Məhkəmə qərarları › İş №2(001)-5523/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-5523/2025

07.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5523/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Açar sözlər: (əmək müqaviləsi, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:

1. İddiaçı cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 2100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin oktyabr ayından Bakı şəhər İcra Hakimiyyəti “Bakımənzilkommunlayihə” Layihə İnstitutunda EHM operatoru vəzifəsində çalışmışdır. Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayına kimi işlədiyi müddətdə hesablanmış 2100 manat əmək haqqını ödənilməmişdir.

İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. əlavə olaraq bildirmişdir ki, hər ay 570 manat əmək haqqı almışdır. Buna baxmayaraq 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayına kimi əmək haqqı ödənilməmişdir. Dəfələrlə əmək haqqının ödənilməsi üçün müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr irəli sürülməklə nəticədə əmək haqqı ödənilməmişdir. Hazırda həmin müəssisədə işləmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı izahatda qeyd olunmuşdur ki, İnstitutun işçisi İddiaçı iddia tələbinə dair o, Nümayəndə institutun müvəqqəti direktor əvəzi olaraq Sizə bildirmək istəyir ki, 17 aprel 2023-cü il tarixində onu öz ərizəsi ilə onunla Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə heç bir görüş olmadan və ona institutun maliyyə vəziyyəti haqqında heç bir məlumat verilmədən institutun müvəqqəti icraedici direktoru təyin olunmağı haqqında Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Eldar Əzizov tərəfindən əmr verildi. Onun bu yaşında olan həyati təcrübəsinə görə, Baş idarə rəhbərliyi hətta hansısa şöbə müdirini təyin etməzdən əvvəl onunla görüşüb tanış olur və sonra əmr imzalayır. Onun bu müddət ərzində dəfələrlə institutun vəziyyəti ilə bağlı Baş İdarə rəhbərliyinə rəsmi müraciətinə heç bir cavab verilməyib. Ona institut təhvil veriləndə heç bir maliyyə sənədi təqdim olunmayıb və o da maliyyə ilə bağlı heç bir öhdəçilik sənədinə imza atmamışdır. Ona sonradan bəlli olub ki, onun təyinatına qədər institutun 80000 (səksən min) manatdan çox borcu var imiş. O, bu məsələni ondan əvvəlki direktor X1 müxtəlif bəhanələrlə düzələcəyi vəd edilmişdir. İstitutun özü də müəyyən tenderlərdə iştirak edərək layihələr qazana bilər, amma institutun borcu olduğu üçün heç bir tenderdə iştirak edə bilmir. X4 özü də institutda baş memar vəzifəsindədir. Ölkənin qanunlarına görə işəgötürənin bir nömrəli borcu işçilərin əmək haqqını ödəməkdir ondan sonra başqa borclar. İnstitutun işçiləri də 2022-ci iln oktyabr ayından əməkhaqqı üzünə həsrət qalıblar, yəni onun təyin olunluğu vaxtdan 7 ay (yeddi ay) öncədən. O da baxdı ki, heç bir irəliləyiş edə bilmir, institutun fəaliyyətini dayandırdı və bu haqqda da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi şəkildə xəbərdarlıq etdi. Bu səbəbdən “Bakımənzilkommunlayihə” layihə institutu adından acizanə şəkildə xahiş edir ki, bütün bu problemləri öz zamanında yaratmış X3 məhkəməyə çağırılsın hər şey üçün cavab versin. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin mərkəzləşdirilmiş EİS iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən “Bakımənzilkommunlayihə” Layihə İnstitutunda EHM operatoru vəzifəsinə işə götürülmüşdür. - “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı işə qəbul olunduğu 2011-ci ildən 2020-ci ilədək bütün təqvim illərinin əmək mənzuniyyətindən istifadə edib, istifadə etmədiyi 3 təqvim ili-2020/2021 ;2021/2022;2022/2023 -cü təqvim illəridir.Hər təqvim ili üçün 27 t.günü (21+6) olmaqla cəmi 81 təqvim ğünü mənzuniyyət günü var. oktyabr 2022-ci il -481,15 manat, noyabr 2022-ci il-481,15 manat, dekabr 2022-cü il-254,58 manat, yanvar 2023-cü il - 254,58 manat, fevral 2023-cü il- 254,58 manat, mart 2023-cü il-109,73 manat, aprel 2023-cü il- 254,58 manat, may 2023-cü il-254,58 manat, iyun 2023-cü il- 263,52 manat, iyul 2023-cü il- 92,34 manat, cəmi 2700,79 manat. İnstituta verilən layihə sifarişlərinin xx.xx.2022-ci ildən tam kəsilməsi ilə əlaqədar xx.xx.2023-il tarixdən ödənişsiz məzuniyyətə buraxılmışdır. - İddiaçı maaş kartından çıxarışdan görünür ki, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayınadək hesabına 629,15 manat pul köçürülmüş, əmək haqqı məbləğləri köçürülməmişdir. - İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən bir hissəsi kimi təsbit edilmişdir. - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. - 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Əmək Məcəlləsinin 178-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan 2100 (iki min yüz) manat və 50 (əlli) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan 2100 (iki min yüz) manat və 50 (əlli) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar