Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5366/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvvəlki dövr üzrə 3 illik müddət nəzərə alınmaqla X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancından sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutulması, həmçinin alimentdən əlavə uşağın müalicəsi üçün cavabdehdən pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Artıq cavabdehlə ailə münasibətləri 2016-cı ildən pozulmuş, faktiki olaraq birgə yaşamırlar. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir köməklik göstərmir. Bu müddət ərzində uşaqları onun himayəsində qalmış, uşağın bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Hər bir uşağın mənəvi dəstəyə ehtiyacı olmaqla yanaşı, maddi dəstəyə də ehtiyacı vardır. Dəfələrlə bu barədə cavabdehə müraciət etməsinə baxmayaraq, heç qarşılıq verməmişdir. Hazırda uşaqlarını saxlamaq üçün müəyyən maddi çətinliklər mövcuddur. xx xxxxxx 2018-ci il tarixində məhkəmədə aliment ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə baxışı müddətində cavabdeh uşaqlarının maddi tələblərini qarşılayacağını bildirmişdir. Bununla əlaqədar olaraq məhkəməyə icraatın dayandırılmasına dair ərizə vermiş, lakin cavabdeh verdiyi sözü unudaraq yenə demək olar ki, heç bir maddi-mənəvi köməklik göstərməmişdir. Uşaqlarının maddi ehtiyaclarının ödənməsi üçün Cavabdeh maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafelərini nəzərə alaraq, eləcə də qanunvericilin tələblərinə uyğun olaraq cavabdeh uşaqlarının saxlanması xərclərinə şərik olmalıdır. Başqa sözlə cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi, Cavabdeh əvvəlki dövr üzrə 3 illik müddət nəzərə alınmaqla X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancından sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutulması, həmçinin alimentdən əlavə uşağın müalicəsi üçün cavabdehdən pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, qanunla nəzərdə tutulmuş miqdarda aliment ödəməyə razıdır. Xəstəliklə bağlı əlavə xərclərə cəlb edilməsi hissəsində iddia tələbini qəbul etmir. Hesab edir ki, bunlar bəhanədir, uşağı xəstə deyil. Uşağının xəstəliyi olacağı halda onu özü müalicə etdirəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı № 890305 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2006-cı il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi…. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə və Cavabdeh fərdi əməklə məşğul olaraq qazancının qeyri-müntəzəm və dəyişkən olmasına əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən bir uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı 170 (yüz yetmiş) manat müəyyən edilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Belə ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki dövr üçün 3 illik müddət nəzərə alınmaqla aliment tutulmasını xahiş etsə də, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. İddia tələbinin digər hissəsini atanın uşağa görə əlavə xərclərdə iştirakı təşkil edir. İddiaçı iddia edir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 onurğa əyriliyi xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. İddiaçı tələbinin əsası kimi 2 saylı Bakı Dəmir Yolu poliklinikası MMC Flüoroqrafiya Kabinetinin xx.xx.2020-ci il tarixli rentgen rəyinə istinad etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı Bakı Dəmir Yolu poliklinikası MMC Flüoroqrafiya Kabinetinin xx.xx.2020-ci il tarixli rentgen rəyindən görünür ki, Rəhimli Zəhrada xroniki bronxit kəskinləşməsi, solda haymozit skolyoz müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında alimentin tutulması barədə saziş yoxdur. Digər tərəfdən məhkəmə tərəfindən müəyyən olunmuş hal ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları – xx.xx.2006-cı il təvəllüdlü X2 xəstədir və müalicəyə ehtiyacı vardır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb olunmalı, ondan valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay sabit pul məbləğində 30 (otuz) manat miqdarında pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, «Dövlət rüsumu» haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Adı çəkilən Qanunun 8.1.1-ci maddəsində isə, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 (beş yüş) manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 500 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay 170 (bir yüz yetmiş) manat aliment və həmçinin X1 müalicəsi ilə əlaqədar hər ay 30 manat pul alınıb İddiaçı verilməli, cavabdehdən 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və həmçinin xx.xx.2006-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar hər ay 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5366/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5366/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver