Məhkəmə qərarları › İş №2(001)-5429/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5429/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5429/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun himayəsində olan oğlu X2 200 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaq onun himayəsindədir, həyat yoldaşı ondan ayrı yaşayır və uşağın saxlanılmasında iştirak etmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2009-cu il tarixli, AZ-İ seriyalı, 509019 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 10 oktyabr 2009-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1353 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Novruzov”, arvada isə “Novruzova” soyadı verilmişdir.

6. AZE seriyalı, 11546110 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Cavabdeh ilə X4 10 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından 13 oktyabr 2011-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Tərəflər arasında olan rəsmi nikaha xitam verilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

9. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

12. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

14. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır. Lakin məhkəmə uşağın saxlanılması üçün tələb olunan aliment miqdarını qismən əsaslı hesab edir.

19. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi çıxış edir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2022-ci ilə görə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, alimentin məbləği uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində müəyyən edilməli, tələb digər hissədə təmin edilməməlidir.

21. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilən məlumata əsasən cavabdehin qüvvədə olan hər hansı əmək müqaviləsi yoxdur. Yəni iddiaçı cavabdehdən uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan artıq məbləğdə aliment tələb edirsə, o, cavabdehin həmin məbləği qarşılamaq iqtidarında olduğunu sübut etməli idi. Lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

22. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı 193 manat məbləğində müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

24. Odur ki, uşağın saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən başlanmalıdır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

26. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

31. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

32. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

33. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

34. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 17 avqust 2022-ci il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

35. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 43,16(193X12=2316- 1000=1316X0.1%+30=43.16) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixindən hesablansın İddia qalan hissədə təmin edilməsiin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 43,16 (qırx üç manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar