Məhkəmə qərarları › İş №2(001)-5682/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5682/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5682/2021 27.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X2, Cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 750 əyarlı, çəkisi 3 qram, dəyəri 500 manat olan brilyant qaşlı üzüyün, 750 əyarlı, çəkisi 80 qram, dəyəri 7.000 manat olan brilyant qaşlı komplektin (sep, qolbaq, üzük və sırğa), 583 əyarlı, çəkisi 10 qram, dəyəri 1.500 manat olan qızıl saatın, 750 əyarlı, çəkisi 4 qram, dəyəri 800 manat olan brilyant qaşlı nişan üzüyünün və ya onların dəyərinin, yəni 9.800 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 18 aprel 2013-cü ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01 iyun 2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli, 2(001)-1986/2017 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından olan uşaqlarının onun yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 136,6 manat məbləğində sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Artıq cavabdehlə heç bir ailə münasibətləri qalmamışdır və bundan sonra da hər hansı bir münasibətin olmasıda mümkün deyil. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək qızıl-zinət əşyalarını tələb edir. Çünki, cavabdeh ona məxsus qızıl-zinət əşyalarını könüllü verməkdən imtina edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X10 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, qızıl-zinət əşyaları cavabdehdədir. İddia tələbində cavabdehdən qızıl-zinət əşyalarının özü, olmadığı təqdirdə isə dəyərləri tələb edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) X12 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarının hamısını götürüb getmişdir, hazırda cavabdehdə iddiaçıya məxsus hər hansı əşya qalmamışdır. İddiaçının özü məhkəmə iclasında bildirmişdir ki, onların ailə münasibətləri 2015-ci ildən pozulmuşdur. 2017-ci ildə isə nikahları məhkəmə qaydasında pozulmuşdur. Göründüyü kimi, iddiaçı ailə münasibətlərinin faktiki pozulmasından 6 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək qızıl-zinət əşyalarını tələb edir. Əgər həqiqətəndə tələb edilən əşyalar cavabdehdə olsa idi, iddiaçı həmin əşyaların alınması üçün bu qədər müddət gözləməzdi. Bundan əlavə, iddiaçı tələb etdiyi əşyaların cavabdehdə olması ilə bağlı heç bir sübut təqdim edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ailədaxili münaqişə baş vermiş və o, çıxıb getmişdir. Gedərkən ayrılmaq niyyətində olmamış, evdən heç nə götürməmişdir. O, qaynına müraciət etmişdir ki, qızıllarını qaytarsınlar. Qaynı demişdir ki, bu məsələlərə onu qarışdırmasın. Evdən 2015-ci ildə çıxmışdır. Nikahları 2017-ci ildə pozulmuşdur. O, boşanmağı düşünməmişdir. Həmçinin qızıllarının onun haqqı olduğunu bilməmişdir. Bu səbəbdən məhkəməyə gec müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, iddiaçının qardaşıdır. İddiaçı bir xalat, bir tərlik, bir uşaqla gəlmiş, başqa heç nə gətirməmişdir. İddiaçı öz istəyi ilə gəlmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya toy vaxtı cavabdeh tərəfindən qızıllar hədiyyə olunmuşdur. Hansı qızılların hədiyyə olunduğunu dəqiq bilmir. İddiaçı özü ilə heç nə gətirməmişdir. O, işdən gələndə görmüşdür ki, iddiaçı evdə oturub. Elə bilmişdir ki, iddiaçı qonaq gəlib. İddiaçı pal-paltar da gətirməmişdir. Cehizlərini yığıb göndərmişdilər. Onlar gedib heç nə götürməmişdir. Hazırda bacısı ilə birgə yaşayırlar. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, iddiaçının anasıdır. İddiaçı bir xalat və bir tərliklə gəlmiş, başqa heç nə gətirməmişdir. Cavabdeh tərəf qohumları olduğu üçün o, iddiaçının məhkəməyə müraciət etməsinə vaxtında icazə verməmişdir. Qızı onlarla yaşayır. Onlar cavabdehdən qızılları istəsələr də, cavabdeh qızılları verməmişdir. Qızına komplekt, saat və üzük hədiyyə olunmuşdur. O vaxt demişdilər ki, komplektin qiyməti 7.000-8.000 manatdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli 2(001)-1986/2017 saylı qətnaməsinin surətindən görünür ki, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən X7 ilə Cavabdeh arasında 18 aprel 2013-cü il tarixdə 376 saylı icra akt qeydi ilə icra edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 01 iyun 2014-cü il təvəllüdlü X3 cavabdeh X1 yanında saxlanılması və 23 sentyabr 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 268340 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 25 avqust 2017-ci il tarixdə ləğv edilmiş, nikahın ləğvindən sonra qadına Həsənova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 18 aprel 2013-cü il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir övladları - 01 iyun 2014cü il təvəllüdlü X9 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onlar arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə tərəflərin birgə nikahından olan uşaqları ananın, hazırki iş üzrə iddiaçının yanında qalmış və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Hazırda isə iddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını, həmin əşyaların olmadığı təqdirdə isə əşyaların cəmi dəyəri olan 9.800 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir, cavabdeh tərəf isə iddianı ümumiyyətlə qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qızıl-zinət əşyalarının tələb edilməsi ilə bağlı qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd olunan iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə iclasında verilmiş izahatlarla tələb edilən əşyaların iddiaçıya məxsus olması cavabdeh tərəfindən mübahisələndirilməsə də, lakin həmin əşyaların iddiaçı tərəfindən aparıldığı bildirilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, şahidlərin ifadələri, bu izahatlarda və ifadələrdə mövcud olan ziddiyyətli məqamlar, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbdə qeyd edilən dəyərdə olan qızıl-zinət əşyaların israrla cavabdehdə olduğunu bildirsə də, lakin onların cavabdehdə olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlərin ifadələrində göstərilən hallar ümumi xarakter daşımaqla, həmin ifadələr mübahisəli əşyaların həqiqətəndə cavabdehdə olması ilə bağlı məhkəmədə daxili inam formalaşdıra bilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı tələb olunan əşyaların cavabdehdə olması ilə bağlı məhkəməyə əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut təqdim edə bilmədiyindən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar