Məhkəmə qərarları › İş №2(001)-5632/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5632/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5632/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı Mayıl qızının iştirakı ilə İddiaçı Mayıl qızının Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Mayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabeh Cavabdeh birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 193 manat sabit pul məbləğində tutulmuş alimentin dəyişdirilərək, cavabdehin qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3629/2022 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladları onun yanında saxlanılmış və saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutulmuşdur. O, övladı ilə birlikdə cavabdehdən ayrı yaşayırlar. Odur ki, aliment məbləğinin dəyişdirilərək, cavabdehin qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qənaətinə gəlmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Nikahları pozulan ərəfədə cavabdeh işləmədiyindən ondan alimenti ödəməsini təkidlə tələb etməmişdir. Lakin hazırda cavabdeh işləyir və qazancına münasibətdə ödənilən aliment çox azdır. Hazırda ödənilən aliment uşağın ehtiyaclarının qarşılanmasına kifayət etmir. Belə ki, artıq uşaq məktəbəqədər hazırlıq mərhələsindədir. Bundan başqa bağçası ödənişlidir və loqopedden dəstək alır. Özü isə işsiz olduğundan ödənilən aliment uşağın saxlanmasına kifayət etmir. Cavabdehin hal-hazıra aliment borcu yoxdur. Onun iddia etdiyi kimi nikah dövründə götürülən kreditlərdən məlumatı yoxdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əmək haqqı 1200 manatdır. Atası xəstədir və müalicə xərci onun üzərindədir. Atası 300 manat pensiya alsa da, bu kifayət etmir. Aliment məbləğinin yalnız 300 manat məbləğinə qədər artırılmasına razıdır. Özü də, kredit ödəyir və həmin kredit birgə nikah dövründə götürülsə də, qarşı tərəfdən bu barədə tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3629/2022 saylı qətnaməsi ilə iddiaçı Qasımova (Həməşəyeva) Fəridə Yaşar qızı ilə Cavabdeh arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 aprel 2018-ci il tarixdə 961 № ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və s. qət edilmişdir.

7. “Azemis” Elektron Məhkəmə sistemindən cavabdehin əmək müqaviləsi sorğulandıqda, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı vəzifəsində işlədiyi və 1743,64 manat əmək haqqı olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. İddiaçı Mayıl qızının Cavabdeh arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmışdır.

9. Hazırda cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 saylı qətnaməsi əsasında xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 193 manat sabit pul məbləğində aliment ödəyir.

10. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində tutulmasını xahiş edir.

11. Cavabdeh isə aliment məbləğinin 300 manat həddində ödənilməsinə razı olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

12. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.

13. Belə ki, hazırda uşağın saxlanılması ilə bağlı tutulan aliment məbləği hər ay üçün 193 manat təşkil edir. Bu baxımdan iddiaçı məhkəmə qətnaməsi ilə sabit məbləğdə tutulan aliment məbləğinin dəyişdirilərək, hissəvi tutulmasını tələb etməklə, faktiki olaraq alimentin artırılması hüquqi nəticəsinə nail olmağa çalışır.

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. Birləşmiş Millətlər Təşkilatının X1 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

17. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

18. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;

19. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

20. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

23. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

24. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

25. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

26. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

27. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

30. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır və o qənaətə gəlir ki, alimentin müəyyən edildiyi vaxtdan uşağın yaşına uyğun xərcləri çoxalmış, yaşayış üçün istehlak qiymətləri qalxmış və cavabdehin gəlirləri artmışdır. Odur ki, iddiaçının tələbinə uyğun Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiq olunması üçün hüquqi əsas yaranmışdır. Bunun əksini cavabdeh iddia etməsə də, alimentin sabit pul məbləğində müəyyən edilməsinə nail olmağa çalışması ailə qanunvericiliyinin tələbinə uyğun hesab edilə bilməz. Belə ki, tələbə bağlı olaraq sabit pul məbləğində alimentin müəyyən edilməsi o vaxt mümkün olur ki, aliment ödəməli olan şəxsin qazancı müntəzəm olmur və ya gəlirlərinə uyğun hissəvi tutulma uşağın mənafeyinə uyğun hesab edilmir(misal üçün yaşayış minimumu tələblərindən az olsun). Halbuki, hazırki işin hallarından müəyyən edilir ki, cavabdehin aylıq qazancı iddianın təmin edilməsinə əsas verir və alimentin artırılması hüquqi nəticəsi yaradır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit məbləğdə tutulan alimentin məbləği dəyişdirilməli və aliment cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində müəyyən edilməlidir.

31. Nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3629/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar