Məhkəmə qərarları › İş №2(001)-5116/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5116/2021

16.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5116/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər iddiaçının mülkiyyətində olan "LADA VESTA" markalı, 99VG250 dövlət qeydiyyatı nişanlı avtomobilini gələcəkdə Cavabdeh 18050 manata satılması barədə razılığa gəlmiş və aralarında avtomobilin dəyərinin hər ay 750 manat olmaqla 24 ay müddətində ödəmək şərtilə cavabdehə satılması barədə 12 noyabr 2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır Həmin gün avtomobil və qeydiyyat şəhadətnaməsi cavabdehə təhvil verilmişdir. Cavabdeh 3 ay ərzində ödəniş etmiş, lakin iki aydır ki, ödəniş etmir və bununla da müqavilənin şərtlərini pozumuşdur. Ona görə də müqavilə ləğv edilməli, cavabdehdən iddiaçının mülkiyyətində olan "LADA VESTA" markalı, ** VG *** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq iddiaçıya qaytarılmalıdır. 12.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh 07.12.2020-ci il tarixdə hərəkətdə olan zaman **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nəqliyyat hadisəsi törətmişdir. Ağdaş Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 3(014)41/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və xəta nəticəsində 1100 manat maddi ziyan vurmuş və 20 mhanat cərimə edilmişdir ki, qeyd edilən ziyan nəqliyyat vasitəsinin üzərində qalmışdır. Lakin baş vermiş hadisəni bu günədək gizlətmiş eyni zamanda nəqliyyat vasitəsinə dəyən zərəri ödəmədən geri qaytarmışdır. Tərəflər arasında bağlanılmış 12.11.2020-ci il tarixli Müqavilənin 2.5-ci maddəsinə müvafiq olaraq, əsas müqavilə bağlananadək qəza və texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri tərəf olaraq Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. 30.07.2021-ci il tarixli Ziyan aktına əsasən LADA VESTA markalı, 99VG250 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 11695 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 12.11.2020-ci il tarixli, 3M-1253 saylı Müqavilənin ləğv edilməsinə, 99VG250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 11695 manat maddi ziyanın və nəqliyyat hadisəsi nəticəsində vurulmuş 1100 manat maddi ziyanın və 20 manat inzibati cərimənin, ümumilikdə 12715 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsinə və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.11.2020-ci il tarixli, 3M-1253 saylı İlkin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, İddiaçı satılacaq avtomobili 18050 manata Cavabdeh satmağı, sonuncu isə avtomobili 18050 manata almağı və satış məbləğini 15.12.2020-ci il tarixdən etibarən hər ay 750 manat olmaqla 24 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndində göstərilmişdir ki, Cavabdeh həmin avtomobilin özgəninkiləşdirilməsinə dair əsas müqavilə bağlananadək qəza və ya texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.7-ci bəndində isə göstərilmişdir ki, bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 3(014)- 41/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh 07 dekabr 2020-ci il tarixdə, saat 02:30 radələrində sərxoş vəziyətdə Ağdaş şəhəri, H.Əliyev prospektində 90 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək yolun solunda ağaca və elektrik dirəyinə vuraraq hadisə törətmişdir. Yol Nəqliyyatı hadisəsi nəticəsində Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə 1100 manat maddi ziyan dəymişdir. Buna görə 18 yanvar 2021-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cavabdeh məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və X3 markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili idarə etmək üçün müvafiq sənədlərinin olduğunu, 07.12.2020-ci il tarixdə saat 02:30 radələrində Ağdaş şəhərindən Elit Ticarət mərkəzi istiqamətinə evə gəldiyini, avtomobildə tək olduğunu, köhnə xəstəxananın dairəsini keçdikdən sonra avtomobilini təxminən 90 km/saat sürətlə idarə etdiyini, küçələrinə çatmağa biraz qalmış əyləci basdığını, lakin yerin yaş olduğunu üçün avtomobilinin sürüşdüyünü və yolun solunda olan ağaclara dəydiyini, daha sonra fırlanıb arxa hissəsinin işıq dirəyinə dəydiyini, hadisədən çiynindən xəsarət aldığını hiss etdiyini, daha sonra Ağdaş RMX-na gedib tibbi yardım aldığını, hadisə baş verən günü səhhər spirtli içki pivə içdiyini, lakin hadisə vaxtı ayıq olduğunu, həmin yerdə qarşı qarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün düz xətt olduğunu, həmin yerdə görüntü kamerası olmadığını, avtomobilində heç bir yük olmadığını, əməlindən peşman olduğunu bildirdi və ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi”. Ağdaş Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 3(014)-41/2021 saylı qərarı ilə xx xxxxxx 1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Ağdaş şəhəri,Məşəd küçəsi 5/16-da yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğundan Cavabdeh həmin maddə ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İş materiallarında olan "xxxx" ASC-nin X1 X2 tərəfindən verilmiş 30.07.2021-ci il tarixli Ziyan aktı ilə müəyyən edilmişdir ki, sıradan çıxmış ehtiyyat hissələrinin qiyməti 7855 manat, avtomobilin tam sökülüb yığılması, təmiri və rənglənməsinin xidmət haqqı isə 3840 manat olmaqla, cəmi dəymiş ziyan 11695 manatdır. İş materiallarında olan 20.10.2021-ci il tarixli, 9/6247 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... nəzəri hesablama yolu ilə "xxxx" ASC-nin 20.07.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Lada Vesta” minik markalı, 99VG250 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 11230 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddia ərizəsinin “1100 manat maddi ziyanın və 20 manat inzibati cərimənin” tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, qeyd olunan məbləğlərə münasibətdə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci il tarixli, 3M-1253 saylı İlkin alqı-satqı müqaviləsi ləğv edilməli və 11230 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmiş və sonradan iddianın həcmi artsa da, əlavə olaraq rüsum ödəməmişdir. Ona görə də, məhkəmə iddia ərizəsinin qismən – 87,63% hissədə təmin edilməsini nəzərə alaraq hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 26.29 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci il tarixli, 3M-1253 saylı İlkin alqı-satqı müqaviləsi ləğv edilsin. 11230 (on bir min iki yüz otuz) manat məbləğində dəymiş ziyanın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 10 (on) manat məbləğində dövlət rüsumu kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə, ödənilmiş dövlət rüsumunun 26,29 (iyirmi altı manat iyirmi doqquz qəpik) manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar