Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5614/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış TK025954 saylı kredit müqaviləsinin ləğv olunmasına dair qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Baku Elektronics” mağazasından soyuducu almaq məqsədilə onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixdə illik 19 faizlə 18 ay müddətinə 519 manat kreditin verilməsi ilə bağlı müqavilə bağlanmışdır.O, 2020-ci ildə soyuducu xarab olduğundan mağazaya müraciət etmiş, lakin “Baku Elektronics” servis xidmətindən müraciəti ilə bağlı heç kim gəlməmişdir. Daha sonra özü servis xidmətində olmuş və soyuducunun zəmanətə görə təmir edilməsini tələb etmişdir. Lakin bunun da nəticəsi olmadığından, “Baku Elektronics”-ə yazılı qaydada müqavilənin ləğv edildiyi və müqavilə üzrə ödəniş etməkdən imtina etdiyini, soyuducunun geri qaytarılmasını və ödədiyi pulların geri qaytarılması barədə məktub ünvanlamışdır. Bununla bağlı mağaza ilə aralarında mübahisələr olmuş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onun barəsində icra qeydinin verildiyindən xəbər tutmuşdur. xx.xx.2023-cü il tarixdə 04.03.23-cü il tarixli icra qeydini və bildirişi almışdır. Halbuki xx.xx.2023-cü il tarixə kimi icra qeydindən məlumatsız olmuşdur. Halbuki bokt notariusa 3 il bitdikdən sonra müraciət etmişdir.Onun servisə və baş idarəyə dəfələrlə müraciətinə cavab vermədiklərinə və məhsulu təmir etmədiklərinə görə hesab edir ki, kredit müqaviləsi ləğv olunmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini ona görə xahiş edir ki, BOKT-dan götürdüyü kredit vəsaiti hesabına aldığı məişət avadanlığı xarab olmuş və satıcı zəmanətdə olmasına baxmayaraq onu təmir elətdirməmişdir. Lakin qeyd edilməlidir ki, həmin kredit müqaviləsi üzrə icra qeydi verildiyindən kredit müqaviləsi artıq ləğv edilmişdir. Yəni iddiaçının hazırda mövcud olmayan müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək hansı hüquqi nəticəni əldə etmək istədiyi qeyri-müəyyəndir. Çünki həmin kredit müqaviləsinin əsasında artıq icra qeydi verilmiş və həmin kredit müqaviləsinə xitam verilmişdir. Halbuki iddiaçının əvvəlki müraciətindən görünür ki, iddiaçı göstərdiyi dəlillərə uyğun olaraq düzgün olaraq notariusun icra qeydini mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli geri qaytarma barədə qərardadında isə iddiaçıya icra icraatı ilə bağlı mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olan məsələ ilə bir icraatda baxılmasının mümkünsüzlüyü izah edilmişdir. Buna baxmayaraq iddiaçı yenidən məhkəməyə tamam fərqli tələblə müraciət etmiş və hər hansı hüquqi nəticə doğurmayan tələb irəli sürmüşdür. Bu səbəbdən də hesab edirəm ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanan normaları müəyyən etmişdir ki, istənilən fiziki və ya hüquqi şəxs pozulmuş hüquqlarını müdafiə etmək və ya hüquqlarını təsdiq etdirmək üçün məhkəməyə müraciət edə bilər. Bu anlamda məhkəmə müdafiəsi mübahisəli hüquq münasibətlərindən irəli gəlməlidir. Yəni məhkəmədə hüquqların müdafiəsi ilə bağlı tələb irəli sürmək üçün digər tərəf onun hüquqlarını pozmalı və onun pozulmuş hüquqlarının bərpasından yayınmalıdır ki, tərəflər arasında mübahisə yaranmaqla məhkəmədə iş başlanılması üçün əsas olsun. Çünki Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. Hazırki tələbdə isə iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə baxımından iddianın predmeti qeyri-müəyyəndir. Halbuki MPM-nin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunu iddiaçıya geri qaytarılsın. İddiaçıya notariusun icra qeydinin ləğv edilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5614/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5614/2023
07.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver