Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5836/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi, olmadığı təqdirdə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi, olmadığı təqdirdə dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyərləri olan 5.000 manat olan üzərində brilyant qaşları olan dəst qızıl-zinət əşyalarının özlərinin yaxud onların dəyərlərinin, eləcə də məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə iləməhkəməyəmüraciətedərək, ümumi dəyərləri olan 5.000 ABŞ dolları olan üzərində brilyant qaşları olan dəst qızıl-zinət əşyalarının özlərinin yaxud onların dəyərlərinin ödəniləcək günə manata məzənnəsinin, eləcə də məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan xx xxxxx 2018-ci il təvəllüdlü X1 anadan olmuşdur. Evləndikləri gündən qısa müddət sonra aralarında başlayan yerli-yersiz mübahisələr səbəbindən, onların ailə təsərrüfatlarının birgə idarə etməkləri qeyri-mümkün hala gəlmişdir. Hal-hazırda o, cavabdehdən faktiki olaraq ayrılmış və körpə qızı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehin ona və övladına soyuq münasibətinə görə o, qəti şəkildə cavabdehlə arasında olan nikahın pozulmasını rəsmiləşdirmək qərarına gəlmiş və bununla bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlə münasibətləri normal olan vaxtlarda cavabdeh ona məxsus üzərində brilyant qaşları olan 750 əyarlı qızıl komplektini ondan alaraq özünün problemlərinin həlli üçün lombarda qoyaraq pul götürmüşdür. Qızılların ona qaytarılmasını dəfələrlə cavabdehdən tələb etsə də o, müxtəlif bəhanələr gətirməklə nə qızıllarını nədə ki oların dəyərini qaytarmışdır. Cavabdeh qızılları ondan alan gündən onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlaya bilir. Cavabdehin bu və digər məsuliyyətsizliyi onların boşanmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki,mübahisəli komplekt dəstə 1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı daxildir. Toy zamanı bu qızıllar iddiaçıya cavabdeh tərəfindən hədiyyə olunmuşdur. Qızılların çəkisi və əyarı barədə onda dəqiq məlumat yoxdur. Qızıl dəstin cavabdehdə olduğu barədə tərəflərin “whatsapp” yazışmaları da mövcuddur. Həmin yazışmada cavabdeh bunu etiraf etmişdir. Cavabdeh tərəfindən təqdim edilən “whatsapp” yazışmada isə iddiaçıya verilən 44.000 manata qızıl dəstin də dəyərinin daxil olduğu barədə məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, tələb olunan qızıl dəsti 2016-cı ildə iddiaçıya hədiyyə etmişdir, həmin vaxt mübahisəli dəsti 4.500 manata almışdır. Həmin dəstə 1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı daxildir. Daha sonra o, mübahisəli qızıl dəstini 2020-ci ilin yanvar ayında lombarda qoyaraq borc pul götürmüş, daha sonra borcu ödəyə bilmədiyinə görə qızılları lombard götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş “whatsapp” yazışma həqiqətən onlar arasında baş vermişdir. Lakin, o, iddiaçı ilə yaşadığı evi 92.000 manata satdıqdan sonra 44.000 manatını iddiaçıya vermişdir. Həmin 44.000 manata mübahisəli qızıl dəstinin pulu da daxildir. Bunu təsdiq edən “whatsapp” yazışmaları da mövcuddur. O, 44.000 manatı həmçinin iddiaçıya birgə nikahdan olan uşaqlarının saxlanması üçün vermiş, qalan məbləği isə borclarının ödənilməsinə xərcləmişdir. Belə ki, qurduğu bizneslə bağlı uğursuzluqları olmuş, borcları yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş tərəflərin “whatsapp” yazışmalarından görünür ki, iddiaçı cavabdehə “sən mənim qızıllarımı bu ayın axırına kimi hazırla, yəqin bilirsən məhkəmədə gələn ay əgər verməsən ona görə başqa iddia qaldıracam vəkilə şəkillər verilibdi mənim qızıllarımın, onlar mənimdi və uşağımın haqqıdı heç olmasa bu məsələni sakitliknən həll elə” yazısını göndərmiş, cavabdeh isə cavab olaraq “qızılların yoxdu batıb, neynirsən elə” bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş tərəflərin “whatsapp” yazışmalarından görünür ki, cavabdeh iddiaçıya “44.000 manat hara getdi? Verdim?” suallarını vermiş, iddiaçı isə cavab olaraq “yox, 1,5 il yarım, onu mənim nə atam nə qardaşım yeməyib, səni öldürürdülər o can dostların, məcbur oldun 1 qəpiyi verməzsən adama” bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və proses iştirakçılarının izahatları ilə müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahlarından bir övladları dünyaya gəlmişdir. 2016-cı ildə cavabdeh tərəfindən iddiaçıya 1 (bir) ədəd üzərində brilliant qaşları olan qızıl dəst (1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı) hədiyyə edilmiş, 2020-ci ilin yanvar ayında həmin dəst cavabdeh tərəfindən lombarda girov qoyularaq borc pul götürülmüş və borc ödənilmədiyinə görə girov qızıllar lombardda qalmışdır. Hazırda iddiaçı tərəfindən cavabdehdən həmin qızıl dəstin və yaxun onun dəyərini təşkil edən 5.000 ABŞ dollarının qaytarılması tələb edilir, cavabdeh isə iddianı qəbul etməyərək dəstin dəyərinin iddiaçıya ödənildiyini bildirir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən qızıl dəstin qiymətinin 5.000 ABŞ dolları məbləğində olması barədə hər hansı sübut təqdim edilməmiş, həmçinin, məhkəmə tərəfindən dəstin əmtəəşünaslıq ekspertizası keçirilməklə dəyərinin nəzəri yolla hesablanması üçün qızılların və üzərindəki brilliant qaşların dəqiq çəkisi barədə məlumat təqdim edilməsi cavabdehin vəkili və nümayəndəsinə təklif edilsə də, o, bunu edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli qızıl dəstin dəyərini 5.000 manat olaraq göstərmiş, bu məbləğ isə cavabdehin etiraf etdiyi 4.500 manat məbləğə daha yaxın olduğu üçün məhkəmə 1 ədəd üzərində brilliant qaşları olan qızıl dəstin (1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı) dəyərinin 4.500 manat olduğunu ağlabatan hesab etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh məhkəmə iclasında mübahisəli qızıl dəstinin dəyərini təşkil edən 4.500 manatı iddiaçıya verdiyi 44.000 manat məbləğə daxil olduğunu bildirsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1 ədəd üzərində brilliant qaşları olan qızıl dəst (1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı), həmin əşyalar mövcud olmadıqda isə onların dəyərini təşkil edən 4.500 manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı verilməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 1 (bir) ədəd üzərində brilliant qaşları olan qızıl dəst (1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı), həmin əşyalar mövcud olmadıqda isə onların dəyərini təşkil edən 4.500 (dörd min beş yüz) manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5836/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5836/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver