Məhkəmə qərarları › İş №2(001)-4920/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4920/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4920/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında ondan cavabdehin xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün bütün qazancının ½ hissəsi miqdarında aliment tutulmuşdur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt o, Standart İnsurance ASC-də aylıq məvacibi 250 manat olan işdə işləmişdir. X10 ilə rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü oğlu vardır. Bir valideyn kimi xx.xx.2014-cü il tarixdən qanuni qüvvəyə minmiş qətnamə əsasında nəzərdə tutulmuş alimenti ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixli qətnamədən irəli gələn alimenti ödəməkdə çox çətinlik çəkir, çünki gəliri buna imkan vermir. Standard İnsurance ASC-nin K-062/20 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən müəssisənin ləğv olunması ilə əlaqədar ştat ixtisarına görə o, tutduğu vəzifədən azad olunmuşdur. Hazırda heç yerdə işləmir, başqa gəlir yeri yoxdur və eyni zamanda Binəqədi rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınmışdır. O, 2020-ci ilə kimi uşağının məktəb ləvazimatlarını, paltar və başqa tələbatlarını qarşılamışdır. Cavabdeh İİ qrup əlilliyinə görə pensiya alır, evinin kirayə verilməsindən aylıq 200 manat gəlir əldə edir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1256/2020 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə xx.xx.2008ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin azaldılaraq hər ay 100 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1256/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7424/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4921/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1256/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1256/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli V ЖГ № 413339 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 104 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 088527 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4786 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X2r. ASC Standard İnsurance Sığorta Şirkətinin xx.xx.2020-ci il tarixli 2 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçi sayının ixtisarı) əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********3 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh DSMF Binəqədi rayon Xidmət nümayəndəliyindən İİ qrup əlilliyə görə 233,20 manat məbləğində pensiya alır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X7 Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ondan övladının saxlanması üçün aliment tutulmasına dair məhkəmə aktından şikayət versə də, onun şikayəti təmin edilməmiş, bunan sonra iddiaçı təyin olunan alimentin miqdarının azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə iddiaçı məhkəmə aktı ilə ondan tutulması qət edilən alimentin məbləğinin azaldılmasını iddia etsə də, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyindən, ata kimi iddiaçı da övladını saxlamaq, onun minimal tələbatını qarşılamaq vəzifəsi daşıdığından, təyin olunan alimentin miqdarının azaldılmasına əsas ola biləcək mötəbər, təkzib olunmaz sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbini əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1256/2020 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin azaldılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar