Məhkəmə qərarları › İş №2(001)-5675/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5675/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5675/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə əlillik dövründə hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z. Şərifov küçəsi, A/Y, ev 24, mənzil 122 ünvanında yaşayır. İddiaçı isə faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 77, mənzil 17 ünvanında yaşasa da, onun rəsmi qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt Şossesi YAT, ev 8, mənzil 91 ünvanıdır. Görünür ki, iddiaçı iddia ərizəsini özünün faktiki yaşadığı ünvanın yerləşdiyi yerin məhkəməsinə deyil, rəsmi qeydə alındığı yerin məhkəməsinə təqdim etmiş və dolayısı ilə məhkəmə bildirişlərinin rəsmi qeydə alındığı ünvana göndərilməsi üçün şərait yaratmışdır. Halbuki iddiaçının iddia ərizəsindən və poçt məktubundan iddiaçının həmin ünvanda yaşamadığı bəlli olur. Bu isə məhkəmə bildirişlərinin, aktlarının ona rəsmi qaydada təqdim olunmasına mane olan amildir. Bundan başqa Mülki-Prosessual qanunvericilik iddiaçıya həm yaşadığı, həm rəsmi qeydə alındığı, həm də cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək seçimini deyil, ona həm cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, həm də özünün yaşadığı yerin məhkəməsinə müraciət etmək imkanını vermişdir. Bu isə o halda mümkündür ki, iddiaçı qeydiyyatda olduğu yer üzrə yaşamasın. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı qeydiyyatda olduğu yer üzrə yaşamır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar