Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5852/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 135 saylı tam orta məktəbə qarşı “məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 135 saylı tam orta məktəbə qarşı “məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə vurulmuş olan 2400 manat həcmində maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004 tarixdə Cavabdeh kitabxanaçı vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixli 158 saylı əmr əsasında çalışmanın yaş həddinə çatma ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onunla müddətli əmək müqaviləsi bağlanmış, lakin müvafiq müqavilənin nüsxəsi ona təqdim edilməmişdir. Bununla bağlı əmək kitabçasında müqavilə müddətinin uzadılması ilə bağlı müvafiq qeydlər aparılmış və səlahiyyətli şəxs tərəfindən imza və möhürlə təsdiqlənmişdir. O, 135 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən imzalanmış xx.xx.2023-cı il tarixli, 14 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, nəticə etibarı ilə, onun hüquqları pozulmuş və ona 2400 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Qurbanova izahat verərək bildirmişdir ki, iddiaçı Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən işə götürülmüş, iddiaçı ilə müqavilə bağlayan tərəf müəssisə rəhbəri olsa da işə qəbul edilmə və xitam verilmə, əmr və sair sənədləşmə işləri həmin idarə tərəfindən qəbul edilir. İddiaçı ilə bağlanmış müqavilənin şərtlərində qeyd olunub ki, əgər yeni işçi işə qəbul olarsa, həmin vəzifədə çalışan işçi işdən azad edilməlidir. Bunlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 158 saylı əmrlə İddiaçı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək çalışmanın yaş həddinə çatma ilə əlaqədar olaraq onunla müddətli əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. - iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında 10 gün müddətində nizama salınması təklif edilmiş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xx.xx.2023cü ildən xitam verilmişdir. - Bakı Şəhər üzrə Təhsil İdarəsinin Bakı şəhəri Binəqədi rayonu üzrə ümumtəhsil məktəblərinin direktorlarına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi, Elm və Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli 1404 nömrəli və xx.xx.2018-ci il tarixli, F-223 nömrəli əmrlərinin tələbləri və meyarları gözlənilməklə, adları qeyd edilmiş müəllimlərlə (135 saylı tam orta məktəbdə kitabxanaçı vəzifəsi üzrə İddiaçı) xx.xx.2022-ci il tarixdən 2022/2023-cü təhsil ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) müddətli əmək müqaviləsinin bağlanmasına etiraz edilməmişdir. - AR ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Ş.Salmanovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşın müraciətinə X2 baxılmış və qeyd edilmişdir ki, onunla xx.xx.2022-ci il tarixdə yaranmış əmək münasibətlərinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xitam verildiyi, eyni zamanda təqdim edilmiş əmək haqqı çıxarışa əsasən onunla son haqq hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi məlum olmuşdur. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda görünür ki, İddiaçı bildirilmişdir ki, təqdim etdiyi əmək haqqı bank çıxarışından son haqq hesabın sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4cü hissəsinin tələbləri ( işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozulduğundan, 135 saylı tam orta məktəbin direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda İddiaçı bağlanmış müddətli əmək müqaviləsinin müddətin bitməsi səbəbi ilə 135 nömrəli tam orta məktəbin müvafiq əmrinə əsasən xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Bununla yanaşı ƏƏSMN-nin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə xx.xx.2022-ci il tarixdə yaranmış əmək münasibətlərinə xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xitam verilmişdir. Həmçinin İddiaçı sonuncu bağlanmış müddətli əmək müqaviləsi müəssisə tərəfindən təqdim olunmadığından həmin əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməsinə münasibət bildirmək mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. - X1, X3, X6 və X7 tərəfindən imzalanmış akta əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını götürməyə gəlmiş, təhvil-təslim aktına imza atmağı rədd etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə çalışmanın yaş həddinə çatmış işçilərlə müddətli əmək müqaviləsinin bağlanılması proseduru ilə bağlıdır. Hansı ki, müddətsiz əmək müqaviləsi ilə məktəbdə kitabxanaçı kimi çalışan iddiaçının 65 yaşı tamamlanmışdır. Beləliklə, məhkəmənin işin mübahisələndirilən halları kimi araşdırmalı olduğu məsələlər bunlardır: çalışmanın yaş həddinə çatmış işçilərlə müddətli əmək müqaviləsinin bağlanılması proseduru, bununla bağlı direktorun səlahiyyətləri, səlahiyyətli şəxsin təqsirinin nəticələri. Bununla bağlı aşağıdakı normalara nəzər yetirək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -2.3-cü maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. - 16.1-ci maddəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. - 191-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. -194-cu maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 300-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İş materiallarında olan AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Binəqədi rayonu üzrə ümumtəhsil məktəblərinin direktorlarına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, rəhbərlik etdikləri məktəbin çalışmanın yaş həddinə çatmış müəllimləri ilə müddətli əmək müqaviləsinin bağlanması razılıq verilməsi barədə təqdimatlara Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərlə müddətli əmək müqaviləsinin bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi, Elm və Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli 1404 nömrəli və xx.xx.2018-ci il tarixli, F-223 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Qeyd edilən qaydalar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Yuxarıda göstərilən hüquqi aktlarla müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktuba əlavə edilmiş siyahıda adları qeyd edilmiş müəllimlərlə xx.xx.2022-ci il tarixdən 2022/2023-cü tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) müddətli əmək müqaviləsinin bağlanmasına etiraz etmir. Əmək münasibətlərinin mövcud əmək və təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi onlara tapşırılır. Müddətli əmək müqaviləsinin bağlanması barədə əmək müqavilələrinin elektron qeydiyyat sistemindən müvafiq çıxarış əmək müqaviləsinin bağlanıldığı tarixdən ən geci 10 (on) gün ərzində müvafiq Xidmət və Əməliyyat mərkəzinə təqdim edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, çalışmanın son həddinə çatmış işçi ilə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı heç də direktora müstəsna səlahiyyətlər verilməmişdir. Belə ki, bununla bağlı yuxarıda göstərilən qaydalara əsasən xüsusi prosedurlar müəyyən edilmiş və bu barədə Təhsil Nazirliyi əmr qəbul etmişdir. Məhkəmə hesab edir ki, Təhsil Nazirliyi çalışmanın yaş həddinə çatmış işçi ilə cari tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmasına razılıq vermişdirsə, direktorun bununla razılaşmaması əsaslandırılmalı və müvafiq qaydada rəsmləşdirilməlidir. Əks halda qeyd edilən razılığın alınması barədə tələbin mahiyyəti aradan qalxmış olardı. Hansı ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi ümumi təhsil müəssisələrinin rəhbərlərinə həm sənəd dövriyyəsi və icraatda əlavə çətinliklərin yaranmasının aradan qaldırılması məqsədilə, tədris ili ərzində ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətinin 2022/2023-cü tədris ilinin sonunadək(xx.xx.2023-cü il tarixədək) uzadılmasına Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi qaydada, həm də iddiaçıya münasibətdə fərdi qaydada razılıq verilmişdir. Bununla yanaşı işəgötürənin Bakı şəhəri Təhsil İdarəsi olduğu və müddətli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixədək bağlanmasına razılıq verməsi nəzərə alındıqda, onun səlahiyyətlərini yerinə yetirən şəxsin hər hansı əsaslandırma aparmadan bundan kənara çıxması hüquqdan sui-istifadədir. Həmçinin Məhkəmə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunu nəzərə alaraq qeyd edir ki, İddiaçı sonuncu bağlanmış müddətli əmək müqaviləsi müəssisə tərəfindən təqdim olunmadığından həmin əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməsi və bağlanmış müqavilənin şərtlərində yeni işçi işə qəbul olarsa, həmin vəzifədə çalışan işçinin işdən azad edilməsi barədə qeydin olması sübuta yetirilməmişdir. Məhkəmə işəgötürənə qarşı deyil, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsə qarşı iddianı ona görə əsaslı sayır ki, bu işçinin istəyindən asılıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Odur ki, işçinin çalışmanın son həddinə çatmasından sonra onunla cari tədris ilinin sonunadək bağlanmış müqavilənin xitam verilməsində işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsin təqsiri müəyyən edildiyindən və bunun nəticəsində işçiyə ödənilməyən əmək haqqı miqdarında əldən çıxmış fayda qismində maddi ziyan dəydiyindən iddia tələbi həmin hissədə əsaslıdır. Buna baxmayaraq məhkəmə iddiaçının 2400 manat maddi zərərlə bağlı tələbinə münasibətdə hesab edir ki, tələb edilən məbləğ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqı miqdarında əldə çıxmış fayda qismində maddi zərər kimi qiymətləndirilməlidir. Hansı ki, həmin məbləğ iddiaçı tərəfdən sadə riyazi hesablama qaydasında müəyyən edilmiş və tələb edilmişdir. Həmin məbləğin mühasibatlıq qaydalarına uyğun dəqiq hesablanmamış olması istisna edilmir. Məhkəmənin həmin məsələ ilə bağlı ekspertiza keçirməməsi həmin halın qətnamənin icrası qaydasında müəyyən edilməsinin mümkünlüyü qənaətindən irəli gəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğ xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanmaqla müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5852/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5852/2023
04.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver