Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5888/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki işə 23 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh olan 5 qram çəkili, 750 əyarlı nişan üzüyünün və 35 qram çəkidə üzük, qolbaq, boyunbağı və sırğadan ibarət qızıl komplektin və ya onların ümumi dəyəri kimi 4050 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə 14 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, sonradan Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdehlə ailə qurarkən nişan mərhələsində cavabdehin ailə üzvləri tərəfindən ona 5 qram çəkidə 750 əyarlı, brilyant qaşlı, qiyməti 850 manat olan nişan üzüyü hədiyyə edilmişdir. Əlavə olaraq, 2018-ci il tarixdə toy mərasimində 35 qram çəkisi, 583 əyarlı, dəyəri 3200 manat olan üzük, boyunbağı, sırğa, qolbağdan ibarət kompekt hədiyyə edilmişdir. Bunların verilməsi video çəkilişdə öz əksini tapmışdır. 16 mart 2019-cu il tarixdə uşağı olandan sonra o, qısa müddətli anasıgilə getmiş, uşağın doğulmasının 40 günü tamam olduqda isə evinə qayıtmışdır. Həmin dövrdə qızıllar cavabdehlə yaşadıqları evdə olmuş, həmin evdə o, cavabdehin valideynləri ilə birlikdə yaşamışdır. Qısa müddət sonra o, qızıllarını axtarıb tapa bilməmiş, cavabdehdən bu barədə soruşduqda qızılların lombarda girov qoyulduğunu öyrənmişdir. Halbuki, onun qızılların girov qoyulmasına dair razılığı alınmamış, həmçinin, əvəzində əldə edilən pulun hara xərcləndiyindən də məlumatı olmamışdır. 20 aprel 2020-ci il tarixdə o, cavabdehlə yaşadığı evi birdəfəlik tərk etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçı ilə birgə nikah dövründə girov kimi lombarda qoyulmuş, əldə edilmiş pul da birgə xərclənmişdir. Belə ki, qızıl kompelkt 26 iyul 2019-cu il tarixdə girov qoyularaq əvəzində 700 manat pul götürülmüş, həmin pul uşağın xəstəliyinin müalicəsi üçün xərclənmişdir. Qızıl üzüyü isə iddiaçının anasıgilin yaşadığı rayona getmək istəməsi səbəbindən 29 iyul 2019-cu il tarixdə 130 manat qarşılığında lombarda girov qoyaraq həmin pulla iddiaçını anasıgilə aparmış, pul da həmin vaxt xərclənmişdir. Sonradan lombard kreditlərini ödəyə bilmədiyindən qızıllar lombard tərəfindən təhvil götürülmüşdür. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(055)-790/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı 14 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 16 mart 2019-cu il təvəllüdlü X1 adlı uşaqları olmu, bu qətnamə əsasənda tərəflər arasındakı nikah pozulmuşdur. - Girov biletlərindən görünür ki, Cavabdeh 26 iyul 2019-cu il tarixdə 1 ədəd 583 əyarlı qarnituru (kompekt) 700 manat qarşılığında, 29 iyul 2019-cu il tarixdə isə 1 ədəd 750 əyarlı üzüyü 130 manat qarşılığında lombarda girov qoymuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib belə nəticəyə gəlir ki, İddiaçı toy ərəfəsində 1 ədəd 583 əyarlı komplekt və 1 ədəd 750 əyarlı qızıl üzüyün verilməsi işin mübahisələndirilməyən halıdır. Lakin, iş materialları ilə sübut olunur ki, göstərilən əşyalar tərəfləri rəsmi nikahda olduqları dövrdə cavabdeh tərəfindən girov qoyularaq əvəzində müəyyən miqdarda pul krediti götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Hazırki halda sözügedən, iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun razılığı olmadan girov qoyulması, habelə əldə edilmiş kreditin onunla birgə ailə təsərrüfatına xərclənməməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmişd dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5888/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5888/2021
23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver