Məhkəmə qərarları › İş №2(001)-5924/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5924/2021

19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5924/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 29 dekabr 2018-ci il tarixdə el adəti ilə dini kəbinə daxil olmaqla ailə həyatı qurmuşlar. 23.12.2018-ci il tarixdə qız toyu və 30.12.2018-ci il tarixdə oğlan toyu olmuşdur. Faktiki nikahlarından 21 noyabr 2019-ci il təvəllədlü X2 adlı bir övladları dünyaya gəlmişdir. Faktiki nikah münasibətləri dövründə 2019-cu ilin son aylarından etibarən iddiaçı cavabdeh tərəfindən dəfələrlə döyülüb-söyülərək ata evinə qovulmuşdur. Müəyyən müddətdən sonra cavabdeh iddiaçının valideynlərinin yanma gələrək dəyişdiyini, bu kimi hallara bir daha yol verməyəcəyini, iddiaçının atasınaa yalvar-yaxar edərək iddiaçını onunla birgə yaşadıqları mənzilə aparmışdır. İddiaçının valideynləri ailənin dağılmaması üçün onun kobud davranışlarına dözərək hər dəfə iddiaçını “o cəhənnəmin” içinə göndərmişlər. Sonuncu dəfə, yəni 06 yanvar 2021-ci il tarixdə cavabdeh verdiyi sözlərə əməl etməyərək iddiaçını və valideynlərini yenidən etik qaydalara sığmayan küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Onun sonuncu hərəkətləri dözülməz və qəbul olunmazdır. Cavabdehin etdiyi zorakılıqlara davam gətirə bilmədiyi üçün iddiaçı atasına zəng edərək onu həmin evdən aparmasını xahiş etmiş və atası Allahverdi Bəşirov gəlib onu öz mənzilinə aparmışdır. Qeyd olunanlara əsasən iddiaçı 21 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat və uşaq 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində, ümumilikdə 400 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21.11.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi 16.07.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “uşaq 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində alimentin tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Maddənin məzmunundan göründüyü kimi, qeyd olunan tələbin irəli sürülməsi üçün tərəflər arasında mövcud olan nikah pozulmalıdır. Hazırkı işin materiallarından göründüyü kimi, tərəflər arasında nikah bağlanmamış, onlar "faktiki nikah münasibətlərində" olmuşlar. Belə olan halda iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün subyektiv hüququ mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16.07.2021-ci il tarixdən başlayaraq 21.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 16.07.2021-ci il tarixdən başlayaraq 21.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar