Məhkəmə qərarları › İş №2(001)-5204/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5204/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5204/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş “iddia ərizəsinin forma və məzmuna” riayət etmədən tərtib etmiş, iddia ərizəsində tələblərini əsaslandırdığı halları qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalı, həmin tələblər ərizədə dəqiq ifadə olunmalı və tələbin əsaslandığı hallar sadalanmalıdır. Başqa sözlə, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsini tələb edən tərəf əmlakın nə vaxt, haradan, hansı əsaslarla əldə edildiyini, yəni əsaslandığı halları iddia ərizəsində göstərməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində göstərilməli olması barədə tələbi həm də onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbinin əsaslandığı halları iddia ərizəsində göstərmiş olsun. Halbuki, İddiaçı məhkəməyə sözügedən iddia ərizəsi ilə müraciət edərkən, cavabdehə qarşı yönəldilmiş bütün tələbinin əsaslandığı halları göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra o, təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar