Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5666/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xx katibliyi, İddiaçı Kamil oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Kamil oğlunun Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kamil oğlu Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixədək işlədiyi dövr ərzində əmək haqqının 127 manat olması nəzərə alınaraq, qeyd edilən tarixlərdə cavabdeh tərəfindən ödənilməmiş əmək haqqlarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildən 30 iyul 2019-cu il tarixədək Cavabdehndə sürücü vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində cavabdeh ona aylıq əməkhaqqı ödəməmişdir. O, dəfələrlə cavabdehə müraciət edib onunla bağlanmış əmək müqaviləsinin surətinin ona təqdim edilməsini və aylıq əmək haqqının verilməsini xahiş etsə də müraciətləri təmin olunmamışdır. Cavabdehin qanunsuz hərəkətlərini davam etdirdiyi üçün, yəni iddiaçıya əməkhaqqını ödəmədiyi üçün şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, onunla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 08 avqust 2019-cu il tarixli MN0106576 nömrəli Qərardad qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində qərar qəbul edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa, aşkar olunmuş qanun pozuntusuna görə Cavabdeh vəzifəli şəxsi barəsində 08 avqust 2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, cavabdeh tərəfindən ona ödənilməli olan pulun ödənilmədiyi üçün yenidən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsinə tərəfindən göndərilmiş 07 aprel 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, görülmüş tədbirlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etçək hüququ vardır. Onunla cavabdehin əmək münasibətlərində olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin araşdırma zamanı öz təsdiqini tapmışdır. Bundan başqa, hüquqi şəxsin barəsində inzibati tənbehin tədbiq edilməsi məqsədi ilə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, həqiqətən də o, cavabdeh tərəfindən 2013-cü ildən əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, 2016-cı ildə əmək haqqının ona ödənilməməsinə görə işdən çıxmışdır. 20 gün sonra müdiriyyət ona demişdir ki, “sən yaxşı işçisən, planları da vaxtında doldurursan, gəl yenidən işləməyə başla. Sənə “Otokar” avtobusu veriləcəkdir”. O, yenidən cavabdeh şirkətə qayıdıb işləməyə başlamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş əmək haqqları cədvəlinin cəmi ikisinə o imza etmişdir, digərlərində olan imza isə ona məxsus deyil. İşdən çıxma barədə ərizəni isə ola bilərki o, yazmışdır. Ərizəni yazdığı vaxtı dəqiq xatırlamır, lakin güman edir ki, o yazmışdır. Belə ki, həmin ərəfədə, yəni 2016-cı ildə işdən öz arzusu ilə çıxmışdır. O, cavabdeh şirkətdə işlədiyi müddətdə əmək haqqı almasa da, lakin əlavə qazancı olmuşdur. Həmin qazancla da dolanırdı. Belə ki, o, avtobus sürücü işləmiş və günük planı tam doldurmuşdur. Beləliklə, o günlük qazanc əldə etdiyinə görə cavabdeh şirkətdə qalıb işləmişdir. Lakin onun əmək haqqı da verilməli idi. O, 2019-cu ilə qədər cavabdeh şirkətdə işləmişdir, belə ki, 2019-cu ildə ona verilmiş yol vərəqidə bu faktı təsdiqləyir. Əgər o, həmin vaxt orda işləməsəydi belə bir rəsmi sənəd ona verilə bilməzdi. O, 2016-cı ildə işdən çıxdıqdan sonra davamlı olaraq cavabdeh şirkətdə işləməmiş, bir neçə ay başqa şirkətdə də işləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 01 yanvar 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixədək cavabdeh şirkətdə işləmiş, öz ərizəsi əsasında da işdən azad edilmişdir. İddiaçı şirkətdə işlədiyi vaxtda əmək haqqlarını aybaay əmək haqqı cədvəlinə imza etməklə almışdır. Bəzi aylarda iddiaçı işə çıxmamış və həmin aylara görə o, əmək haqqı almamışdır. 2016-cı ildən isə iddiaçı başqa iş yerində işlə başlamış və o, həmin ildən cavabdeh şirkətdə ümumiyyətlə çalışmamış, onun hər hansı əmək və ya digər mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmamışdır. 2019-cu ildə isə bir dəfə cavabdeh şirkətin xəbəri olmadan iddiaçı başqa bir sürücünü əvəz etmişdir. Ona verilən yol vərəqəsindən də görünür ki, orada şirkətin möhürü yoxdur. İddiaçı işdən azad olunduğu gündən uzun müddət keçdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin surətini təqdim edə bilmir, çünki bəzi sənədlər müddət keçdiyinə görə məhv edilmişdir. İddiaçı bildirir ki, 2016-cı ildən sonra yenidən cavabdeh şirkətdə işləmiş, lakin iddiaçı rəsim olaraq başqa bir şirkətlə əmək müqaviləsi bağlanmış və orada işləmişdir. Bu, inzibati xəta araşdırılarkən müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının iddiası əsassız olduğundan, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hazırki iddia üçün nəzərdə tutulmuş bir illik iddia müddəti də iddiaçı tərəfindən ötürüldüyündən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Bu barədə məhkəməyə ərizə də təqdim etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh 29 dekabr 2014-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Kamil oğlu 01 yanvar 2015-ci il tarixdən Cavabdehnə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Kamil oğlu tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış 10 noyabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, onun tərəfindən başqa işə keçməyi ilə əlaqədar 10 noyabr 2016-cı il tarixdə işdən azad edilməsi xahiş edilmişdir. Cavabdeh 10 noyabr 2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı Kamil oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən işdən azad edilmişdir. Əsas: işçinin ərizəsi. Cavabdeh Məhdud Məsuliyyətinin 2015-2016-cı il üzrə əmək haqqı cədvəlindən görünür ki, 2015-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, habelə 2016-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə İddiaçı Kamil oğluna hər ay 121,25 manat məbləğində əmək haqqı ödənilmişdir. 0226804 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Kamil oğlu 01 yanvar 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixədək Cavabdeh Məhdud Məsuliyyətində avtobus sürücüsü işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı Kamil oğluna ünvanlanmış 07 aprel 2021ci il tarixli məktubdan görünür ki, 20 iyun 2019-cu il tarixli müraciətinə X4 Xidmətinin 6 saylı region üzrə X2 baxılmış və nəticəsi barədə 07 avqust 2019-cu il tarixli, **********3 nömrəli məktubla müvafiq qaydada cavablandırılmışdır. Nəzərinə çatdırılır ki, araşdırma zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmağı ilə bağlı Cavabdeh MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 08 avqust 2019-cu il tarixli, MN ******* nömrəli Qərardad qəbul edilmiş və həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, aşkar olunmuş qanun pozuntusuna görə Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 avqust 2019-cu il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. 17 aprel 2021-ci il tarixdə İddiaçı Kamil oğlu Cavabdeh Məhdud Məsuliyyətinə pretenziya məktubu ünvanlayaraq bildirmişdir ki, 2013-cü ildən 30 iyul 2019-cu ilə kimi Cavabdeh Məhdud Məsuliyyətində sürücü kimi işləmişdir. Lakin işlədiyi illər ərzində hər ay 127 manat olmaqla əmək haqqını almamışdır. Dəfələrlə şifahi müraciət etsə də bunun bir köməkliyi olmamışdır. Əmək müqaviləsini istəsə də bu illər ərzində ona rəsmi qaydada təqdim olunmamışdır. Məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış, fakt öz təsdiqini taparaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmağı ilə bağlı '‘Monella” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən 08 avqust 2019-cı il tarixli, MN0106576 nömrəli Qərardad qəbul edilmiş və həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Aşkar olunmuş qanuna pozuntusuna görə Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə uyğun olaraq 08 avqust 2019-cu il tarixli, MN0106576 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Odur ki, ona çatası 8.509 manat əmək haqqının qısa müddətdə ödənilməsi xahiş edilmişdir. 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən məhkəmənin sorğusu əsasında göndərilmiş: İddiaçı Kamil oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizədən görünür ki, o, hüquqlarının bərpa edilməsini və Cavabdeh 6 il ərzində ödəmədiyi maaşını, yəni 9.144 manatı alınıb ona verilməsini xahiş etmişdir. 6 saylı region üzrə X3 29 iyul 2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolunun surətindən görünür ki, 2019-cu ilin aprel və iyul aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Cavabdeh İddiaçı Kamil oğlunu işə cəlb etmişdir. Bu fakt Cavabdeh İddiaçı Kamil oğluna verdiyi 705 nömrəli, 01-30 iyul 2019-cu il və 01-30 aprel 2019-cu il tarixli 404 nömrəli yol vərəqələri və İddiaçı Kamil oğlunun izahatı təsdiq edir. 6 saylı region üzrə X3 08 avqust 2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Kamil oğlu 2019-cu ilin aprel-iyul aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Törədilmiş inbati xətaya görə Cavabdeh Məhdud Məsuliyyəti 4.000 manat məbləğində cərimə edilmişdir. 6 saylı region üzrə X3 08 avqust 2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol/qərar və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, 01 yanvar 2015-ci il tarixdə tərəflər arasında əmək münasibətləri yaranaraq, iddiaçı cavabdeh şirkətdə avtobus sürücüsü işinə qəbul edilmişdir. 10 noyabr 2016-cı il tarixdə isə iddiaçının işdən azad olunması barədə ərizəsi əsasında tərəflər arasındakı əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı 01 yanvar 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixə qədər olan dövr üçün ona ödənilməmiş əmək haqqlarını cavabdehdən tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının işlədiyi dövr ərzində əmək haqqını vaxtı-vaxtında aldığını bildirir, həmçinin iddia müddəti də tədbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İV və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 01 yanvar 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixə qədər ona hər ay ödənilməli olan 127 manat məbləğində əmək haqqını almadığını bildirsə də, məhkəmə iclasında iddiaçı etiraf etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş əmək haqqının ödənilməsi barədə cədvəllərin ikisində olan imzalar ona məxsusdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən həmin müddət ərzində əmək haqqı almadan işləməsi ağlabatan və inandırıcı deyil. Belə ki, iddiaçı işləyərkən əmək haqqının ödənilməsini tələb etməmiş, bunu hətta işdən çıxmağı barədə ərizə verərkən bildirməmiş, bundan başqa, özü bildirdiyi kimi əmək haqqı verilmədiyi təqdirdə işdən çıxdıqdan sonra yenidən cavabdeh şirkətə qayıdaraq işləməyə davam etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia əsaslı olduğu təqdirdə belə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçı bildirir ki, 2015-ci ilin yanvar ayından başlamaqla əmək haqqı almamış, yəni hüququnun pozulduğu artıq həmin vaxtdan ona aşkar olmuş, habelə iddiaçı tərəfindən öz xahişi ilə işdən azad olunmağı barədə ərizəni 10 noyabr 2016-cı il tarixdə cavabdehə təqdim etmiş və həmin tarixdə də cavabdehin əmri ilə o, işdən azad edilmişdir. Lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 02 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Kamil oğlunun Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Kamil oğlunun Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5666/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5666/2021
05.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver