Məhkəmə qərarları › İş №2(001)-5631/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5631/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5631/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikah dövründə doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmalarına görə hər biri üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cvabdehlə 2016-cı ilin avqust ayınadək adək rəsmi nikahda olmuş və həmin nikah dövründə bizim iki övladları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişlər. Binəqədi rayon Məhkəməsinin 2(001)-2583/2016 saylı qətnaməsiylə nikah pozularkən cavabdehlə aralarında əldə olunmuş razılığa əsasən qızları Fatimənin cavabdehin yanında, oğlu İbrahimin isə iddiaçının yanında saxlanılması qət edilmişdir. Lakin azyaşlı uşağa cavabdeh tərəfindən olduqca az diqqət və qayğı göstərilməsi səbəbindən qısa müddət sonra uşağı cavabdehin razılığıyla öz yanına gətirərək maddi, tibbi, qida və s. tələblərini lazımi səviyyədə təmin etməyə başlamışdır. 2022-ci ildə isə müraciətinə əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-4375/2022 saylı qətnaməsi ilə faktiki iddiaçının yanında olan Fatimənin də rəsmi olaraq himayəsinə verilməsi müəyyən edilmişdir. Hal-hazıradək birgə nikah dövründə doğulmuş uşaqların hər iksi iddiaçının yanındadır, yaşadığı ata evinin yaxınlığındakı Bakı şəhəri 205 saylı tam orta məktəbdə də təhsil alırlar. İddiaçı onları atasının, anasının, qardaşının maddi, fiziki və mənəvi köməkliləri sayəsində böyütmək məcburiyyətindədir. Beləki, cavabdeh uşaqların saxlanmasında və maddi xərclərin qarşılanmasında nəinki könüllü olaraq iştirak etmir, o bu valideyn öhdəliyinin yerinə yetirilməsindən boyun qaçırır, daim müxtəlif bəhanələrlə yayınır. Mediasiya xidməti vasitəsilə "aliment tələbiylə" məhkəmədən kənar razılıq əldə edilməsi üçün müraciət edilsə də, razılıq əldə olunmayıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, uşaqların bu günkü maddi tələbatlarını qarşılamaqda çətinlik çəkdiyindən, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda tək ana kimi uşaqların bütün xərcini ödəyə bilmir, oğlu əvvəllər epilepsiya xəstəliyindən əziyyət çəkib, hazırda aparılan müalicələr nəticəsində yaxşılaşma müşahidə olunsa da, mütəmadi həkim nəzarəti və yoxlamasından keçir, bunlar isə öz növbəsində xərc tələb edir. İddiaçı məhkəmədən qeyd olunanların nəzərə alınmasını, minimum 400 manat məbləğində alimentin təyin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etdiyini, maksimum 300 manat məbləğində aliment verməyə imkanının çatdığını, ikinci nikahdan övladının doğulduğunu, fərdi əməklə məşğul olaraq ayda qazancının cəmi 500 manat olmasını və bu halın da nəzərə alınmasını xahiş etdi. Sonrakı məhkəmə iclasında isə cavabdeh iştirak etməmiş və səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(001)- 2583/2016 saylı qətnaməsinə əsasən, Zərdab rayonu VVADQ şöbəsində Cavabdeh ilə X5 arasında xx.xx.2006-cı il tarixdə 10 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü Əliyeva Fatimə urad qızının Cavabdeh yanında, digər övladları isə xx.xx.2014-cü il təvəllüdlü X2 ananın yanında saxlanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(001)- 4375/2022 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 14 iyul 2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh himayəsində iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqlardan başqa xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşağı var. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı fiziki şəxsin yanında şirniyyatçı vəzifəsində işləyir və aylıq əmək haqqı 370 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin himayəsində iddiaçı birgə nikahdan anadan olmuş uşaqlardan əlavə yetkinlik yaşına çatmayan bir övladı daha var. Təbii ki, məhkəmə hazırki uşaqları nəzərə aldığı kimi, cavabdehin ikinci nikahından anadan olmuş uşağının da mövcud xərc və maddi təminatını da nəzərə almalıdır. Belə ki, uşaqlara təyin ediləcək alimentin miqdarı digər uşağın maddi cəhətdən təmin olunmasına mənfi təsir etməməli, məbləğ ədalətli müəyyən edilməlidir. Həmçinin unutmaq olmaz ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni yalnız cavabdeh atanı gələcəkdə ödənilməsi real görsənməyən aliment öhdəliyi ilə yükləməkdənsə, uşaqların maddi ehtiyaclarının təmin olunmasında əmək qabiliyyətli iddiaçı ananın da iştirakını nəzərə almaq ədalətli olardı. Beləliklə məhkəmə uşaqların maraqlarını əsas götürərək və tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunan halları və məhkəmə təcrübəsini rəhbər tutaraq, tərəflərin maddi vəziyyətini, uşaqların yaşını, mümkün ola biləcək maddi-məişət tələbatının ödənilməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün tutulacaq alimentin məbləğinin hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 60 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu 4560 manat olduğuna (380 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə mediasiya xərci kimi ödənilmiş 60 manat da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahları dövründə doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə hər ay 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində xərcin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. 65 (altmış beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar