Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5119/2022 04.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adları aşağıdakı siyahıda göstərilən cehiz və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir:
1. Yataq dəsti
2. Qonaq dəsti mebeli
3. Mətbəx mebeli dəsti
4. Televizor
5. Soyuducu
6. Paltaryuyan
7. 2 ədəd xalça
8. Pərdələr
9. Pokrıval və əlavə hədiyyəli pokrıval
10. Yataq otağı üçün yataq dəstləri
11. Ütü stolu və ütü
12. Qazan dəstləri
13. Mikser
14. Tozsoran
15. Ətçəkən
16. Sokçəkən
17. Soba
18. Qəhvəbişirən
19. Padnoslar
20. 1,5 karat brilyant qaşla 1 sırğa dəsti, 1 üzük, 1 bilərsiz, 1 sep boyunbağından ibarət kompekt
21. 1 ədəd 585 əyarlı, 14-15 qram çəkili bilərzik
22. 1 ədəd 585 əyarlı, 6-8 qram çəkili üzük
23. 0,40-0,50 karat 4 brilyant qaşlı, 750 əyarlı, çəkili 6-8 qram olan üzük. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2310/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra cavabdeh ona evdə qalmış qızıl-zinət və cehiz əşyalarını götürməsi ilə bağlı təklif etsə də, sonradan həmin əşyaları verməkdən imtina etmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra özü iddiaçəya əşyaların götürülməsi təklifini etmişdir. İddiaçı bacısı ilə gəlmiş, həmin vaxt evdə onun qardaşı olmuş, iddiaçı özünə aid şəxsi əşyalarını (geyim və s.), eləcə də qızıl-zinət əşyalarını götürüb aparmışdır. Həmin vaxt evdə olan qardaşı iddiaçının konkret hansı əşyalar götürməsinə nəzarət etməmiş, ümumiyyətlə onlara yaxınlaşmamış, lakin iddiaçının bacısı ilə danışığından ona məlum olmuşdur ki, iddiaçı qızıllarını da götürmüşdür. İddia ərizəsində göstərilən cehiz əşyaları isə onun evindədir, o, həmin əşyaların çıxarılmasına etiraz etmir, həmin əşyalar icra məmuru tərəfindən siyahıya alınaraq evin bir otağına yığılmışdır. Sonda Cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 cavabdehin izahatında göstərilənlərə əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehdən qızıl-zinət əşyalarını tələb etməklə əsassız varlanmaq niyyətindədir. İddia ərizəsində iddiaçı özə də göstərmişdir ki, cavabdeh əşyaların götürülməsi ilə bağlı təklifi hazırki məhkəmə iclaslarından çox əvvəl iddiaçıya etmişdir. Hazırki məhkəmənin gedişində də müəyyən edilir ki, cavabdeh əşyaların götürülməsi ilə bağlı iddiaçıya heç bir məhdudiyyət yaratmamışdır. İddiaçı bacısı ilə cavabdehin yaşadığı, əşyaların yerləşdiyi evə gəlmiş, maneəsiz olaraq özünə məxsus əşyaları yığıb aparmışdır. Qızıl-zinət əşyaları da iddiaçının şəxsi əşyaları olan otaqda, özünə bəlli yerdə olduğu halda, iddiaçının həmin qızılları götürmədən evdən getməsi inandırıcı deyil. Sonda Vəkil1 məhkəmədən iddianın qismən, cehiz əşyaların qaytarılması hissəsində təmin, digər hissədə isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dəvət olunan X4 ifadəsində göstərdi ki, o, hüquqşünas olmaqla, mediasiya prosesində iddiaçı tərəfdən iştirak etmişdir. Həmin vaxt əşyaların götürülməsi ilə bağlı cavabdehlə əlaqə saxlanarkən, cavabdeh etiraz etməmişdir. Daha sonra cavabdehin atası ona zəng vuraraq iddiaçının şəxsi əşyalarını apararkən qızıl-zinət əşyalarını da götürdüyünü bildirmişdir. O, iddiaçı, onun qohumları ilə birlikdə cavabdehin evinə getdikdə qızılların saxlandığı qabın boş olduğunu görmüşdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dəvət olunan X3 ifadəsində göstərdi ki, iddiaçı anası və bacısı ilə birlikdə onların evinə gələrək şəxsi əşyalarını götürmüş, həmin vaxt o evdə olmuş, iddiaıçya heç bir maneə yaratmamışdır. İddiaçı evdə əsasən yataq otağından əşyaları toplamış, bəzi digər əşyaları üçün evin digər otaqlarına da keçmişdir. O isə iddiaçıya mane olmamaq üçün kənarda dayanmışdır. İddiaçının konkret hansı əşyaları götürdüyünü bilməsə də, aralarındakı danışıq zamanı qızılların yerini deməsindən belə müəyyən etmişdir ki, iddiaçı qızılları da götürüb. Mülki iş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, iddia ərizəsində göstərilən cehiz və qızıl-zinət əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə əlaqədar icra məmurunun, hal şahidlərinin və tərəflərin iştirakı ilə Cavabdeh yaşadığı ünvan 1 ünvanında iddiaçının göstərdiyi cehiz əşyaları bir otağa yığılmış, siyahıya alınmış, üzərilərinə həbs qoyulmuş, lakin qızıl-zinət əşyaları aşkar edilməmişdir. Cavabdeh qızıl-zinət əşyalarının iddiaçının özü tərəfindən daha öncədən götürüldüyünü bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində adları göstərilən cehiz əşyaların cavabdehin yaşadığı evdə olması işin mübahisəsiz halıdır və cavabdeh həmin əşlayarın iddiaçıya verilməsinə etiraz etmədiyindən, iddia cehiz əşyalarının qaytarılması hissəsində təmin edilməlidir. İddianın qızıl-zinət əşyalarının qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda iddia ərizəsində adları göstərilən qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə - cavabdehdə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, qızıl-zinət əşyalarının həmin evdə olmaması iş materiallarında olan aktla öz təsdiqini tapmışdır. Belə olan halda iddianın bu hissədə təmin edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində adları göstərilən cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 25 manat hissəsi, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manatın 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı iddiası qismən təmin edilsin. Aşağıda göstərilən cehiz əşyaları: - Yataq dəsti - Qonaq dəsti mebeli - Mətbəx mebeli dəsti - Televizor - Soyuducu - Paltaryuyan - 2 ədəd xalça - Pərdələr - Pokrıval və əlavə hədiyyəli pokrıval - Yataq otağı üçün yataq dəstləri - Ütü stolu və ütü - Qazan dəstləri - Mikser - Tozsoran - Ətçəkən - Sokçəkən - Soba - Qəhvəbişirən - padnoslar Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 25 manat, mediasiya xərci kimi 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev