Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5912/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə 06 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz C200” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyərinin üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər 18 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah münasibətlərində olduqları dövrdə cavabdeh “Mercedes Benz C200” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasn, tərəflər arasındakı nikah pozulmuş, sonradan Cavabdeh iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini xahiş etmiş, həmin məhkəmə iclaslarında Cavabdeh hazırki iddia ərizəsidə göstərilən avtomobili qəsdən gizləmiş, nəticədə məhkəmə qətnaməsində həmin avtomobil göstərilməmişdir. Cavabdeh həmin avtomobili 29 oktyabr 2020-ci il tarixdə öz bacısıoğlu X4 adına rəsmiləşdirmiş, lakin əvvəlki qaydada həmin avtomobillə etibarnamə əsasında taksi fəaliyyətini davam etdirir. 29 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsində avtomobilin dəyəri kimi 8000 manat göstərilmişdir. İddiaçı hesab edir ki, avtomobilin özgəninkiləşdirilməsindən əldə edilmiş pul vəsaitində onun da payı müəyyən edilməlidir. Sonda H.İ.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, avtomobilin satışından pul əldə etməmiş, belə ki, iddiaçı ilə birgə nikah dövründə onun öz bacısına borcu olmuş, sonradan həmin borcdan bir qismini sözügedən avtomobillə əvəzləşdirmiş, buna görə müqavilədə 8000 manat qeyd olunmuşdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh 18 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin qətnamə ilə aralarındakı nikahın pozulması qərara alınmışdır. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200 CDİ” minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 may 2017-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. - nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 oktyabr 2020-ci il tarixdə 8000 manata X1. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşin müəyyən edilən hallarına əsasən tərəflər 18 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonra, birgə nikah münasibətlərində olduqları dövrdə 2017-ci ildə iddia tələbində göstərilən avtomobili almışlar, avtomobil cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasındakı nikah pozulanadək avtomobil cavabdeh tərəfindən 8000 manata özgəninkiləşdirilsə də, məhkəmə iclasında cavabdeh izahatında avtomobilin özgəninkiləşdirilməsindən pul əldə etmədiyini, avtomobili bacısına olan borcunu əvəzləşdirmək üçün verdiyini göstərsədə buna dair heç bir sübut təqdim edilməmişdir. Yəni, müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş avtomobil birgə nikah dövründə özgəninkiləşdirilsə də, birgə mülkiyyət hesab edilən həmin əmlakın özgəninkiləşdirilməsindən birgə mülkiyyətçi olan iddiaçı pay almamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 19 may 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış "Mercedes Benz C200 CDİ" minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı avtomobilin satış dəyərinin (8000 manat) 1/2 hissəsi üzərində İddiaçı pay hüququ tanınmalıdır. İddia təmin edildiyindən onun verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19 may 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış "Mercedes Benz C200 CDİ" minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı avtomobilin satış dəyərinin (8000 manat) 1/2 hissəsi üzərində İddiaçı pay hüququ tanınsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5912/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5912/2021
06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver