Məhkəmə qərarları › İş №2(001)-5678/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5678/2020

02.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5678/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini qeyd etməklə işəgötürən X2 ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilməsi, işəgötürən X1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə isə xx.xx.2017-ci il tarixdə xitam verilməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizəçi məhkəməyə əmək müqavilələrinə xitam verilməsi faktının müəyyən edilməsi barədə müraciət etmiş, qüvvədə olan qanunvericiliklə isə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən isə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, ərizə yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, ilkin olaraq bu barədə işəgötürənə müraciət etməli, müraciət nəticə vermədiyi təqdirdə isə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi işəgötürən X2 ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilməsi, işəgötürən X1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə isə xx.xx.2017-ci il tarixdə xitam verilməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar