Məhkəmə qərarları › İş №2(001)-602/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-602/2022

26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-602/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməklə 16 iyul 2012-ci il təvəllüdlü X2 “British School in Baku” məktəbində oxuması üçün tərəfindən ödənilmiş 10.000 manat illik təhsil haqqı və 650 manat depozitin, cəmi 10.650 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 22 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 16 iyul 2012-ci il tarixdə X5 dünyaya gəlmişdir. 06 iyun 2014-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4869/2014 saylı qətnaməsi ilə cavabdehlə arasındakı nikah münasibətlərinə xitam verilmiş və X2 onun himayəsində qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aylıq 170 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hal-hazırda uşağı üçün 170 manat sabit pul məbləği kifayət etmir və bu səbəbdən də o, məhkəməyə valideynin əlavə xərclərdə iştirakı tələbinə dair yeni iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, o, övladının normal şəraitdə böyüməsi, təhsil alması onun və qarşı tərəfin bir valideyn kimi borcudur. Bu səbəbdən də övladının atası çəkilən əlavə xərcləri öz öhdəsinə götürməlidir. Belə ki, uşağın saxlanması xərcləri günü-gündən çoxalır. Cavabdeh məhkəmə tərəfindən müəyyən edilən aliment məbləğini belə vaxtı-vaxtında ödəmir. O, cavabdehdən uşaqlarının saxlanması üçün çəkilmiş əlavə xərclərin ödənilməsi üçün onun da bir valideyn kimi köməklik göstərməsini tələb edəndə imtina edir və heç bir köməklik göstərə bilməyəcəyini deyir. Lakin onun təkbaşına uşağın saxlanması üçün çəkilmiş xərcləri ödəməyə imkanı çatmır. Cavabdehlə boşandığı gündən bəri cavabeh uşaqla maraqlanmamış, uşağın bütün xərclərini indiyə qədər o, ödəmişdir. Bəllidir ki, uşağın yaşı artdığından maddi tələbatları da artmışdır və belə olan halda uşaqlarına dair bütün öhdəlikləri və maddi xərcləri ancaq o qarşılamaqda xeyli çətinlik çəkir. 2021-2022-ci il tədris ili üçün oğullarını təhsil alması ilə bağlı “British School in Baku” məktəbinə yazdırmışdır və 650 manat məktəbin qeydiyyat ödənişi və depozit ödənişini ödəmişdir. Sözgüdən məktəbin illik ödənişi hal-hazırda 10.000 manat təşkil edir. 17 avqust 2021-ci il tarixdə məktəbin illik ödənişini etmişdir. Hesab edir ki, oğulları təhsilinin inkişafı məqsədi ilə “British Shool in Baku” məktəbinə ödədiyi məbləğin yarısının cavabdeh tərəfindən ödənilməsi onun valideyn kimi borcudur. Həmçinin qeyd edir ki, mübahisənin mediasiya qaydasında həll olunması məqsədilə qarşı tərəfə mediasiya prosedurunda iştirakı üçün təklif məktubu göndərilsə də, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, uşaq ümumiyyətlə hazırda atasını tanımır. Belə ki, cavabdeh şəxs bir ata kimi öz öhdəliklərini yerinə yetirmir, uşaqla maraqlanmır, onun qayğısı ilə məşğul olmur, maddi tələbatlarını isə ümumiyyətlə ödəmir. O, uşağına təkbaşına baxır, onun yaxşı təhsil alması üçün çalışır. Hesab edir ki, uşağın atası da yəni cavabdehdə uşağın təhsilində maddi yardım göstərməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 12844647 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 16 iyul 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdir. AZ-İ seriyalı, 191961 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah 31 iyul 2014-cü il tarixdə ləğv edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə, “Renessans Palace” yaşayış kompleksində 823 saylı mənzildə yaşayır. “BSB” X7 Məktəbi ilə İddiaçı arasında bağlanmış 10 iyun 2021-ci il tarixli təhsil müqaviləsindən görünür ki, bu müqavilənin predmeti “BSB” X7 Məktəbinin Beynəlxalq istiqamətinin year 5 sinfinə, şagird kontigentinə qəbul edilmiş X3 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla, məktəbin tərtib etdiyi və müvafiq qaydada Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil edilməsi müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında “BSB” X7 Məktəbinə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. 10 iyun 2021-ci il tarixli təhsil müqaviləsinə əlavədən görünür ki, təhsil alanın valideyni İddiaçı 2021/2022 tədris ili üçün 12.000-2.000=10.000 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. 10 iyun 2021-ci il tarixli təhsil müqaviləsinə əlavədən görünür ki, müqavilə imzalanarkən anket rüsumu üçün 50 manat, qeydiyyat rüsumu üçün 100 manat, geri qaytarılan depozit – 500 manat ödənilməlidir. Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 24 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 02 oktyabr 2018-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmişdir. İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətindən olan hesabdan çıxarışından görünür ki, 11 iyun 2021-ci il tarixdə “BSB” X7 Məktəbinin hesabına 650 manat məbləğində vəsait köçürülmüşdür. 17 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “BSB” X7 Məktəbinin hesabına 1.000 manat məbləğində vəsait köçürülmüşdür. 24 sentyabr. 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “BSB” X7 Məktəbinin hesabına 1.000 manat məbləğində vəsait köçürülmüşdür. 25 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında nikah münasibətlərindən 16 iyul 2012-ci il tarixdə X5 anadan olmuşdur. 31 iyul 2014-cü il tarixdə tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahından olan uşaqları iddiaçının yanında qalması müəyyən edilmiş və onun saxlanması üçün 170 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı birgə nikahlarından olan uşaqlarının “British Shool in Baku” məktəbində təhsil aldığını bildirirək, cavabdehin əlavə xərclərə cəlb edilməsini, təhsillə əlaqədar 650 manat depozit və 10.000 manat illik təhsil haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü və 58.5-ci maddələrinə görə valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, iddiaçı əlavə xərc tələbinin faktiki əsası kimi övladının “BSB” X7 Məktəbində ödənişli əsaslarla təhsil almasını, bunun üçün də vəsaitin lazım olduğunu bildirsə də, lakin valideynin əlavə xərclərə cəlb olunmasının hüquqi əsası olan Ailə Məcəlləsinin 81-ci maddəsində təhsil xərcləri nəzərdə tutulmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu qənəatə gələrkən həmçinin onu da nəzərə almışdır ki, “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.23-cü maddəsinə əsasən dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Yəni, dövlət iddiaçıya uşağının dövlət təhsil müəssisələrində ödənişssiz təhsil alması hüququnu versə də, iddiaçı övladının ödənişli əsaslarla təhsil almasını öz mülahizəsinə uyğun olaraq seçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar