Məhkəmə qərarları › İş №2(001)-553/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-553/2019

29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-553/2019 29.01.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi ilə İddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh qarşı sığorta ödənişinə görə 2888,60 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2918,60 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xalq Sığorta ASC Cavabdeh qarşı sığorta ödənişinə görə 2888,60 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2918,60 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Xalq Sığorta ASC-nin vəkili və nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki,Azertrans LTD MMC mülkiyyətində olan Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı minik avtomobilini 23.09.2017-ci ildən 22.09.2018-ci il tarixinədək yol-nəqliyyat hadisələrindən Xalq Sığorta ASC-də könüllü sığorta növündə sığortalamış, sığortalıya CSB200120900 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 06.04.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı avtomaşınla M.Muxtarov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yol ayırıcını keçmə qaydalarını pozmuş və nəticədə Xalq Sığorta ASC-də sığortalanmış Audi A6 markalı 10-AZ- 850 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Avtotəmir MMC tərəfindən verilmiş 17.04.2018-ci il tarixli 105 saylı nöqsan aktına əsasən, hadisə nəticəsində sığortalı avtomaşına 7988,60 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Sığortalı ilə iddiaçı arasında 100 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7888,60 manat müəyyən edilmiş, iddiaçı həmin məbləği 19.04.2018-ci il tarixdə 855 nömrəli ödəniş tapşırığına əsasən ödəmişdir. İş üzrə keçirilən ekspertiza ilə sığortalı avtomobilə vurulmuş ziyanın düzgün müəyyən edilmədiyindən həmin rəy sübut növü olaraq qiymətləndirilməməlidir. Belə ki, iddiaçının müraciəti əsasında sığortalı avtomobilə Avtotəmir MMC tərəfindən 17.04.2018-ci il tarixli 105 saylı nöqsan aktına əsasən, müəyyən edilən ziyanın məbləğini cavabdeh vaxtında mübahisələndirməmişdir. Cavabdeh idarə etdiyi Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı avtomaşın Ata Sığorta tərəfindən 07.05.2018-ci il tarixdə icbari sığorta növündə sığortalandığı üçün sonuncu Xalq Sığorta ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. Ona görə də Cavabdeh sığorta ödənişinə görə 2888,60 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2918,60 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. O, idarə etdiyi Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə 06.04.2018-ci il tarixdə saat 19:50 radələrində S.Məmmədova küçəsi ilə Nizami küçəsinin kəsişməsində yol ayırıcını keçmə qaydalarını pozaraq Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşduğundan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İddiaçı sığortaladığı nəqliyyat vasitəsinə dəyən ziyanı müəyyən edərkən ona məlumat verməmişdir. İddiaçının müəyyən etdiyi ziyan məbləği ilə razı deyildir. Onun bağladığı icbari sığorta müqaviləsinə əsasən iddiaçıya dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.ci mad.) Xalq Sığorta ASC-nin 20.09.2017-ci il tarixli avtomobilin sığorta şəhadətnaməsindən müəyyən olunur ki, Azertrans LTD MMC-nə məxsus Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 23.09.2017-ci il tarixdən 22.09.2018-ci il tarixə qədər şərtsiz azadolma məbləği 100 manat, sığorta məbləği 35000 manat, sığorta haqqı 875 manat, şərtsiz azad olma 100 olmaqla Xalq Sığorta ASC-də sığortalanmışdır. 19.04.2018-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Xalq Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 23.09.2017-ci il tarixdən 22.09.2018-ci il tarixə qədər 35000 manat dəyərində sığortalanmış Azertrans LTD MMC-nə məxsus Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomobilə 06.04.2018-ci il tarixdə S.Məmmədova küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 7988,60 manat, sığorta ödənişi 7988,60 manat, 100 manat şərtsiz azadolma müəyyən edilmiş, 7888,60 manat zərər məbləği avtomobilin təmiri üçün Avtotəmir MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Avtotəmir MMC-nin 17.04.2018-ci il tarixli 105 saylı nöqsan aktından müəyyən olunur ki, Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomobilin Avtotəmir MMC-də təmir xərclərinin 7988,60 manat olması müəyyən edilmişdir. Xalq Sığorta ASC-nin 19.04.2018-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Xalq Sığorta ASC sığorta ödənişi olaraq Avtotəmir MMC-yə 7988,60 manat ödəmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Baş Dövlət Yol Polisi İdarəsinin 06.04.2018-ci il tarixli TYP 118426 saylı inzibati xəta haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi Toyota Prado markalı **-TU-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə 06.04.2018-ci il tarixdə saat 19:50 radələrində S.Məmmədova küçəsi ilə Nizami küçəsinin kəsişməsində yol ayırıcını keçmə qaydalarını pozaraq Audi A6 markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşduğundan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 29.11.2018-ci il tarixli 27739 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Avtotəmir MMC-nin 17.04.2018-ci il tarixli akt məlumatlarına əsasən 2014-cü il buraxılışlı Audi A6 minik markalı **-AZ-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5050 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının sığortaladığı nəqliyyat vasitəsinə dəymiş ziyanın 5050 manat olması, cavabdehin bağladığı icbari sığorta müqaviləsinə əsasən Ata Sığorta tərəfindən Xalq Sığorta ASC-yə 5000 manat ödənilməsi, iddiaçının bağladığı sığorta müqaviləsinin şərtlərinə əsasən 100 manat azad olma nəzərdə tutulması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş zərərə görə 2888,60 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2918,60 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətindən ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar