Məhkəmə qərarları › İş №2(001)-4901/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4901/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4901/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxx 2010-cu il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, habelə əlavə xərclərə görə ayda 100 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehlə arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından olan Vaqif adlı uşaqlarının onun yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün isə cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Sonradan cavabdeh həbs olunaraq cəzaçəkmə müəssisəsinə yerləşdirildiyindən o, icra şöbəsinə ərizə ilə müraciət edərək aliment tələb etmədiyini bildirmiş, buna görə də icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda cavabdeh azadlığa buraxıldığından və onun uşağın tələbatlarını təkbaşına ödəməyə maddi imkanı çatmadığından o, aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)- 2695/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikahın pozulması, birgə nikahlarından olan xx xxxx 2010-cu il təvəllüdlü X2 adlı uşaqlarının İddiaçı İsgəndər qızının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. AZ-İ seriyalı, 246043 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx xxxxxxxx 2016-cı il tarixdə pozulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2016-cı il tarixli “icra sənədinin qaytarılması” barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra sənədi İddiaçı İsgəndər qızının ərizəsi əsasında geri qaytarılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı və digər xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 4901/2020 saylı qərardadına əsasən, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni çıxarılanadək uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində müvəttəqi alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi verildiyi xx xxxxxx 2020-ci il tarixdən qətnamənin çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində alimentin tutulması məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli müvəqqəti aliment barədə qərardadı ilə tənzimləndiyindən, hazırki qətnamə üzrə müəyyən edilmiş miqdarda alimentin tutulması xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istina etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehdən əlavə xərclərə görə aylıq 100 manat pulun tutulmasını xahiş etsə də, cavabdehin həmin pulu ödəməyə maddi imkanının olmasına dair məhkəməyə heç bir sübut təqdim etdmədiyindən, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2010-cu il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin miqdarda alimentin tutulmasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia digər hissədə rədd edilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar