Məhkəmə qərarları › İş №2(001)-4946/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4946/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4946/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh atası Cavabdeh onun iki illik anasının ödədiyi 6000 manat təhsil haqqının yarısının, yəni 3000 manatın, həmçinin gələcəkdə ödəyəcəkləri iki il də 6000 manat pulun 3000 manatın cəmi 6000 manat pulun, 220 manat alimentin, həmçinin ödədiyi dövlət rüsumunu onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə anası X6 xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-283/2009 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar anasının yanında saxlanılmış, saxlanması üçün anasının xeyrinə hər uşaq üçün 70 manat aliment qət edilmişdir. Hazırda o, yetkinlik yaşına çatmışdır və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 3-cü kursda oxuyur. Anası heç yerdə işləmir, qohumlardan borc götürərək iki il üçün 6000 manat təhsil haqqını ödəyib. Bu barədə qəbzlər də vardır. Atası təhsil haqqı ilə ona heç bir köməklik göstərmir. Ona görə də cavabdehin əlavə xərclərə cəlb olunmasını xahiş edir. Həmçinin, atasının ona universitetdə əyani oxuduğu üçün 220 manat aliment ödəməsini də xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Beynəlxalq münasibətlər ixtisası əyani təhsilalma forması, ödənişli əsaslarla, Azərbaycan bölməsi İİİ (üçüncü) kurs tələbəsidir. AZ-İ seriyalı 325370 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası X1r. Bakı Şəhəri Binəqədi Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Ş.Məmmədova 30/97, bina 6, mənzil 14 ünvanında müvəqqəti məskunlaşmışdır. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində kredit borcu, xx.xx.2022-ci il tarixdə 600 manat və xx.xx.2022-ci il tarixdə 2402 manat məbləğində təhsil haqqı Bakı Dövlət Universitetinin hesabına ödənilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı əlavə xərc tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclər tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh X2 xeyrinə tutulan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun saxlanılmaları üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4861/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşağı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatdığından iddia rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, yetkinlik yaşına çatmış övlad özü (onun fəaliyyət qabilliyyəti varsa) məhkəmədə iddia qaldıra bilər. Bu halda valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, İddiaçı yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətlidir və hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə əyani formada, ödənişli əsaslarla, Azərbaycan bölməsi üzrə üçüncü kursda təhsil alır. Belə olan halda və qanunvericilik normalarını rəhbər tutaraq İddiaçı təhsil haqqının yarısını ödəmək vəzifəsini valideyni (atası) Cavabdeh üzərinə qoyula bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı artıq yetkinlik yaşına çatmış və fəaliyyət qabilliyətli şəxs olduğundan, iddia tələbi aliment hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar