Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5092/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və digər pul vəsaitinin verilməsi tələbi barədə mülki işə 27 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ödənilməmiş 7 ayın əmək haqqı olaraq 5250 manat məbləğində pul vəsaitinin, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzinin, cavabdehin təqsiri nəticəsində əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödənişin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması, habelə, vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh MMC tərəfindən 2016-cı ildə anbardar kimi işə qəbul edilmişdir və ona hər ay üçün 250 manat məbləğində əmək haqqı təyin edilmişdir. Həmin maaş bank kartına köçürülmüş, aralarındaki razılığa əsasən, hər ay əlavə 400-500 manat əmək haqqı ilə cavabdeh tərəfindən əlbəəl təqdim edilmişdir. 23 yanvar 2021-ci il tarixdə onun sonuncu iş günü olmuş, bundan sonra o, işə buraxılmamışdır. O, hansı səbəbdən işə buraxılmadığını öyrənməyə çalışsa da, ona cavab verilməmişdir. Həmçinin, pandemiya ödvründə əmək haqqı tam şəkildə ödənilməmiş, 2020-ci ilin oktyabr-noyabr aylarında əmək haqqı kartına 120 manat pul köçürülmüşdür. 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları və əmək müqaviləsinə xitam verildiyi günə qədər əmək haqqı hesablanaraq ödənilməlidir, lakin, ona 1750 manat, əlavə aylıq hesablama üzrə 2800- 3500 manat ödəniş edilməmiş əmək haqqı qalmaqdadır. Cavabdeh həmin puldan 120 manatını vermişdir. Bundan başqa, cavabdeh tərəfindən əmək kitabçasının verilməməsi səbəbindən o işləyə bilməmiş, borc almağa məcbur qalmış, nəticədə maddi zərərə məruz qalmış, həmçinin, dəfələrlə stress keçirmiş, həm də mənəvi zərər uğramışdır. Belə ki, əmək haqqından məhrum olması, sonda maddi vəziyyətinin pisləşməsi psixikasına ciddi təsir etmiş, sağlamlığı pozulmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cəmiyyətə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilsə də, cəmiyyət məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırdığı 05 apral 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “...Eyni zamanda, tərəfinizdən təqdim edilən əmək haqqınızın ödənilməsinə dair bank çıxarışından və izahatınızdan əmək haqqınızın cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci madəsinin 1-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürən tərəfindən ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu halda işəgötürən qanun pozuntusuna yol verərək buna əməl etmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - Kart hesabı çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının kart hesabına 2020-ci ilin 17 iyul tarixinədək stabil olaraq 237,75 manat məbləğində pul vəsaiti əmək haqqı qismində ödənilmiş, sonrakı mədaxillər kəsrlərlə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən bir hissəsi kimi təsbit edilmişdir. - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. - 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İş materiallarında olan kart hesabı çıxarışından görünür ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına 237,75 manat əmək haqqı qismində mədaxil sonuncu dəfə 17 iyul 2020-ci il tarixdə edilmiş, mədaxilin təyinatı bölməsindən müəyyən olunur ki, həmin ödəniş 2020-ci ilin may ayının əmək haqqıdır. Sonrakı ödənişlər 08 dekabr 2020-ci il tarixdə 2020ci ilin avqust ayının əmək haqqı qismində 241,4 manat, 10 dekabr 2020-ci il tarixdə 2020ci ilin avqust ayının əmək haqqı qismində 30 manat, 05 yanvar 2021-ci il tarixdə 2020-ci ilin oktyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 fevral 2021-ci il tarixdə 2020-ci ilin noyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 mart 2021-ci il tarixdə 2020-ci ilin dekabr ayının əmək haqqı kimi 120,62 manat, 2021-ci ilin yanvar ayının əmək haqqı kimi 119,37 manat edilmişdir. Yəni, faktiki olaraq müəyyən edilir ki, 17 iyul 2020-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya tam həcmdə əmək haqqı ödənişi edilməmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubda da öz əksini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Hazırki halda cavabdeh tərəfindən iddiaçıya bir neçə ay əmək haqqının verilmədiyi və ya əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az verilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən ona ödənilməmiş əmək haqqının hansı səbəbdən məhz 5250 manat təşkil etməsini təsdiq edən hər-hansı sübut təqdim olunmamışdır. Buna görə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 7 ayın əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, iddia gecikdirilmiş əmək haqqına görə 1 faiz miqdarında ödənc tutulması hissəsində tam təmin edilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi istifadə edilməmiş məzuniyyətin pulla əvəzinin ödənilməsi hissəsində də haqlı olduğundan iddia bu hissədə də təmin edilməli, onun istifadə olunmamış məzuniyyətin pulla əvəzi hesablanaraq cavabdeh tərəfindən ödənilməlidir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu, zərərin əvəzinin 3000 manat təşkil etdiyini göstərsə də, mənəvi zərərin konkret nədən ibarət olmasını, habelə, zərərin miqdarının hansı səbəbdən 3000 manat olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya ödənilməmiş yeddi ayın əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləği Cavabdeh MMC tərəfindən hesablanaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən məhkəmələrə verilən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı ödənilməmiş yeddi ayın əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləği "xxxx" MMC tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5092/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5092/2021
27.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver