Məhkəmə qərarları › İş №2(001)-4916/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4916/2025

02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4916/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə Əbülfət qızının, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan Nuray adlı övladları doğulmuşdur. Hazırda bir yerdə yaşasalar da cavabdeh uşağın heç bir maddi ehtiyaclarını ödəmir və köməklik göstərmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etiraz etmədiklərini, cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına razı olduqlarını bildirdi.

Mülki işin materialları:

5. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə Siyəzən rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur.

6. İş yerində dair arayışdan görünür ki, iddiaçı Cavabdeh “Hydroserv Caspian Limited” şirkətində çalışır və aylıq əmək haqqı 1698.29 manat təşkil edir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

8. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

9. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

11. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iddiaçının qazancının olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmasını nəzərə alaraq, alimentin 1/4 hissədə tutulmasını məqsədəmüvafiq hesab edir.

12. Belə ki, tərəflərin birgə nikahdan bir uşağı olduğundan və həmin uşaq iddiaçının yanında qaldığından, cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır.

13. Azərbaycan Respublikası AM-nin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarda aliment tutulur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə dərhal icra edilməlidir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddianın verilməsi üçün ödənilməli olan 71 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar