Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-560/2023 19.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi,Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep kulondan ibarət komplekt zinət əşyalarının və ya onların dəyərinə uyğun olaraq 5000 manatın mediasiya xərci olaraq ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək, ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2020ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Hal-hazırda övladı onunla birlikdə yaşayır. Ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan cavabdehin ona qarşı kobud rəftarı ailənin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7426/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər aralarında bağlanmış nikahın pozulması, azyaşlı övladının onun yanında saxlanılması və övladı yetkinlik yaşına çatanadək 175 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. O, cavabdehlə ailə qurandan sonra ona verilmiş hədiyyələr, cehiz kimi ata evindən apardığı və birgə nikahda olduğu müddət ərzində ona hədiyyə kimi verilmiş əşyalar cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cavabdehin və onun vəkilinin iştirakları ilə ona məxsus olan əşyaların əksər hissəsi ona təhvil verilmiş və bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh ailə qurarkən ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının ona qaytarılmasından imtina etmişdir. Həmin qızıl-zinət əşyaları 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd sep-kulondan (kolye) ibarət komplekt qızıl zinət əşyalarıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə etmişdir. Tələblərinin əsaslılığını onunla izah etməyə çalışmışdır ki, xx.xx.2021-ci il tarixdə onun cavabdehin anasının və X4 adlı vəkilin iştirakı ilə AKT tərtib edilən zaman 62 adda cehiz əşyaları siyahıya alınarkən qızıl-qolbaq və qızıl sırğa da aşkar edilmişdir(həmin qızıl əşyaları cavabdehin anası tərəfindən təqdim edilmişdir). Bununla onu deməyə çalışmışdır ki, əgər iddiaçının qızıl-zinət əşyalarını götürmək niyyəti olsaydı AKT-da siyahıya alınmış 2 ədəd qızıl əşyalarını da aparmış olardı. Bundan əlavə iddiaçı o formada evi tərk etmişdir ki, hətta telefonu belə evdə qalmışdır. Cavabdehin bu barədə məlumatının olması təbiidir, belə ki, cavabdeh ölkədə olmamışdır, iddiaçının evi tərk etməsinə səbəb qayınana və gəlin arasında olan mübahisə olmuşdur. Onların nikahın pozulmasından təqribən 1 il sonra iddia ilə məhkəməyə müraciət edilməsinə səbəb, mediasiya prosesində ləngimələrin olması, qiymətləndirmə ilə bağlı heç bir qiymətləndiricinin şəkillər əsasında hesabat təqdim etməməsi olmuşdur.
4. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbini qəbul etməmişdir. İddiaya etirazının dəlillərinə dair bildirmişdir ki, o, 2020-ci ilin mart ayının 14də Rusiya Federasiyasına işləməyə getmişdir. Həmin vaxt iddiaçı ilə aralarında hər hansı münaqişə, mübahisə olmamış, əksinə münasibətləri yaxşı olmuşdur. Daha sonra iddiaçı Novruz bayramı ilə bağlı öz atası evinə getmək üçün ondan icazə almış və getmişdir. Bundan sonra o bir daha onların evinə qayıtmamışdır. Onlar arasında mübahisə həmin ilin iyul ayında baş vermişdir, səbəbi isə onun iyul ayında ölkəyə qayıda bilməməsi olmuşdur. İddiaçı mart ayında evi tərk edərkən planlı şəkildə qızılları özü ilə aparmış, qızıl qolbaq, qızıl sırğanı isə məqsədyönlü şəkildə evdə saxlamışdır. Çünki onun aldığı qızılların dəyəri 5000 manat, iddiaçının evdə saxladığı qızıllar isə 200-300 manat dəyərində idi. İddiaçının evdə saxladığı telefon işlək vəziyyətdə olmayan Samsung markalı telefon olmuşdur, halbuki iddiaçının işlətdiyi telefon onun tərəfindən alınmış İPHONE idi. Bundan əlavə cavabdeh əvvəlki prosesdə iddiaçının ondan qızılların yerini soruşduğunu və iddiaçının bu sualına anlam verə bilmədiyini bildirmiş. Lakin cavabdeh son məhkəmə iclasında izahatında dəyişiklik edərək, iddiaçının ondan evdə qalan qızıllar(AKT-da göstərilən) barədə soruşduğunu bildirmişdir. Cavabdeh eyni zamanda məhkəmə iclaslarında iddiaçının ona hədiyyə aldığı saatı da qaytaracağını bildirmiş və məhkəmə bağışlamış əşyanın onun mülkiyyətini təşkil etməsi barədə məlumatına münasibətdə, o hər kəsin aldığı əşyanın özündə qalmalı olduğuna təkid etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Vəkil, X5 və X3 iştirakı ilə tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aktı tərtib edənlər X6 ünvan 1 ünvanında yerləşən X1 məxsus evdə olan cehiz əşyalarını (2 vərəq siyahı üzrə) təhvil almışlar.
6. Şəxsi əşyalar və cehizliklərin siyahısında həmçinin qızıl-zinət əşyalarından 2 adda qızıl əşyası (qızıl qolbaq və qızıl sırğa) qeyd olunub və iddiaçı tərəfdən təhvil alınıb.
7. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 №-li rəydən görünür ki, sifarişçi Vəkil sifarişi ilə 4 adda (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep-kulon (kolye)) komplekt zinət əşyası dəyərləndirilmişdir. Rəyə əsasən 4 adda komplekt zinət əşyasının ümumilikdə bazar qiyməti 5000 manat müəyyən edilmişdir.
8. Rəydə qeyd edilir ki, zinət əşyalarına baxış keçirmək mümkün olmadığından, həmin zinət əşyalarının hazırlanış keyfiyyəti və funksionallığı müvafiq bazar seqmentindəki orta göstəricilər üzrə və təqdim olunn şəkillər əsasında hesaba alınmışdır.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-6114 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil Məmmədəli oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7426/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X9 ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixində Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış, 29 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı X6 yanında saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başalayaraq, Cavabdeh hər ay 175 manat və xx.xx.2020-ci il təvəllüdlü X7 üç yaşına çatanadək hər ay 30 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, iddiaçı X9na ödənilməsi və s. qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7426/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixində Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış, 29 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
12. Toyda iddiaçıya bir ədəd sep-kulondan ibarət kolye, bir ədəd sırğa, bir ədəd qolbaq və bir ədəd üzükdən ibarət qızıl-komplekt toy hədiyyəsi kimi taxılmışdır. Bu faktı həm iddiaçının özü, həm cavabdeh təsdiq edir. İş materiallarında olan fotoşəkillərlə qızılzinət əşyalarının mövcudluğu mübahisə doğurmur.
13. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona toyunda taxılan qızıl komplektin qaytarılmasını, mümkün olmadıqda isə dəyərinin- 5000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
14. Qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən qızılların qiymətləndirilməsi üçün ekspertiza keçirilmiş, "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 №-li rəyi ilə 4 adda (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep-kulon (kolye)) komplekt zinət əşyasının ümumilikdə bazar qiyməti 5000 manat müəyyən edilmişdir. Qızıl komplektin dəyərinin 5000 manat olmasını məhkəmə iclasında iştirak edən cavabdeh izahatında təsdiq etmişdir.
15. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara dair izahatları yuxarıda qeyd edilmişdir.(bax 3 və 4-cü bənd) Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
17. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
18. -32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir
19. -32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
20. -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
24. Əvvəla iddia ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
25. Bu normalardan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.
26. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
27. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
28. Məhkəmə hazırki vəziyyətdə bu qəbildən olan iddiaların sübut edilməsinin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verərkən tərəflərin izahatları, izahatlarda və ifadələrdə mövcud olan ziddiyyətli məqamlar, tərəflərin mübahisəyə qədər və mübahisədən sonrakı hərəkətləri və sair bu kimi hallar nəzərə alınmalıdır.
29. Hazırda iddiaçı ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını iddia edir. Cavabdeh isə qızıl-zinət əşyalarının onda olmadığını, iddiaçının evi tərk edən zaman özü ilə apardığını iddia edir.
30. Cavabdehin 5000 manat dəyərində iddia ərizəsində sadalanan qızılları iddiaçıya hədiyyə verməsi işin mübahisəsiz halıdır.
31. İşin mübahisələndirilən halı sözügedən qızılların cavabdehin qanunsuz sahibliyində olmasıdır.
32. Hazırki mübahisədə məhkəmə hesab edir ki, əşyaların cavabdehin sahibliyində olmamasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür.
33. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
34. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
35. Bu baxımdan hesab edirəm ki, iddianı sübut etmə yükü ona görə cavabdehin üzərinə düşür ki, iddiaçı ailə münasibətlərinə son qoymaq məqsədilə evi tərk etməmişdir. Belə ki, iddiaçının evi birdəfəlik tərk etməsi üçün hər hansı səbəbi olmamış, həmin vaxt cavabdehlə aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. Üstəlik cavabdeh həmin vaxt ölkə ərazisində olmamış və iddiaçının anası gilə qonaq getməsinə və bir müddət orda qalmasına razılıq vermişdir. İddiaçı ilə cavabdehin anası arasında gəlinqaynana mübahisəsi olmuş, cavabdehin bundan xəbəri olmamışdır.
36. Bundan başqa cehiz əşyalarının qaytarılması barədə AKT-da iddiaçıya öz qohumları tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarının da həmin siyahıda olması ona işarə edir ki, iddiaçının evi birdəfəlik tərk etmək niyyəti olmamışdır. Cavabdehin bu barədə etirazını(bax 4-cü bənd) isə məhkəmə inandırıcı hesab etmir və o qənaətə gəlir ki, özünümüdafiə xarakteri daşıyır.
37. Bundan əlavə cavabdehin sonradan məzmununu dəyişdiyi izahatında iddiaçının daha əvvəl də ondan qızıl əşyalarını tələb etdiyini təsdiqləməsi ona işarə edir ki, cehiz əşyalarının qaytarılmasına qədər də iddiaçı qızılların cavabdehdə olması barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Belə ki, cavabdehin bununla bağlı iddiaçının iradə ifadəsinə münasibətinin isə(bax 4-cü bənd-“niyə soruşduğuna anlam verə bilmədim”) məntiqi açıqlaması yoxdur. Çünki qızılların özündə olmadığından əmin olan cavabdehə iddiaçının sualı aydın olmalı və ən azından bununla bağlı mövqe göstərməli idi.
38. Bundan savayı cavabdehin ona hədiyyə edilən saatı və üzüyü qaytarmaq istəməsi barədə təkidi ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, münasibətlər pozularkən əşya kim tərəfindən alınmışdırsa ona məxsus hesab edilməlidir. Bu isə cavabdehin onun tərəfindən hədiyyə edilmiş əşyaların ona məxsus olduğunu hesab etməsi düşüncəsindən irəli gəlir. Yəni faktiki olaraq cavabdeh hesab edir ki, iddiaçıya toy-nişan mərasimlərində onun tərəfindən hədiyyə edilmiş əşyalar hədiyyəni alanındır.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qızılların iddiaçıda olduğunu sübut etmə yükü cavabdehin üzərində düşür. Lakin cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir və tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
40. Odur ki, mövcudluğu və dəyəri mübahisəsiz olan iddiaçıya məxsus qızıl-zinət əşyalarının iddiaçıda olması sübut edildiyindən və cavabdeh etirazının dəlillərini sübut edə bilmədiyindən iddia əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. “Dövlət rüsumu haqqında” Qanunun:
48. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
49. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
50. “Mediasiya haqqında” Qanunun:
51. 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
52. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddiası təmin edilməli, qızıl-zinət əşyası, olmadığı təqdirdə dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Aşağıda qeyd edilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyəri olan 5000(beş min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin: 1) Qızıl komplekt dəsti: bir ədəd sep-kulon (kolye), bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd üzük. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat və mediasiya xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev