Məhkəmə qərarları › İş №2(001)-528/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-528/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-528/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan ünvan 1 ünvanına ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan daha əvvəl cavabdeh tərəfindənxx.xx.2010-cu ildə “X5” MMC-dən mübahisəli mənzili 86 628 manat ödəməklə almış və mənzil tam təmirsiz olmuşdur. 2018-2019-cu illərdə iddiaçı şəxsi vəsaiti, yəni atası tərəfindən satılmış daşınmaz əmlakdan ona verdiyi 50.000 manat və əlavə öz qazancı hesabına mənzili təmir etdirmiş və ailəsi ilə birgə orada yaşamağa başlamışlar. İddiaçı Ailə Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, mənzil alınarkən uzun müddət təmirsiz olmuş və tərəflərin maddi imkanı olmadığından həmin mənzilə təmir etdirə bilməmişlər. Lakin iddiaçının atası özünə məxsus daşınmaz əmlakı satıqdan sonra oğluna mənzilin təmiri üçün 50000 manat pul vermiş və onlar həmin pulla mənzili tam təmir etdirərək orada yaşamağa başlamışlar. Məhz iddiaçının vəsaiti hesabına əsaslı təmirdən sonra mənzilin orta bazar qiyməti xeyli artmışdır. Məhz bu səbəbdən də iddia tələbi əsaslı olduğundan, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsaslanraq, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mənzil tərəflərin nikahından əvvəl Cavabdeh atasına verilib. O, da həmin mənzili qızının adına rəsmiləşdirib. Təmir işlərinə təkcə iddiaçının vəsaiti hesabına görülməyib, belə ki, cavabdeh özü işləyib və iddiaçıdan daha çox əmək haqqı alıb. Həmçinin cavabdehin valideynləri də daima ailəyə maddi köməklik göstərmişlər. Mübahisəli mənzilin hazırkı bazar qiyməti ekspert rəyinə əsasən təxminən 260 000 manatdır. Təmir xərcinə görə mənzilin qiymətinin bu qədər artması əsassızdır. Mənzil 2010-cu ildə 86 000 manata alınıb. Mənzilin alınmasından uzun müddət keçmiş, həmçinin daşınmaz əmlakların bazar dəyərinin artması səbəbindən mənzilin qiyməti hazırkı həddə çatmışdır. Təmir xərcinə görə mənzilin bölünməsi, pay hüququnun tanınması mümkün deyil. Odur ki, iddia tələbi əsassızdır. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, 2010-cu ildə şirkətdə mühəndis işlədiyi zaman şirkət borcunun bir hissəsinin əvəzində ona ev vermişlər. O, da həmin mənzili qızı Cavabdeh adına rəsmiləşdirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kooperativ binada mənzilin alınmasına dair 208 nömrəli, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Moskva prospekti 8 ünvanında "xxxx" MMC tərəfindən tikiləcək 4 saylı binada 10 nömrəli, 144.38 kv.m olan mənzil X4, mənzilin hər kv.m-nin dəyəri 600 manat olmaqla, cəmi 86 628 manata satılmışdır. - Mədaxil qəbzinə əsasən, xx.xx.2010-cu il tarixdə X7 tərəfindən "xxxx" MMC-yə tam ödəniş (əvəzləşmə) olaraq, 86 628 manat ödəniş edilmişdir. - “X10” MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 45 nömrəli arayışa əsasən, xx.xx.2010-cu ildə “X5 LTD” TŞ ilə bağlanmış müqavilədə göstərilən mənzilin sıra sayı “10” nömrə qeyd olunmuşdur. Sıralamanın müəyyən səbəblərdən nömrəsi dəyişildiyinə görə mənzil “6” nömrə ilə qeydə alınmışdır. - “X10” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 160 nömrəli arayışa əsasən, MTK-nın 4 (hazırda 43) saylı binasının 6-cı mənzilinin payçısı olan X4 məxsus mənzildə sayğacların quraşdırılma tarixinə əsasən mart 2018-ci ildə təmir işlərinə başlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-7982/2021 nömrəli qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 43, 6 saylı mənzil üzərinə qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazasında qadağa qoyulmuşdur. - AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə 5/20 hissəsi 100 000 (bir yüz min) manata “X11” MMC tərəfindən alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən, ünvan 4 ünvanında “X10” MTK binasında yerləşən 6 saylı mənzildə aparılmış təmir işlərinin dəyəri 45 346 manat təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş QXM 414/M saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri 190 000 manat, likvid dəyəri 180.000 manat, mənzilin təmir-bərpa və s. işlər üçün çəkilmiş xərclərin dəyəri 43000 manat müəyyən edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 10/2602 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri 263.520 manat (146.4x1800), 10% azalma əmsalı tətbiq edilməklə mənzilin likvid dəyəri 237168 manat, mənzilin təmir-bərpa və s. işlər üçün çəkilmiş xərclərin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 45 360 manat müəyyən edilmişdir. -internet portaldan əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Yasamal r-nu ərazisində 140-150 kv.m sahəsi olan təmirsiz mənzillərin qiyməti 140000-152000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. - 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 35-ci maddədə ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılmasının əsasları və şərtləri nəzərdə tutulub. Qanunun tələbinə görə: 1) nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı; 2) hər birinin şəxsi əmlakı; 3) və ya onların hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının(məsələn, nikaha qədər tərəflərdən birinə(ər və ya arvada) məxsus olan, yaşayış sahəsi, mənzil) dəyərini xeyli artıran vəsaitin qoyulması(əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayıla bilər. Ər-arvada məxsus olan əmlakın (evin,mənzilin) dəyərinin artırılması həm ona qoyulan vəsaitin hesabına, həm də ərin və ya arvadın bilavasitə əməyinin (əsaslı təmir, bərpa və s.)hesabına ola bilər. Hər iki halda əmlak ər-arvadın ümumi birgə əmlakı sayıla bilər. Əslində, maddədə göstərilən qayda ümumi qaydadan istisnadır. Lakin qanun real həyatdaola biləcək çeşidli situasiyaları fərqləndirmən ümumi halda müəyyən edir ki, ər-arvadın hər birinin əmlakı birgə mülkiyyət sayıla bilər. Ona görə də, ər və ya arvada məxsus evin, mənzilin və s. əsaslı təmiri, genişləndirilməsi və ya yenidən tikilməsi hallarında yeni əmlak üzərində tərəflərin payının hansı nisbətdə olacağı məsələsi açıq qalır. Beləliklə, hər bir halda mülkiyyətçilərin payı onların razılaşması ilə və ya məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulan mülkiyyətin obyektini bir qayda olaraq ər və ya arvada ilkin məxsus olan daşınmaz əmlak təşkil edir. Bu cür əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakın obyekti sayılması üçün iki halın mövcud olması vacibdir: 1) texniki -əsaslı təmir, yenidənqurma, dəyişdirmə və s. 2) hüquqi- yuxarıda qeyd olunan texniki halların hesabına obyektin qiymətinin əhəmiyyətli dərəcədə artmasının məhkəmə tərəfindən müəyyən edilməsi. Beləliklə, məqsəd ər-arvadın hər birinə məxsus olan əmlakın statusunun dəyişdirilərək, ər-arvadın birgə mülkiyyət hesab olunmasının müəyyən və təsdiq edilməsidir. Məhkəmə hesab edir ki, bu vəziyyətdə sərf edilmiş vəsait və əməyin hesabına dəyəri xeyli artmış əşyanın(əmlakın) ər-arvadın birgə mülkiyyətinə aid edilməsi deyil də, əşyanın(əmlakın), artmış dəyərin məbləğinə nisbətdə, müəyyən bir hissəsini aid etmək daha məqsədəuyğundur. Məhkəmə iddiaçının mübahisəli mənzilə payının hesablanmasını aşağıdakı kimi qeyd edir: - hazırda təmirli mənzilin likvid dəyəri təxminən ≈ 237000 manatdır; - 2018-ci ildə təmirə başlayan vaxt təmirsiz mənzilin dəyəri ≈145000 manat (kv.m≈1000 manat) təşkil edirdi; - 237000-145000= 92000 manat – mənzilin dəyərinin artdığı məbləğ; - 92000÷2=46000 manat – birgə nikah dövründə təmir olunduğuna görə ər-arvadın hər birinin payına düşən məbləğ; - mənzilin dəyərinin artığı məbləğin İddiaçı payına aid 46000 manat mübahisəli mənzilin likvid dəyəri kimi 237000 manatın təxminən 1/5 hissəsini təşkil edir: 237000÷46000≈5,1. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Odur ki, İddiaçı payı 1/5 hissə, qalan 4/5 hissəsi isə Cavabdeh payı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir ( iş üzrə dövlət rüsumunun cavabdehdən tutulması və iddiaçıya qaytarılmasına dair tələb yoxdur). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilə İddiaçı payı 1/5 hissə müəyyən edilsin, qalan 4/5 hissəsi isə Cavabdeh payı hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada İddiaçı 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 1000 (min) manat xidmət haqqının 50%-i yəni 500 (beş yüz) manatı İddiaçı, qalan 50%-i yəni 500 (beş yüz) manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar