Məhkəmə qərarları › İş №2(001)-5136/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5136/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5136/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2007-ci il təvəllüdlü Ağayeva Fidan Rövşən qızının və xx xxxxxx 2009-cu il təvəllüdlü Ağayeva Dilbər Rövşən qızının saxlanılması üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2007-ci li tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2007-ci il tarixdə Ağayeva Fidan Rövşən qızı və xx xxxxxx 2009-cu il tarixdə Ağayeva Dilbər Rövşən qızı olmuşdur. Cavabdeh Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(093)-29/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-6632/2019 saylı qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşaqlar onun himayəsində saxlanılmışdır. Hazırda uşaqları böyütmək, onların maddi və mənəvi ehtiyaclarını ödəmək onun öhdəsindədir. Cavabdehin və onun valideynlərinin maddi imkanları yüksək səviyyədə olmasına baxmayaraq, uşaqların saxlanılmasında ona heç bir maddi köməklik edilmir. Nikahın pozulması zamanı cavabdehin valideynləri cavabdehdən aliment tələb edilməsinə hər hansı zərurətin olmadığını, onun əvəzinə alimenti şəxsən ödəyəcəklərini bildirmişlər. O,da nikahın pozulması zamanı cavabdehdən alimentin tutulmasını tələb etməmişdir. Lakin sonradan cavabdehin valideynlərindən uşaqların saxanılması üçün pul istəsə də, onlar uşaqların saxlanılması üçün pul ödəməkdən imtina etmişdilər. Daha sonra o,cavabdehin valideyninə qarşı aliment tələbi barədə iddia qaldırmış, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddianı təmin etməmişdir. Göründüyü kimi o, nikahın pozulduğu tarixdən bugünədək uşaqlarının saxlanılması üçün alimentin alınmasına cəhd etsə də, bu cəhdlərin bir nəticəsi olmamışdır. Bu səbəbdən hesab edir ki, aliment məbləği xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkiliddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda Penitensiar müəssisədə saxlanılan Cavabdeh iddia ərizəsinin surəti göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilmişdir (məhkəmə onun məhkəmə iclasında iştirakının təmin edilməsinə hər hansı zərurət görməmişdir, cavabdeh də bu barədə müraciət etməmişdir). Lakin cavabdeh iddia ərizəsinə hər hansı formada münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxxx 2007-ci il tarixdə Ağayeva Fidan Rövşən qızı və xx xxxxxx 2009-cu il tarixdə Ağayeva Dilbər Rövşən qızı doğulmuşdur. Cavabdeh Bakı Hərbi Məhkəməsinin müvafiq hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda aidiyyəti penitensiar müəssisədə saxlanılır. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. İddiaçı hazırda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, xx xxxxxxx 2007-ci il təvəllüdlü Ağayeva Fidan Rövşən qızının və xx xxxxxx 2009-cu il təvəllüdlü Ağayeva Dilbər Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, iddianın “aliment məbləğinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanaraq tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında nikah məhkəmə qaydasında xx xxxxxxxx 2019-cu il tarixdə pozulmuşdur. Həmin icraat çərçivəsində iddiaçı cavabdehə qarşı alimentin tutulması tələbini irəli sürməmişdir. İddiaçı bunu cavabdehin valideynləri tərəfindən aliment məbləğinin ödənilməsi barədə verilmiş vədlə əlaqələndirir və cavabdehin valideynlərinin alimenti şəxsən ödəyəcəkləri barədə vəd verməsi səbəbindən cavabdehdən aliment tələb etmədiyini bildirir. İddiaçı cavabdehin valideynlərinə qarşı da alimentin tutulması barədə iddia ilə müraciət etmiş, lakin onun iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək, bu istiqamətdə tədbirlər görmüşdür. Bu hal onun cavabdehin valideynlərinə qarşı alimentin tutulması barədə iddia qaldırması ilə sübuta yetir. Lakin cavabdeh bundan sonra da uşaqların saxlanılması üçün aliment ödəməmişdir. Bu da öz növbəsində aliment ödəməli olan cavabdehin aliment verməkdən boyun qaçırması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə alimentin xx xxxxxxxx 2019-cu il tarixdən tutulmalı olması ilə razılaşmır və belə qənaətə gəlir ki, aliment məbləği xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, bu tarix iddiaçının cavabdehin valideynlərinə qarşı irəli sürdüyü alimentin tutulması barədə iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnamə çıxardığı tarixdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2007-ci il təvəllüdlü Ağayeva Fidan Rövşən qızının və xx xxxxxx 2009-cu il təvəllüdlü Ağayeva Dilbər Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidir. Qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 2007-ci il təvəllüdlü Ağayeva Fidan Rövşən qızının və xx xxxxxx 2009-cu il təvəllüdlü Ağayeva Dilbər Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar