Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4833/2021 25.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili İddiaçı1 Arif oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərlərin əvəzinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) qarşı “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərlərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamaqlarına, ondan istifadə etmələrinə (mənzilə daxil olmaq hüquqları təmin edilməklə), cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə görə onlara vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 manat, mənəvi ziyan 2.000 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat ümumilikdə 7.030 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadırlar. Həmin mənzildə qeydiyyata alındıqları vaxtdan orada yaşamışlar. Lakin müəyyən səbəblərə görə müvəqqəti olaraq həmin mənzildən çıxaraq başqa mənzildə qalmalı olmuşlar. Qeyd edilməlidir ki, həmin mənzil əvvəllər onların mərhum qohumları X3 (İddiaçı2 münasibətdə qaynana və xala, İddiaçı3 münasibətdə ana, İddiaçı1 münasibətdə nənə) məxsus idi, sonradan isə o, 2018-ci ildə vəfat etdikdən sonra vərəsəlik qaydasında onların qohumu X5 mülkiyyətinə keçmişdir. X15 mərhum digər oğlu X6 arvadı (mərhum Adilə Bayramovanın gəlini) Cavabdeh qanunsuzluq və özbaşınalıq edərək mənzilin qapısının qıfılını dəyişdirərək, onları mənzilə buraxmaqdan imtina edir. Halbuki, onların orada yaşamaqları üçün qanuni əsasları vardır. Həmçinin, mənzilin hazırki mülkiyyətçisi X12 onların orada yaşamaqlarına etiraz etmir. Onlar bir ailədir. İddiaçı1 himayəsində azyaşlı övladı var. Cavabdehin qanunsuz hərəkətlərinə görə mənzilə daxil ola bilmirlər və bunun nəticəsində isə ondan nə istifadə edə bilir, nə də ki yaşaya bilirlər. Məsələ ilə bağlı hələ 2019-cu ilin sentyabr ayında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müvafiq şikayətlə müraciət etmişlər. Lakin bu müsbət nəticə verməmiş və onlara izah olunmuşdur ki, məsələ mülki xarakter daşıyır. Bu səbəbdən onlara məsələnin məhz mülki qaydada həll olunmalı olduğu bildirilmişdir. Ancaq bu vaxtdan bir ildən çox keçməsinə baxmayaraq cavabdeh işi sülh yolu ilə həll olunmasına şərait yaratmamış, onların mənzil hüquqlarını kobud surətdə pozmağa davam edir. Bu da yolverilməzdir. Cavabdehin bu qanunsuz, özbaşına hərəkətləri nəticəsində onlara hər ay maddi ziyan vurulur. Onlar məcbur olaraq uzun müddətdir ki, başqa mənzildə kirayədə qalırlar. Həmin mənzilə görə onlar hər ay 500 manat məbləğində kirayə haqqı ödəyirlər. Bundan əlavə, onların nə ümumi nə dəki ayrı-ayrılıqda heç bir daşınmaz əmlakları yoxdur. Beləliklə də, qalmaqları üçün başqa bir yaşayış sahələri yoxdur. Lakin cavabdeh buna baxmayaraq onların mənzil hüquqlarını kobud surətdə pozur. Baxmayaraq ki, həmin mənzillə bağlı cavabdehin hər hansı bir hüququ yoxdur. O, həmin mənzildə təkcə özü qalmaqla onların hamsının hüquqlarını kobud surətdə pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili İddiaçı1 Arif oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(001)-1630/2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Həmçinin, İddiaçı1 Arif oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili kimi izahat verərək bildirdi ki, mübahisəli evin mülkiyyətçisi olan X12 iddiaçıların mübahisəli mənzildə yaşamaqlarına, həmin mənzildən istifadə etmələrinə razıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi X9 məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış nasazlığa görə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə qeyd olunan vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİİ-ЖГ 479594 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X7 11 may 1985-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 avqust 1959-cu il təvəllüdlü İddiaçı2 yaşayış yeri ünvan 2-dir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı3 yaşayış yeri ünvan 2-dir. Azemis Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü İddiaçı1 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 81-dir. Azemis Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, 07 avqust 1974-cü il təvəllüdlü Cavabdeh yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədov küçəsi, ev 13-dür. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Elvin Bəşirov tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı1 və həmin mənzilə aidiyyəti olan şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin Qərarın təsviri hissəsində Cavabdeh izahatında qeyd etmişdir ki, 22 sentyabr 2019-cu il tarixdə kilidin dəyişdirilməsi üçün qardaşı Elşəndən özü xahiş etmişdir. Ailə qurduğu müddətdən bu günədək həmin evdə yaşadığını, həyat yoldaşının qohumları ilə heç bir probleminin olmadığını, lakin həyat yoldaşı X13 vəfat etdikdən sonra onun qohumları tərəfindən mütəmadi narahat edildiyini bildirmişdir. Həmin Qərarın təsviri hissəsində X9 izahatında qeyd etmişdir ki, ünvan 2 ünvanında bacısı Cavabdeh son 5 il müddət idi ki, orada ailəsi ilə birgə yaşayırdı. Lakin sonradan onun həyat yoldaşı vəfat etdikdən sonra maddi durumuna görə atası evinə yerləşmişdir. 22 sentyabr 2019-cu il tarixdə bacısının xahişi ilə həmin ünvana kilidi dəyişmək üçün getmişdir. Gec saatlar olduğundan qonşuları narahat etməmək üçün kilidi dəyişməmişdir. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 iyun 2019-cu il tarixdə ölmüş X2 vərəsəsi oğlu X10r və o, miras əmlakı almalıdır. Miras əmlak ünvan 2-dir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə 19 dekabr 2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(001)- 1630/2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri 11 saylı notariat kontoruna və X11 qarşı 04 iyul 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X13 tərəfindən 17 iyun 2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı X5 xeyrinə imtina etməsi barədə yazılmış ərizənin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, Cavabdeh dövlət rüsumuna görə 30 manat X5 xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (qeyd olunan qətnamə qanuni qüvvəyə minməmişdir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22 və 25 yanvar 2021-ci il tarixli məktublarının surətlərindən görünür ki, İddiaçı2 və İddiaçı3 adlarına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X5 25 may 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində notarial qaydada verdiyi ərizədən görünür ki, o, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan İddiaçı2, İddiaçı1 və İddiaçı3 həmin mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə razıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 27 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 16, 81 saylı mənzil 26 yanvar 1995-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. 26 saylı Dövlət Notariat Kontorunun 02 oktyabr 1996-cı il tarixli, 3M-A-630 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. 11 saylı Dövlət Notariat Kontorunun 18 dekabr 2019-cu il tarixli, 2v-168 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı3 tərəfindən Azadlıq prospekti 16-81 ünvanı üçün məişət tullantılarının yığılması və daşınmasına görə 14,4 manat kommunal xidmət haqqı ödənilmişdir. 01 fevral 2021-ci il və 15 may 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X11 (hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs) məxsusdur. Həmçinin müəyyən edildi ki, iddiaçıların hər üçünün də yaşayış yeri mübahisəli mənzildir. İddiaçılar tərəfindən həmin mənzildən istifadə edilməsinə mülkiyyətçinin razı olmasına baxmayaraq lakin qohumluq münasibətlərində olan Cavabdeh iddiaçıların mübahisəli mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə süni maneələr yaradır. Hazırda da iddiaçılar mübahisəli mənzilə daxil olmalarına, yaşamaqlarına və mənzildən istifadə etmələrinə cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsini, habelə cavabdeh tərəfindən onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. Göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisinin iddiaçıların həmin mənzildə yaşamalarına və həmin mənzildən istifadə etmələrinə razı olduğu halda, cavabdehin iddiaçılara yaratdığı maneələr qanunsuzdur. Belə ki, Azərbacan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə cavabdeh tərəfindən maneələrin törədilməsi qadağan edilməlidir. Məhkəmə iddia tələbinin “2.000 manat məbləğində mənəvi ziyanın tutulması” hissəsi ilə əlaqədar isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıların mənzildə yaşamaqlarına, həmin mənzildən istifadə etmələrinə qanunsuz maneələrin yaradılmasına görə iddiaçılar hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmək, daha sonra məhkəmədə ona qarşı iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, iddia ilə bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə iddiaçıların həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 150 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməli və həmin məbləğ cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, Azərbacan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “5.000 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində başqa mənzildə kirayə qaldıqlarını və bununla da onlara 5.000 manat məbləğində maddi ziyan dəydiyini bildirsələr də lakin qeyd olunanları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Təsvir olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə Cavabdeh tərəfindən maneələrin törədilməsi qadağan edilməli, Cavabdeh vurulmuş mənəvi zərərə görə 150 manat məbləğində vəsait tutularaq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçılar tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə Cavabdeh tərəfindən maneələrin törədilməsi qadağan edilsin. Cavabdeh mənəvi zərərə görə 150 (bir yüz əlli) manat məbləğində vəsait tutularaq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4833/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4833/2021
25.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver