Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5524/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2005ci il tarixdə Qazax rayon VVADQ şöbəsində 181 nömrəli qeyd ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından iki övladları – xx.xx.2006cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il tarixdə X7 anadan olmuşdur. Aralarında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(001)-2671/2010 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 onun yanında qalması müəyyən edilmiş və cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Sonradan o, 2013-cü ildə aliment miqdarının artırılması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2013 saylı qətnaməsi ilə birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Belə ki, uşağın saxlanılması xərcləri artmış, onun xərclərinin çəkilməsində o, çətinlik çəkir. Hal-hazırda xx.xx.2007-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosesi keçirilmiş, cavabdeh prosesin vaxtı və saatı barədə lazımi qaydada məlumatlandırılsa da prosesdə iştirak etməmişdir. Bu səbəbdən də, sözügedən mediasiya təşklilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-3423/2013 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarının dəyişdirilərək, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3423/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Axundova (Quliyeva) Sevinc Afiq qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01059 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsində “metodist” vəzifəsində işləməklə, aylıq əmək haqqısı 497 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “muhafizəçi” vəzifəsində işləməklə, aylıq əmək haqqısı 784 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahları Qazax rayon VVADQ şöbəsi tərəfindən 181 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmənin müvafiq aktına əsasən pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmaları müəyyən edilmiş və cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2013 saylı 03 may 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Axundova (Quliyeva) Sevinc Afiq qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2013 saylı 03 may 2013-cü il tarixli icra sənədinin icrası başladıqdan sonra ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdeh alimentin artırılmamasını xahiş etsə də, məhkəmə uşağın mənafeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2013 saylı 03 may 2013-cü il tarixli qətnaməsinə əsasən 09 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də Cavabdeh tutularaq iddiaçı Quliyeva (Axundova) Sevinc Afiq qızına ödənilməlidir. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2013 saylı 03 may 2013-cü il tarixli qətnaməsinə əsasən 09 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Quliyeva (Axundova) Sevinc Afiq qızının xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçı Quliyeva (Axundova) Sevinc Afiq qızının xeyrinə tutulsun. Cavabdeh 37.4 manat Azərbaycan Respublikası dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-5524/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5524/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver