Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5392/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 ananın yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Halbuki xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəflər ayrı yaşasalar da münasibətləri tam kəsilməmiş, telefonda (**********) Whatsapp yazışmaları davamlı şəkildə olmuş, cavabdeh ev üçün lazım olan xərcləri, bazarlıqları və digər vəsaitləri iddiaçının Whatsapp nömrəsinə yazıyla bildirmiş, iddiaçı isə ya həmin gün, ya da, bir gün sonra həmin ehtiyacları təmin etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin Cavabdeh bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosessində iştirak etmədiyindən, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, tələbin aliment borcunun silinməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5095/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5095/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi qət edilmişdir. - Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. - iş yerindən arayışdan görünür ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyində şöbə rəisinin müavini vəzifəsində işləyir və aldığı aylıq əmək haqqı 3117 manat təşkil edir. - kommunal ödənişlər üzrə qəbzlərdən görünür ki, cavabdehin uşaqlarla birlikdə yaşadığı Bakı şəhəri, Əliyar Əliyev küçəsi, 26/11N, mənzil 1082 üzrə müvafiq kommunal ödənişlər İddiaçı tərəfindən icra edilmişdir. - Whatsapp tətbiqindən çıxarışlardan görünür ki, 2022-ci ilin avqust-dekabr aylarında iddiaçı tərəfindən uşaqların bütün gündəlik tələbatları qarşılanmış, hətta müəyyən xərclər cavabdeh tərəfindən ödənildikdə belə, qəbzlər iddiaçıya göndərilmiş və iddiaçı ödənilmiş məbləğləri qarşılamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Digər tərəfdən, Ailə Məcəlləsinin 100.1-ci maddəsinə müvafiq olaraq, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici istənilən şəxsin deyil, məhz “aliment almaq hüququ olan şəxs»in «aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq” ərizə ilə müraciət etmək hüququna malik olduğunu qeyd etmişdir. Bu mənada məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.1 -ci maddəsində nəzərdə tutulmuş ərizəçinin aliment almaq hüququ həmin Məcəllənin 75.4-cü maddəsinin tələbləri baxımından nəzərdən keçirilərək qiymətləndirilməli və valideynin uşaqları saxlamadığı müəyyən edildiyi an həmin hüququn yaranması anı kimi qiymətləndirilməlidir. Maddənin dispozisiya şərtində göstərilən “aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq” ifadəsi isə belə hüququn yarandığı andan sonrakı istənilən dövrü nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması müddəası mübahisənin faktiki halları Ailə Məcəlləsinin 75.4-cü maddəsinin dispozisiya şərtinə uyğun olduğu halda (cavabdeh valideyn uşaqlarını saxlamadıqda) tətbiq edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hazırkı işin mübahisələndirilən hallarını Ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, nikahın pozulmasına dair mülki işin məhkəmədə baxıldığı müddətdə iddiaçı tərəfindən uşaqlarının saxlanılması iş materialları ilə təsdiq olunur və faktiki olaraq cavabdeh tərəfindən mübahisələndirilmir (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində də cavabdeh avqustdekabr ayları ərzində iddiaçının uşaqlara maddi yardım göstərməsini və qayğılarına qaldığını etiraf etmişdir). Belə olan halda iddiaçıdan həmin müddət üçün yenidən alimentin tutulması qanunsuz, əsassız və tərəflərin hüquqları arasında ədalətli tarazlığı pozmuş olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunmalı və həmin aylar üçün hesablanmış aliment borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001 )- 5095/2022 saylı qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunsun və həmin aylar üçün hesablanmış aliment borcu silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5392/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5392/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver