Məhkəmə qərarları › İş №2(001)-5891/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5891/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5891/2023 14.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 07 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ərizə verilən gündən hər ay 2022-ci il üçün təyin olunmuş uşağın yaşayış minimumu 193 manat, onun üçün isə uşaq 3 yaşına çatanadək 100 manat olmaqla, cəmi 293 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır. Həmin sazilə tərəflər razılaşmışlar ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5691/2022 saylı qətnaməsinə əsasən tutulan 193 manat sabit pul məbləğində aliment artırılaraq 220 manat məbləğində müəyyən edilsin. 220 manat məbləğində aliment məbləği Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən(avqust ayı daxil olmaqla) hər ay(həmin ayın 10-na dək) İddiaçı bank hesabına ödənilməlidir. Eyni zamanda tərəflər öz aralarında olan nikahın ləğv edilməsinə razı olduqlarını göstərmişlər. Hazırda iddiaçının eyni məsələ ilə bağlı tələbi anlaşılan olmamışdır. Belə ki, ailə qanunvericiliyi tərəflərin alimentlə bağlı mübahisələrinin məhkəmədən kənar, bağlanmış sazişlə həll edilməsinin mümkünlüyünü təsbit etmiş və mübahisə olmadığı halda həmin məsələyə məhkəmə qaydasında baxılmasını istisna etmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə xüsusi icraat qaydasında və barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda baxılır. Lakin iddia ərizəsindən müəyyən edilir ki, iddiaçı ümumiyyətlə barışıq sazişinin mövcudluğunu nəzərə almamış və sanki alimentin eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə nail olmağa çalışmışdır. Nəticə etibarı ilə iddiaçı tərəflər arasında barışıq sazişinin bağlanmasına və aralarında olan mübahisənin artıq həll edilməsinə baxmayaraq, məhkəməyə eyni məsələ ilə bağlı tələb irəli sürmüşdür. Halbuki Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbi baxımından alimentin məhkəmə qaydasında tutulması o vaxt mümkündür ki, tərəflər arasında bu barədə saziş yoxdur. Bundan əlavə əgər tərəflərdən biri mediasiya prosesində bağlanmış barışıq sazişinin icrasından yayındıqda bununla bağlı barışıq sazişinin təsdiq edilməsinə dair icraat qaydasında(MPM 355-23-26) ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar