Məhkəmə qərarları › İş №2(001)-5889/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5889/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5889/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin tarixdən bu günə kimi birgə təsərrüfat aparırlar, birgə nikahdan onların xx.xx.2022-ci il tarixdə iki uşaqları doğulmuşdur. Cavabdeh öncəki nikahından olan övladlarının maddi cəhətdən təmin olunması və öhdəliyində xəstə anasının olması səbəbindən, birgə uşaqlarının maddi təminatının tam qarşılamadığına görə evdə dəfələrlə münaqişə yaranmışdır. Mübahisənin həlli üçün ilkin olaraq iddiaçı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Odur ki, alimentin alınması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, əlavə edilən sənədlərdən (Epikriz, 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının sənədi, Genetik müayinələri nəticələri, “Göyərçin” psixoloji və Nitq İnkişafı mərkəzinin arayışı, doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatın əvəzləmə kartı) göründüyü ki, X15 uşaqlıqdan bu günədək xəstədir və onun müalicəsi bu gün də davam etdirilir. Lakin hazırkı iş üzrə Cavabdeh uşağı ilə maraqlanmır, onun müalicəsində iştirak etmək belə istəmir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-2146/2023 saylı qətnaməsi əsasən Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(104)-2180/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 28 oktyabr 2011-ci il təvəllüdlü X7 və 19 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, 28 oktyabr 2011-ci il təvəllüdlü X7 və 19 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hazırkı iş üzrə Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1711/2023 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2146/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual huquqı əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh xəstə uşağının müalicəsi və digər uşağının saxlanması üçün aliment ödəməmək məqsədi ilə müxtəlif yollara əl atır. Bu da onun qərəzçilik hərəkətlərinin olmasına dəlalət edir, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmək üçün qərəzli edilən hərəkətlər kimi başa düşülməsinə əsas verir. İddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdeh qarşı “nikah pozulmadan aliment tələbinə dair” iddia qaldırmışdır. Bu da müxtəlif şübhələrin yaranmasına əsas verir. Yəni bu iddia formal olaraq qaldırılmış iddiadir ki, ödənilən alimentin məbləği azaldılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, halhazırda da cavabdehlə bir ailə olaraq yaşayır. Onların birgə nikahından iki əkiz uşaqları var. Uşaqlar xx.xx.2022-ci il tarixdə doğulmuşlar. Cavabdeh ailənin tələbatlarını qarşılamağa çalışsa da, əvvəlki nikahdan olan uşaqlarına ödədiyi alimentə görə bunu tam şəkildə edə bilmir. Uşaqların yemək, pampers, geyin ehtiyacları var. Həmin ehtiyaclar tam olaraq qarşılanmır. Cavabdeh eyni zamanda anasının müalicəsinə də çox pul xərcləyir. Nəticədə ailəyə heç nə qalmır. Eyni zamanda iddiaçı ilk olaraq məhkəməyə 500 manat əmək haqqı almasını göstərmiş, sonradan isə sədrlik edənin sualına cavab olaraq 1100 manat əmək haqqı aldığını, lakin aldığı əmək haqqını kreditlərinə verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, uşaqları bir yaşındadır, ehtiyaclarını əvvəlki kimi ödəyə bilmir. Əmək haqqı 2000 manat təşkil edir, lakin həmin məbləğə əlavələr də olur. Keçən ay alimentə 900 manat çıxılıb. Həmin məbləğ çıxıldıqdan sonra ona 1200-1300 manat pul qalmışdır. O, ailəsini və uşaqlarını saxlayır, ehtiyaclarını qarşılayır, amma bunu əvvəlki kimi edə bilmir. Belə ki, həm anası xəstədir və onun öhdəsindədir, həm də əvvəlki nikahdan olan uşaqlarına da aliment tutulur. Bu məsələlərə görə indiki ailəsində mütəmadi olaraq mübahisələri olur. Cavabdeh izahatında ilk olaraq bildirdi ki, alimentin sabit pul məbləğində tutulmasına razıdır, sonradan isə iddia ilə ümumiyyətlə razılaşmadığını dedi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X9 izahatında məhkəməyə bildirdi ki, bütün bu saxta tələblər nəvələrinə az aliment ödəmək üçün irəli sürülür. İddiaçı və cavabdeh bir ailədir, birlikdə yaşayırlar. Necə olur ki, iddiaçı indi aliment tələb edir. Nəvələrinə hazırkı məbləğdə aliment tutulmağa başlayandan sonra əvvəl cavabdeh getdi anası ilə barışıq sazişi bağladı ki, ona aliment ödəyir, indi də bu iddia irəli sürülüb. Hesab edir ki, iddia ərizəsi təmin edilə bilməz. Belə ki, nəvələrindən biri daun xəstəsidir və onun müalicəsinə cavabdehin ödədiyi məbləğdən qat-qat çox pul xərclənir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Xəlilov X14 (Xəlilova) Kəmalə Rahil qızı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X12 və X13 adında iki uşaqları doğulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1711/2023 saylı qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(125)-2146/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 28 oktyabr 2011-ci il təvəllüdlü X7 və 19 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, 28 oktyabr 2011-ci il təvəllüdlü X7 və 19 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutularaq, X5 ödənilməsi qət edilmiş; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən verilmiş epikrizdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatlarından görünür ki, cavabdehin birinci nikahından olan övladı – xx.xx.2014-cü il təvəllüdlü X10 daun (*həyat fəaliyyətinin qismən pozulması və sosial dezataptasiyaya səbəb olmuş anadangəlmə və irsi xəstəlik və sindromlar) xəstəliyi diaqnozu qoyulmuş və başqasının qulluğuna ehtiyacının olması qeyd olunmuşdur. İş materiallarında olan mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-01709 saylı barışıq sazişindən görünür ki, həmin sazişlə tərəflər hazırkı iş üzrə Cavabdeh anası X11 hər ayın 27-dən növbəti ayın 5-ə kimi 300 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, həm iddiaçı, həm cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir, İddiaçı 1100 manat, Cavabdeh isə 2000 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.1-ci maddəsinə müvafiq olaraq, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici istənilən şəxsin deyil, məhz «aliment almaq hüququ olan şəxs»in …… «aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq» ….. ərizə ilə müraciət etmək hüququna malik olduğunu qeyd etmişdir. Bu mənada məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.1-ci maddəsində nəzərdə tutulmuş iddiaçının aliment almaq hüququ həmin Məcəllənin 75.4-cü maddəsinin tələbləri baxımından nəzərdən keçirilərək qiymətləndirilməli və valideynin uşaqları saxlamadığı müəyyən edildiyi an həmin hüququn yaranması anı kimi qiymətləndirilməlidir. Maddənin dispozisiya şərtində göstərilən «aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq» ifadəsi isə belə hüququn yarandığı andan sonrakı istənilən dövrü nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin uşaqlarını saxlaması işin mübahisələndirilməyən halı olduğu təqdirdə, iddiaçının Ailə Məcəlləsinin 75.4-cü maddəsi kontekstində aliment almaq hüququ yaranmamışdır. Belə ki, iddiaçı cavabdehlə birgə nikahından olan bir yaşlı uşaqların ehtiyaclarının “yemək, pampers və geyim”dən ibarət olmasını qeyd etmiş, cavabdehin uşaqları saxlamasını qəbul etmiş, lakin uşaqların ehtiyaclarının tam olaraq ödənməməsini göstərmişdir. Ödənməyən ehtiyacların isə nədən ibarət olmasını iddiaçı məhkəmə qarşısında əsaslandıra bilməmişdir. Halhazırda cavabdehin bütün tutulmalar çıxıldıqdan sonra əlində qalan əmək haqqının onsuz da ailəsinə xərcləndiyini iddiaçı inkar etmir. Həmin məbləğin də cavabdehin dediyi kimi, 1200-1300 manat olduğu halda belə bir yaşında olan iki sağlam uşağın ehtiyaclarının ödənilməsinə kifayət etmədiyi ağlabatan deyil. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Hazırkı vəziyyətdə həm iddiaçının, həm cavabdehin işləyərək yüksək əmək haqqı alması uşaqların yaşayış minimumundan artıq məbləğdə belə saxlanılmaq imkanının olmasına dəlalət edir. Eyni zamanda məhkəmə iddia ərizəsinin “uşaqların ananın yanında saxlanılması” hissəsinin də təmin olunması üçün əsas görmür. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı, cavabdeh və onların iki uşağı bir ailə olaraq yaşayır, birgə təsərrüfat aparır, hər iki valideyn uşaqların maddi və mənəvi cəhətdən saxlanılmasında iştirak edir, nikahın pozulması barədə iddia ərizəsi məhkəməyə verilməmiş və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan da göründüyü kimi, onların belə bir niyyətləri yoxdur. Qanunvericiliyin tələblərinə görə isə məhkəmə məhz boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar