Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5711/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı X1 Cavabdeh qarşı cehiz əmlakının çıxarılması barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı X1 Cavabdeh qarşı cehiz əmlakının çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus yataq dəstinin, qonaq dəstinin, televizorun, qab-qacağın, 2 ədəd çıl-çırağın, yataq otağında və qonaq otağında olan pərdələrin, tozsoranın, soyuducunun, mətbəx mebelinin və paltaryuyan maşının onun mülkiyyətində olan ünvan 1 ünvanında çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir, cavabdehlə oğlu arasında nikah xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur, ünvan 1-də 1986-cı ildən yaşayır, o ev onun ata evidir, 2013-cü ildə cavabdeh cehiz əşyalarını onun evinə gətirmişdir, cavabdeh ona məxsus evdən 2018-ci ilin fevral ayında çıxıb getmişdir. Əşyaların onun evində qalması səbəbindən mənzilindən istifadə etməkdə çətinlik çəkir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Prosessual normanın tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 195 saylı evindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun həyata keçirilməsinə mane kimi yaranan halın aradan qaldırılmasını xahiş edir. Göründüyü kimi, iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Bundan başqa həmin norma mülkiyyət hüququnun müdafiəsi vasitəsi olan əşya hüquqi iddiaları ilə bağlıdır. Yəni MPM-nin 39.1-ci maddəsinin təhlili onu göstərir ki, həmin norma tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə(deklarasiya iddiası), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə(vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə(neqator) iddiaları ehtiva edir. Odur ki, mübahisə müstəsna aidiyyət qaydalarını müəyyən edən MPM-nin 39.1-ci maddəsinin əhatə dairəsinə düşdüyündən, mübahisəyə mənzilin olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı ona məxsus evin yerləşdiyi ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı cehiz əmlakının çıxarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı ona məxsus evin yerləşdiyi ərazi üzrə rayon məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5711/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5711/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver