Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5583/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, Cavabdeh2 MMC-yə və Cavabdeh3 “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə ödənilməli olan 6118 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin sentyabr ayında “Zəfər parkı” layihəsində podratçı kimi fəaliyyət göstərən Cavabdeh1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri – sahə rəisi Erkan və direktor vəzifəsində işləyən Rizvan adlı şəxslər tərəfindən inşaat işləri aparmaq üçün dəvət olunmuşdur. Layihədə görəcəyi betonda kəsmə işlərinə görə cavabdehlə aralarında 11118 manat məbləğində əmək haqqına razılaşaraq işi başlamışdır. Lakin cavabdeh tərəf onunla qanunamüvafiq qaydada və tələb etməsinə baxmayaraq, əmək müqaviləsi bağlamamış və bunu onunla izah etmişdir ki, adətən 1-2 aylıq işlərə görə əmək müqaviləsi bağlamırlar. Ödənişin necə ediləcəyi barədə soruşduqda isə cavabdeh tərəf onu əmin etmişdir ki, əmək haqqının yarısı iş görülərkən, qalan qismi isə iş bitdikdən sonra nağd və tam şəkildə ödəniləcəkdir. İşin yarısı icra olunduqdan sonra 3000 manat, daha sonra isə 1000 manat məbləğində əmək haqqı cavabdeh tərəfindən ona ödənilmişdir. Cavabdeh tərəf işin təhvil verilməsinin gecikdiyini bildirərək, onu hər gün 14 saat işləməyə məcbur etmiş, lakin 25 gün ərzində işi bitirib təhvil verməsinə baxmayaraq, qalan 7118 manat məbləğində əmək haqqını tələb etdikdə, “pul yoxdur, gözlə” deyərək, uzun müddət onu get-gələ salmış, süründürməçiliyə yol vermişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəflə yenidən danışaraq qalan əmək haqqını tələb etdikdə sonuncu təkrarən pulun olmadığını söyləmiş, cavabdehlərdən şikayət edəcəyini bildirdikdə isə “hara istəyirsən şikayət et” deyərək, soyuqqanlılıq və laqeyidlik nümayiş etdirmişdir. Qanuni ona ödəniləsi məbləği almaq üçün o, X1 Xidmətinin Bakı şəhər İdarəsinə və rayon prokurorluğuna müraciət etsə də, bir nəticə əldə edə bilməmiş və hər iki qurum tərəfindən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh müəssisə ona olan 7118 manat məbləğində borcundan 1000 manat məbləğində də ödəniş edərək, qalan 6118 manat məbləğində əmək haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyini yerinə yetirəmişdir. Ona görə də o, pozulmuş hüquqlarının bərpası üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, belə bir vətəndaş onların şirkətində ümumiyyətlə işləməmişdir. Ola bilər ki, onlarla müqavilə bağlanmış podrat şirkətinin işçisi olub. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı onların əməkdaşı olmamışdır. Onlar Cavabdeh3 ilə xidmət müqaviləsi bağlamışlar. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında əmək müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Məlum edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müəssisə tərəfindən müraciətdə qeyd edilənlərə münasibət bildirildikdə, ona aid sənədlər təqdim edildikdə və ya əmək hüquqlarının pozulmasına dair onda olan sübut və sənədlərini araşdırmaya təqdim edəcəyi təqdirdə müraciətinə yenidən baxılacaqdır. Müraciətində qeyd etdikləri məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Sifarişçi “POLATOĞLU METAL A.Ş-nin” A.R filialı ilə Podratçı Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçiyə məxsus layihədə bu Müqaviləyə əlavə olunmuş Əlavədə göstərilən Metal konstruksiya işləri bu Müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə Sifarişçi üçün etməyi, Sifarişçi isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə İcraçıya ödəməyi öhdələrinə götürmüşlər. “Sifarişçi” Cavabdeh2 MMC ilə “İcraçı” Cavabdeh3 arasında bağlanmış xx.xx.2024cü il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı”, “Sifarişçi”nin tapşırığına əsasən, Cavabdeh2 MMC-nin həyata keçirdiyi layihələrdə “Sifarişçi” tərəfindən bildirilən Zəfər parkı layihəsində karot deşimləri xidmətlərinin göstərilməsini öhdəsinə götürür, “Sifarişçi” isə görülmüş işlərin haqqını müvafiq qaydada “İcraçı”ya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmət haqqı məbləği 7000 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “POLATOĞLU METAL A.Ş-nin” A.R filialı ilə Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu sifarişçiyə məxsus layihədə metal konstruksiya işləri müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə sifarişçi üçün etməyi, sifarişçi isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə sonuncuya ödəməyi öhdələrinə götürmüşlər. Daha sonra Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə Xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu “Sifarişçi”nin tapşırığına əsasən, Cavabdeh2 MMC-nin həyata keçirdiyi layihələrdə “Sifarişçi” tərəfindən bildirilən Zəfər parkı layihəsində karot deşimləri xidmətlərinin göstərilməsini öhdəsinə götürür, “Sifarişçi” isə görülmüş işlərin haqqını müvafiq qaydada sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən xidmət haqqı məbləği 7000 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən, yəni Cavabdeh3 münasibətdə təmin edilməlidir. Belə ki, məhkəmə iclasları zamanı tərəflərin verdikləri izalahtlardan müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh3 arasında Zəfər parkı layihəsində işlərin görülməsi ilə bağlı şifahi razılaşma olmuş və bu razılaşmaya əsasən iddiaçı işlər görməyi, Cavabdeh3 isə işlərin görülməsi ilə bağlı iddiaçıya 11118 manat əmək haqqı ödəməyi öhdələrinə götürmüşlər, lakin aralarında əmək müqaviləsi bağlanmamışdır. İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh3 öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıya ödəməli olduğu əmək haqqından 6118 manat ödəməmişdir. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 6118 manat məbləğində əmək haqqı alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh3 81,18 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh3 6118 (altı min yüz on səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh3 81,18 (səksən bir manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5583/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5583/2025
03.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver