Məhkəmə qərarları › İş №2(001)-4931/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4931/2025

02.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4931/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh Mənzil Tikinti Kooperativindən onun xeyrinə 3000 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin dekabr ayında “Sea breeze” yaşayış kompleksində podratçı kimi fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndələri tərəfindən inşaat işləri aparmaq üçün usta kimi dəvət olunmuşdur. Cavabdehlə görəcəyi betonda kəsmə işlərinə görə 3000 manat əmək haqqına razılaşaraq, işə başlamışdır. Lakin cavabdeh tərəf onunla qanunamüvafiq qaydada və tələb etməyinə baxmayaraq, əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixindən 15 dekabr 2024-cü il tarixinə kimi o, “Sea breeze” yaşayış kompleksində cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edilərək, çalışdırılmış, işi bitirib təhvil verdikdən sonra Cavabdeh Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi X3 ilə əlaqə saxlayaraq, razılaşdırılmış əmək haqqını tələb etmişdir. Lakin cavabdeh tərəf onun əmək haqqını ödəməkdən imtina etmiş, bunu pulunun olmaması ilə izah etmişdir. Sonuncu dəfə 25 fevral 2025-ci il tarixdə cavabdeh tərəflə yenidən danışaraq, əmək haqqını tələb etdikdə, sonuncu onu təhqir etmiş, X3 və köməkçisi onu ölümlə hədələmişlər. Qanuni ona ödəniləsi məbləği almaq üçün o, X4 Xidmətinin Bakı şəhər İdarəsinə və rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokurorluğunun inzibati icraata başlanılması haqqında qərarına əsasən cavabdeh MTK-nın vəzifəli şəxsi X3 barəsində AR İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN1870208 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, “Sea Breeze” lahiyəsində tikinti işlərinin görülməsi ilə əlaqədar “Real MTK” onunla birgə 2 nəfər daha olmaqla 3 nəfəri dəvət etdi. Tikinti işlərinin görülməsi isə şaxtada olan betonun kəsilməsindən ibarət idi. Onları ora Əmiraslan adlı sahə rəisi dəvət etmişdi. O görüləcək işlərlə bağlı ümumi 3000 manat qiymət danışdı və rəhbəri adlandırdığı İlham adlı şəxslə danışdıqdan sonra işə başlamışlar. İşə başlamamışdan əvvəl əmək müqaviləsinin bağlanılmasını istəsələr də onlar bildirildi ki, 3-5 gündən ötrü əmək müqaviləsi bağlamağa ehtiyac yoxdur. Əmək haqqını isə iş görüldükdən sonra veriləcəyini bildirdilər. 10 gündən sonra işi təhvil versələr də, onlar pulu verməkdən yayındılar. Bundan başqa gördükləri işin keyfiyyəti barədə cavabdehlə aralarında heç bir narazılıq olmamışdır. Onun İlham adlı şəxslə telefon danışığı, həmçinin onun köməkçisi Aqil adlı şəxslə mesajları var. Həmin mesaj və telefon danışığını DVD diskə yükləmişdir və məhkəməyə təqdim edir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, səbəblərini və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İddiaçı xx.xx.2024-cü il tarixindən 15 dekabr 2024-cü il tarixinə kimi o, “Sea breeze” yaşayış kompleksində cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edilərək, çalışdırıldığını, lakin işi bitirib təhvil verdikdən sonra Cavabdeh Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi X2 razılaşdırılmış əmək haqqını ala bilmədiyini iddia edir.

7. Məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı xx.xx.2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə müraciət edilmiş, lakin müraciət müəllifinə bildirilir ki, nazirliyin X1 Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı ilə "xxxx" MTK arasında əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Əlavə olaraq bildirilir ki, Sabunçu rayon prokurorluğunun inzibati icraata başlanılması haqqında qərarına əsasən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN1870208 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkməsi tərəfindən İddiaçı ünvanlanan 3(001)- 4181/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncuya Cavabdeh Mənzil Tikinti-Kooperativinin Binəqədi Rayon Məhkəməsinin 3(001)-4181/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20000 manat məbləğində cərimə edilmişdir.

9. Təqdim edilmiş CD diskdə olan telefon danışıqlarından və votsap proqramındna olan ekran görüntüsündən görünür ki, iddiaçı ilə X3 arasında olan danışıqlardan sonuncu İddiaçı ödənilməli olan məbləğdən məlumatlıdır və ödəniləcəyinə dair vəd vermişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

12. 6-cı maddəsinin d) bəndinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

16. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

18. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

19. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

20. İddiaçı cavabdeh MTK ilə arasında əmək münasibətlərinin yarandığını və əmək müqaviləsi olmadan işçi kimi tələb edilən işin yerinə yetirilməsinə münasibətdə əmək haqqı almadığını iddia etsə də, əslində tələbin mahiyyətindən və iddiaçının dəlillərindən müəyyən edildiyi kimi tərəflər arasında yazılı müqavilə olmasa da, podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı podratçı kimi sifariş əsasında “Sea breeze” yaşayış kompleksində beton deşmə əməliyyatını icra etməyə və görüləcək işə münasibətdə 3000 manat məbləğində muzdun ödənilməsinə dair şifahi razılıq olmuşdur. İddiaçı özü də məhkəmə iclasında görəcəyi işin konkret sifarişdən ibarət olduğunu bildirmişdir.

21. Hazırda cavabdeh tərəfindən icra edilmiş işə münasibətdə iddiaçıya razılaşdırılmış muzdun ödənilməmişdir. Hansı ki, tədqiq edilən səs yazılarından aydın olur ki, iddiaçı həqiqətən icra etdiyi işin qarşılığında ödəniş almamışdır.

22. Həmçinin iddiaçının sifariş əsasında MTK tərəfindən işlərin görülməsinə cəlb edilmiş olması faktı Binəqədi Rayon Məhkəməsinin 3(001)-4181/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərara görə MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20000 manat məbləğində cərimə edilmişdir. Hansı ki, sözügedən norma Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

23. Cavabdeh isə məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq, keçirilmiş məhkəmə iclaslarında iştirak etməməklə yanaşı iddiya dair etiraz belə təqdim etməmişdir.

24. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

25. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyindən onun tələbi əsaslıdır. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

34. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

35. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

36. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

37. “X6” Azərbaycan Respublikası Qanununun:

38. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

39. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Nəticə:

40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativindən 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

41. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq, dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 3000(üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar