uşağını götürəndə və təhvil verəndə uşağının anasını görməmişdir və ona uşağı haqqında heç bir məlumat onlarda olan vaxtlar olmur. Xahiş edir övladı iddiaçıdan alınıb onun himayəsinə versin. Cavabdeh iddiaya yenə etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, o, halhazırda Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi işləyir və onun aylıq aldığı maaşı təqdim edilmiş arayışda 413 manat göstərilsə də, təmiz 352 manat alır. Onun başqa heç bir yerdən gəliri yoxdur. Onun yeməyi, içməyi, dolanışığı onun hər həftənin hər iki son günləri gedib uşağını görməyi, onu geyindirmək, yedizdirmək, gəzdirmək aldığı bu əmək haqqı üzərindədir. İddiaçının ondan tələb etdiyi 193 manat aylıq alimenti ödəməyə heç cürə imkanı çatmır. Əlavə heç yerdə də işləməyə gözündə olan xəstəliyə görə işləyə bilmir. Əgər gələcəkdə onun aylıq gəliri artarsa, övladının xatiri üçün alimentə müəyyən məbləğ əlavə edə bilər. Övladını iddiaçı ilə birlikdə o, işdə olarkən götürüb gediblər. O, onlardan heç vaxt imtina eməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh görüş zamanı uşağa heç nə almır, etirazda göstərdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək etirazlarının məzmununa uyğun izahat verdi və ondan 100 manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 360462 nömrəli 03 noyabr 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 199554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, Cavabdeh 17 iyun 2022-ci il tarixdən Birliyin 3 nömrəli yaşıllıq sahəsinə bağ fəhləsi işinə qəbul olunmuşdur və halhazırda işləyir. Onun orta aylıq əmək haqqı 413 manat təşkil edir. Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli 551 nömrəli arayışdan görünür ki, Rzayeva X2 Laçın rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin 10 oktyabr 2018-ci il təvəllüdlü Dəniz adlı uşaqları var. Hazırda iddiaçı cavabdehdən uşağın saxlanması üçün 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edir və 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirir. Beləliklə, məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü, cavabdehin az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 13 iyul 2022-ci il tarixdən başlayaraq 10 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarını nəzərə alaraq hesab edir ki, 43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13 iyul 2022-ci il tarixdən başlayaraq 10 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar