Məhkəmə qərarları › İş №2(001)-591/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-591/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-591/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi, birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi, birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi, birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən fevral-iyun ayları (5 ay) üçün ödənilmiş məbləğin yarısının, yəni 2685 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması,13 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən qalıq kredit borcunun ½ hissəsinin, yəni 9655.00 manatın cavabdehə aid edilməsi, 09 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən fevral-iyun ayları (5 ay) üçün ödənilmiş məbləğin yarısının, yəni 122.90 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, 09 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq kredit borcunun ½ hissəsinin, yəni 442,44 manatın cavabdehə aid edilməsi, iddiaçı tərəfindən ödənilmiş borc məbləğinin yarısının, yəni 4300.00 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, həmçinin birgə nikah dövründə əldə edilmiş qızıl-ziynət əşlarının dəyərinin yarısının, yəni 4300.00 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, birgə nikah dövründə qurulmuş ailə biznesinin və onunla bağlı əşyaların satılmasından əldə edilən gəlirin yarısının, yəni 2500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi və birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü” tələbinə dair iddia üzrə 2(001)- 4602/2024 saylı mülki işdən “birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi və birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü” tələbi ayrıca icraata ayrılmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan övladları olmamışdır. İlk vaxtlar münasibətləri normal olsa da sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. 2024-cü ilin fevral ayından etibarən faktiki olaraq ayrı yaşayırlar, ailə münasibətləri tamamilə pozulmuşdur. Birgə nikah dövründə onun tərəfindən iki dəfə (xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixdə) ailə ehtiyacları üçün kredit götürülmüşdür. 13 dekabr 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən götürülmüş ümumi kredit məbləği 30000 manat təşkil etmişdir. Tərəflər faktiki olaraq 2024cü ilin fevral ayından ayrılmışlar və ayrı yaşayırlar. Bu dövrdə onun tərəfindən fevral-iyun ayları (5 ay) üçün aylıq 1074 manat, ümumilikdə 5370 (5 ay x 1074) manat ödənilmişdir. Hesab edir ki, həmin ödənilmiş məbləğin yarısı, yəni 2685 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin bundan sonra qalıq kredit borcunun ½ hissəsi, qalıq ümumi 19310 manat məbləğində borcun yarısı, yəni 9655 manat qalıq borc cavabdehə aid edilməlidir. 09 yanvar 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş kredit məbləği 1400 manat təşkil etmişdir. Tərəflər faktiki olaraq ayrıldıqları dövrədək (2024-cü ilin fevral ayınadək) iddiaçı tərəfindən fevral-iyun ayları (5 ay) üçün aylıq 49.16 manat, ümumilikdə 245.80 (5 ay x49.16) manat ödənilmişdir. Hesab edir ki, həmin ödənilmiş məbləğin yarısı, yəni 122.90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin bundan sonra qalıq kredit borcunun ½ hissəsi, qalıq ümumi 884.88 manat məbləğində borcun yarısı, yəni 442.44 manat qalıq borc cavabdehə aid edilməlidir. Bundan başqa ailə ehtiyacları üçün Cavabdeh tərəfindən 8600 manat əl borcu götürülmüşdür. Tərəflər faktiki olaraq ayrıldıqdan sonra cavabdeh və onun qardaşı ondan təkidlə borc aldıqları şəxsə borcu qaytarmasını xahiş etmiş, o da onların bu xahişini yerinə yetirmiş və iki hissədə xx.xx.2024-cü il tarixdə 5000 manat, sonra isə xx.xx.2024-cü il tarixdə 3600.00 manat olmaqla, ümumilikdə 8600 manat göndərərək bütün borcu bağlamışdır. Lakin onun bu humanist jestinə qarşı tərəf əksinə bu günə kimi həmin pulu ödəməməklə vicdanlı davranış sərgiləməmişdir. Hesab edir ki, həmin ümumi məbləğin yarısı, yəni 4300 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin birgə nikah dövründə iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayında ümumi dəyəri 2370 manat olan qızıl-zinyət əşyaları alınmışdır (585 əyarlı, 13.05 qram, dəyəri 1180 manat olan braslet, 585 əyarlı 7.35 qram, dəyəri 660 manat olan üzüm model sırğa, 585 əyarlı, 5.80 qram, dəyəri 530 manat olan üzük). Həmin qızıl-zinyət əşyaları cavabdehdədir. Hesab edir ki, həmin qızıl-zinyət əşyalarının dəyərinin yarısı, yəni 1185 manat cavabdehdən onun xeyrinə ödənilməlidir. Bununla bağlı sübutlar məhkəmənin hazırlıq iclasında disk formatında təqdim ediləcəkdir. Daha sonra onun tərəfindən götürülmüş kredit hesabına dekorasiya işləri ilə bağlı ailə biznesi qurulmuşdur. Bu biznesi tərəflər birgə idarə etmişlər. Tərəflər faktiki ayrıldıqdan sonra biznes cavabdehdə qalmış və cavabdeh bu biznesi tərəflər faktiki olaraq ayrıldıqdan sonra müəyyən əşyaları ilə birgə hazır bisnes kimi 5000 manata satmışdır. Hesab edir ki, həmin məbləğin yarısı, yəni 2500 manat da cavabdehdən onun xeyrinə ödənilməlidir.

4. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq 13 dekabr 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 2024-cü ilin fevral ayından 2025-ci ilin mart ayınadək ödənilmiş məbləğin yarısının, yəni 6277 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, 13 dekabr 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən qalıq kredit borcunun ½ hissəsinin, yəni 7080 manatın cavabdehə aid edilməsi, 09 yanvar 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 2024-cü ilin fevral ayından kredit bitənədək ödənilmiş 1130 manat məbləğin yarısının, yəni 565 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş borc məbləğinin (əl borcunun) yarısının, yəni 4300 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, birgə nikah dövründə əldə edilmiş qızıl-ziynət əşyalarının dəyəri 2370 manatın yarısının, yəni 1185 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, birgə nikah dövründə qurulmuş ailə biznesinin və onunla bağlı əşyaların satılmasından əldə edilən gəlirin yarısının, yəni 2500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Bundan başqa iddiaçı bildirdi ki, iddiaçının cavabdehin borcunun onun tərəfindən ödənilməsi, qızıl-zinyət əşyalarının alınması “Whatsapp” yazışmalarında qeyd olunmuşdur, ailə biznesinin satılması isə cavabdehin “İnstaqram” sosial şəbəkəsində öz əksini tapmışdır. Bundan əlavə iddiaçının sübütu yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, "xxxx" ASC-dən 30.000 manat pul götürülsə də həmin pulun çox hissəsi iddiaçının birgə nikahdan öncə olan borclarına ödənilmişdir. Ödəniş birbaşa bank tərəfindən həyata keçirilib və tərəflər bankdan 5000-6000 manat pulla çıxmışlar. Qızıl-zinət əşyalarına münasibətdə cavabdeh bildirir ki, onlar birgə nikah dövründə qızıl almamışlar. Cavabdehdə olan qızıllar yalnız nikah zamanı hədiyyə qismində verilmiş qızıllardır. Əlavə olaraq da cavabdeh kreditlə bağlı bildirir ki, hər ay o özü kart hesabından 1074 manat ödəniş etmişdir. Daha sonra qeyd etdi ki, cavabdehin hər hansı bir şəxsə borcu olmamış və iddiaçı tərəfindən ödənilməmişdir. Əksinə iddiaçının özünün borcu olmuşdur. Bundan başqa qeyd etmişdir ki, onların hər hansı bir ailə biznesi olmamış və cavabdeh tərəfindən satılmamışdır. “İnstaqram” sosial şəbəkəsində qeyd edilən ailə biznesinin satılması barədə elanı isə tanışlarının xahişinə əsasən öz səhifəsində yerləşdirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Mülki işin materialları:

7. İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00626 saylı arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirak etmişlər və Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin İddiaçı və etibarnamə üzrə nümayəndəsi Vəkil1 mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4602/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Aslanlı (Dadaşova) Fatimə Əli qızı arasında xx.xx.2022-ci il tarixdə 215 №-li akt qeydi ilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

9. "xxxx" QSC-nin 113130 nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə İddiaçı 30.000 manat məbləğində istehlak krediti verilmişdir. xx.xx.2022-ci il tarixdə həmin məbləğ "xxxx" QSC-nin Bakıxanov filialında nağd qaydada məxaric edilmişdir.

10. xx.xx.2022-cü il tarixli, 008A********** nömrəli kredit müqaviləsinin ödəniş planından görünür ki, cavabdeh İddiaçı 36 ay müddətinə aylıq 1.4167 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmiş, İddiaçı isə həmin krediti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 1074 (sonuncu ay üçün 1052,66) manat kredit ödənişi etməyi öz üzərinə götürmüşdür.

11. Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 008A**********SA nömrəli sazişdən görünür ki, İddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2022ci il tarixli, 008A********** nömrəli Pərakəndə (nağd) kredit barədə müqavilə üzrə götürdüyü kreditin qalığı və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2025-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir.

12. xx.xx.2025-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh İddiaçı 12711,61 manat məbləğində qalıq kredit borcu 21 ay müddətinə restruktizasiya edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EE000809828 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh İddiaçı 36 ay müddətinə illik 15.9 faiz dərəcəsi ilə 1400 manat məbləğində kredit verilmiş, İddiaçı isə həmin krediti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-ci il tarixədək hər ay 49.16 (sonuncu ay üçün 48.69) manat kredit ödənişi etməyi öz üzərinə götürmüşdür.

14. "xxxx" ASC tərəfiindən verilmiş 943 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC qarşısında olan 1400 manat məbləğində kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir.

15. “İnstagram” sosial şəbəkə hesabından görünür ki, Fatimə adlı şəxs dekorasiya işləri ilə bağlı (50 nəfərlik masa dəsti və dekor) biznesi 5000 manata satışa qoymuşdur.

16. Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024cü il tarixdə 3600.00 manat olmaqla, ümumilikdə 8600 manat 416973******8624 kart nömrəsi hesabına ödənişlər edilmişdir.

c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. İddia tələbini araşdıran məhkəmə aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

19. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

20. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

21. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

22. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

23. 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

24. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

25. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

26. Ər-arvadın ümumi öhdəlikləri ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının: 6.39-cı bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

27. Müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, 2024-cü ilin fevral ayından faktiki ayrılmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4602/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin nikahı pozulmuşdur.

28. İş materiallarından göründüyü kimi İddiaçı istehlak məqsədləri üçün xx.xx.2022cü il tarixdə 36 ay müddətinə aylıq 1.4167 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı 36 ay müddətinə illik 15.9 faiz dərəcəsi ilə 1400 manat məbləğində kredit verilmişdir. Həmin kreditlərin götürülməsi iddiaçı ilə cavabdehin birgə nikah dövründə baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

29. Müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq ayrıldıqları vaxtdan, yəni 2024-cü ilin fevral ayından 2025-ci ilin mart ayınadək kreditlər üzrə ödənişlər etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş xx.xx.2022-cü il tarixli, 008A********** nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 12554 manat məbləğin yarısı, yəni 6277 manat, həmçinin xx.xx.2023-cü il tarixli, EE000809828 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 1030 manat məbləğin yarısı, yəni 565 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilməlidir.

30. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının iddia tələbi qalıq kredit məbləğlərinin yarısının cavabdehə aid edilməsi tələbinə dair hissəsi əsassız olduğu üçün təmin edilməməlidir.

31. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin təlıəblərinə görə ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər.

32. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının bölgüsünü xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının məhkəməyə qızıl-zinyət əşyaları ilə bağlı təqdim etdiyi şəkillərdə iddia ərizəsində göstərdiyi 585 əyarlı, 13.05 qram, dəyəri 1180 manat olan braslet, 585 əyarlı 7.35 qram, dəyəri 660 manat olan üzüm model sırğa, 585 əyarlı, 5.80 qram, dəyəri 530 manat olan üzük öz əksini tapmamışdır, yəni iddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı ümumiyyətlə həmin qızıl-zinyət əşyalarının mövcudluğu, dəyəri, alınması və onların cavabdehdə qalmasına dair məhkməyə hər hansı bir sübut təqdim etməmiş, iddiasını bu hissədə əsaslandıra bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

33. Məhkəmə iddia tələbinin birgə nikah dövründə qurulmuş ailə biznesinin və onunla bağlı əşyaların satılmasından əldə edilən gəlirin yarısının, yəni 2500 manatın cavabdehdən tutulmasına dair hissəsi ilə əlqədar olaraq qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını bu hissədə əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi ailə biznesinin mövcudluğu, tərəflərə məxsus olması, satılması, gəlir əldə olunması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Cavabdehin “İnstaqram” səhifəsində hər hansı bir elanın yerləşdirilməsi həmin biznesin tərəflərə məxsus olması və satılaraq gəlir əldə edilməsi hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

34. Bundan başqa iddiaçı cavabdehdən onun borcuna görə ödədiyi 8600 manat pulun yarısının, yəni 4300 manatın da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı iddiasını bu hissədə də əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı cavabdehin kimdən borc alması, onun kimə borc qaytarması və s. barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də iddiaçı buna dair “Whatsapp” yazışmalarının olduğunu qeyd etsə də həmin yazışmalardan cavabdehin kimdənsə borc almasına dair heç bir qeyd yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

35. Məhkəmə eləcə də qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən bankdan 30.000 manat pul vəsaiti götürülsə də həmin pulun onun nikahdan qabaq olan borclarının ödənilməsinə sərf edilməsinə dair dəlili öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, tələb edilmədiyinə görə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 41.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

42. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

43. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

44. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

45. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə iddiaçının adına xx.xx.2022-cü il tarixli, 008A********** nömrəli kredit müqaviləsi üzrə götürülmüş kreditin ödənilmiş hissəsinin yarısı, yəni 6277 manat, həmçinin xx.xx.2023-cü il tarixli, EE000809828 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş kredit məbləğinin yarısı, yəni 565 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit borcunun yarısının cavabdehə aid edilməsi, birgə nikah dövründə əldə edilmiş qızıl-zinyət əşyalarının və gəlirin bölgüsü” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh birgə nikah dövründə iddiaçının adına xx.xx.2022-cü il tarixli, 008A********** nömrəli kredit müqaviləsi üzrə götürülmüş kreditin ödənilmiş hissəsinin yarısı, yəni 6277 manat, həmçinin xx.xx.2023-cü il tarixli, EE000809828 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş kredit məbləğinin yarısı, yəni 565 manat, cəmi 6842 (altı min səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq iddaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar