Məhkəmə qərarları › İş №2(001)-5535/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5535/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5535/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi ilə İddiaçı Cavabdeh aliment tələbi ilə bağlı xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 246 manat olmaqla cəmi 984 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində vurğulamışdır ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir.

4. İddia tələbi üzrə mülki işin icraata qəbulu zamanı məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7997/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “alimentin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş və tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. - Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). - 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

8. Məhkəmə mülki prosessual qanunvericiliyin bu qərardadın 6-cı bəndində istinad edilmiş tələblərini, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bu qərardadın 7-ci bəndində istinad edilmiş qərarının göstərişlərini nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında “aliment tələbinə dair” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7997/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan və həmin qətnamə ilə alimentin sabit pul məbləğində cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edildiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

9. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilən Plenum qərarında da qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Bu isə onu göstərir ki, iddiaçı hazırda “sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi ilə deyil, qanuni qüvvəyə minmiş qətnamə ilə sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsi üçün ərizə ilə icra icraatı çərçivəsində məhkəməyə müraciət etməli idi. Çünki, sabit pul məbləğində alimentin tutulması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7997/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir.

10. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır.

11. Beləliklə də məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. İddiaçıya qanuni qüvvəyə minmiş qətnamə ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar