Məhkəmə qərarları › İş №2(001)-4791/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4791/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4791/2022 01.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 12 fevral 2008-ci il təvəllüdlü X9 və üçəm əkizlər – 20 dekabr 2009-cu il təvəllüdlü X4, X12, X10 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla ümumilikdə 1000 manat sabit pul məbləğində alimentin, habelə mediasiya xərci kimi ödədiyi 50 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 2006-cı ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından dörd uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2(006)-4915/2014 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqların onun yanında saxlanmaları və hər ay hər uşağa görə 103 manat olmaqla ümumilikdə 412 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan onun iddiası əsasında həmin məhkəmənin 06 oktyabr 2016-cı il tarixli, 2(006)-8717/2016 saylı qətnaməsinə əsasən, alimentin miqdarı hər uşağa görə 117 manat olmaqla ümumilikdə 468 manat sabit pul məbləğində müəyyən edilmişdir. 2018-ci ildə cavabdeh uşaqların hər iki valideynlə birgə yaşamalarını bəhanə gətirib, ona qarşı mənəvi və fiziki təzyiqlərə son qoyacağı vədi ilə ailə münasibətlərini bərpa etmək istəyini bildirmişdir. O, cavabdehə inanıb onunla barışmış, 4 il birlikdə yaşamışlar. Həmin müddətdə o, məhkəməyə ərizə ilə müraciət edərək aliment qətnaməsinin icrasından imtina etdiyini göstərmiş, məhkəmə qərardadı ilə alimentin tutulması ləğv edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, cavabdehin bu addımı əslində aliment öhdəliyindən yayınmaq niyyətli imiş. Ailə olaraq yaşadıqları dövrdə cavabdeh daim başqa qadınlara maraq göstərmiş, onu tez-tez döymüş, söymüşdür. Artıq 5 aydan çoxdur ki, cavabdeh onları atıb getmiş, nə onunla, nə də uşaqları ilə maraqlanmamış, onlara maddi köməklik etməmişdir. Halbuki, cavabdehin maddi imkanı kifayət qədər yaxşıdır, Zərdab rayonunda torpaq sahələri vardır, məhsul yığıb gəlir əldə edir, fermer təsərrüfatı mövcuddur. Bundan başqa, cavabdeh Zərdab rayon 32 saylı Yol İstismar İdarəsinin Asvalt-beton zavodunda rəis vəzifəsində işləyir, yüksək əmək haqqı alır. O özü ali təhsilli olsa da, uşaqların rejiminə görə işləyə bilmir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiaçının izahatında göstərilənlərdən əlavə olaraq bildirdi ki, cavabdehin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi vardır, cavabdeh ictimai təhlükəli şəxsdir, hətta iddiaçı cavabdehin fiziki təzyiqlərindən qorunmaq üçün müvafiq icra hakimiyyətinə müraciət edərək mühafizə orderi də almışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, rəsmi olaraq 777,7 manat əmək haqqı alır, günün böyük hissəsini çətin və ağır iş rejimində işləyir. Belə olan halda onun əlavə olaraq əkinçiliklə məşğul olmağı texniki cəhətdən mümkün deyildir. Onun iddiaçı ilə birgə paylı mülkiyyətində 3,67 ha. torpaq sahələri vardır. Həmin torpaq sahəsindən nə o, nə də iddiaçı istifadə etmir, ərazi istifadə olunmadığı üçün yararsız hala düşmüş, kol-kos basmışdır. İddiaçı Bakı şəhərində “Oriflame” firmasında işləyir, yaxşı qazanc əldə edir. Bundan əlavə, o, dəfələrlə uşaqlarına pay aparmağa çalışsa da, iddiaçı onu evə buraxmamış, payı qəbul etməmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın qismən təmin edilməsini, alimentin miqdarının onun aylıq qazancının 50 faizi miqdarında müəyyən edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12 fevral 2008-ci il təvəllüdlü X9, 20 dekabr 2009-cu il təvəllüdlü X4, 20 dekabr 2009-cu il təvəllüdlü X12 və 20 dekabr 2009-cu il təvəllüdlü X10 adlı uşaqları vardır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2(006)-4195/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X7 arasında 24 noyabr 2006cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqların analarının himayəsində saxlanmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 103 manat olmaqla cəmi 412 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qərara alınmışdır. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızı arasındakı nikah 13 noyabr 2014-cü il tarixdə pozulmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(006)- 8717/2016 saylı qətnaməsinə əsasən, həmin Məhkəmənin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilərək, X3 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Nəbiyeva (Soltanova) Günel Nəbi qızına ödənilməsi qərara alınmışdır. - Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(035)-09/2021 saylı qərardadından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(006)-8717/2016 saylı icra sənədi üzrə tələbindən imtina etdiyini bildirərək icra icraatına xitam verilməsini xahiş etmiş, həmin qərardada əsasən, ərizə təmin edilmiş, icra sənədi üzrə tələbdən imtina qəbul edilmişdir. - Zərdab Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 1(035)-36/2015 saylı hökmündən görünür ki, Cavabdeh 11 iyun 2014-cü il tarixdə saat 03:30 radələrində yaşadıqları Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən evlərində aralarında ailəməişət zəminində baş vermiş mübahisə zamanı arvadı (hazırda keçmiş arvadı) X6 yumruq və təpiklə döyərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, ona həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, qəti olaraq 200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, 06/2022 saylı “qısamüddətli mühafizə orderi”ndən görünür ki, İddiaçı 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilmişdir ondan ötrü ki, İddiaçı keçmiş əri Cavabdeh tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsi qadağan olunsun. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanının 1/3 hissəsi Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir; Zərdab rayonu, Dəliquşçu kəndində icarəsində 0,43 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində icarəsində 1 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 26 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində paylı mülkiyyətində (1/2 hissə) 3,67 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində 10 aprel 2000-ci il tarixli, JN-132 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh ümumi birgə mülkiyyətində 2,68 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; Zərdab rayonu, Dəliquşçu kəndində 23 avqust 2002-ci il tarixli, JN-132A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh ümumi birgə mülkiyyətində 0,2 ha. həyətyanı torpaq sahəsi vardır. - Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Dəli Quşçu kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 129 saylı arayışda göstərilmişdir ki, Cavabdeh 2022-ci ilin yanvar ayında ev təsərrüfatlarının uçotu aparılarkən heç bir fərdi təsərrüfatla məşğul olmadığını bildirmişdir. Hal-hazırda fərdi təsərrüfatla məşğul olmur. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh MMC-də ABZ rəisi işləməklə 2022-ci ilin yanvar-iyun ayları üzrə əmək haqqı kimi tutmalar aparıldıqdan sonra aldığı məbləğ 777,7 manat təşkil edir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən 3,67 ha. sahəli torpaq sahəsi üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə alimentin cavabdehin əmək haqqının 50 faizi miqdarında tutulması ilə bağlı cavabdehin izahatına, habelə iddia ərizəsinə etirazda göstərdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin rəsmi əmək haqqı 777,7 manat təşkil edir və belə olan halda alimentin onun əmək haqqının 50 faizi miqdarında müəyyən edilməsi uşaqların maddi təminatlarının qarşılanmasına kifayət edə bilməz. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Habelə, məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının onun təsərrüfatla məşğul olmaqla gəlir əldə etməsinə münasibətdə məhkəmə iclasında izahatında, habelə iddia ərizəsinə etiraz ərizəsində mülkiyyətində yalnız bir torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin də iddiaçı ilə paylı mülkiyyətdə olmaqla istifadə olunmadığını göstərsə də, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində 5 torpaq sahəsi vardır. Məhkəmə cavabdehin bu məzmunda izahatına tənqidi münasibət bəsləyərək, onun bu hərəkətini sübutları gizlətmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu) Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X2 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, təhsilləri ilə bağlı xərclərin mövcudluğunu, habelə, Qanunvericiliyin yuxarıda sadalanan müddəalarını, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 14 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (9264 manat) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 112 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirakla bağlı 50 manat dövlət rüsumu ödəmişdir. Həmin xərc məhkəmə xərclərinə aid edildiyindən, iddianın qismən təmin edilməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12 fevral 2008-ci il təvəllüdlü X9, 20 dekabr 2009-cu il təvəllüdlü X4, 20 dekabr 2009-cu il təvəllüdlü X12 və 20 dekabr 2009-cu il təvəllüdlü X10 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar